22 iyun 2012-ci il. Malatya hərbi bazasından qalxan F4 tipli reaktiv təyyarə təkbaşına, silahsız və tanıtma sistemi açıq olduğu halda, Suriya tərəfindən xəbərdarlıqsız vuruldu. 2 türk əsgərinin həyatını itirdiyi bu hadisə qarşısında Türkiyə Silahlı Qüvvələri Suriyaya qarşı anqajman qaydalarını dəyişdirdi. Yeni qaydalara görə, Suriya tərəfindən Türkiyə sərhədinə yaxınlaşan hər hansı bir hərbi vasitə təhlükə mənbəyi kimi qəbul ediləcək və müvafiq şəkildə rəftar ediləcəkdi.1
Yeni qaydalar dərhal tətbiq edilməyə başlandı. 3 oktyabr 2012-ci ildə Türkiyə ərazisinə düşən və 5 vətəndaşımızın ölümünə səbəb olan top mərmisinə anında cavab tədbirləri həyata keçirildi, sərhədə yaxınlaşan qırıcı təyyarələr lazımi xəbərdarlıqlarla geri püskürdüldü. Xəbərdar edilən bu qırıcılardan dördü Rusiyaya məxsus idi.
Ötən günlərdə Suriyada türkmən bölgələrinə qarşı həyata keçirilən hava hücumları zamanı bu sərhəd pozuntularının sayı olduqca artmışdır. Bunlar birbaşa olaraq ictimaiyyətə açıqlanmamış, ancaq rus hərbi rəsmilərlə keçirilən yüksək səviyyəli görüşlərdə nümayəndə heyətlərinin önündə bildirilmişdir.2 3-4 oktyabr tarixlərində Rusiya təyyarələrinin yenidən Türkiyə hava məkanını pozması nəticəsində Rusiyanın Ankaradakı səfiri Andrey Karlov Xarici işlər nazirliyinə çağırılmış və ona anqajman qaydaları xatırladılmışdır.
24 noyabr çərşənbə günü baş verən hadisədə isə türk rəsmiləri xəbərdarlığın 15 mildən etibarən edilməyə başlandığını, xəbərdarlığın hər 2 mildə bir təkrarlandığını, ancaq təyyarənin bu xəbərdarlıqları nəzərə almadığını bildirdilər. Həmin gün Türkiyənin çağırışı ilə növbədənkənar toplanan NATO "Əlimizdə olan məlumat digər müttəfiqlərin məlumatı ilə üst-üstə düşür və Türkiyənin məlumatlarının doğru olduğunu göstərir"3 açıqlamasını verərkən, ABŞ-ın keçən həftə Türkiyə hava məkanını qorumaq üçün göndərdiyi F15-in də bu hadisəyə şahid olduğu bildirildi. ABŞ həmin pozuntunu və Türkiyə tərəfindən edilən xəbərdarlıqları rəsmi məktubla BMT-yə təqdim etdi.4
Türkiyə Baş Qərargah rəisi ilk açıqlamasında "milliyyəti məlum olmayan təyyarə" deyərək Rusiyanın hədəf alınmadığını açıq şəkildə bildirdi. Türkiyə prezidenti isə "Biz buna şahid olmaq istəmərik, amma belə bir vəziyyətlə qarşı-qarşıya buraxılmanın təəssüf ki, iztirabını yaşayırıq" deyə açıqladı.
Bir qisim analitiklər bu vəziyyətin Türkiyənin, Rusiyanın türkmənlərə qarşı Suriyada həyata keçirdiyi hava hücumlarından narahatlığını bildirmək üçün etdiyini iddia etsələr də, bunun etibarlı zəmini yoxdur. Rusiya təyyarələrinin türkmən bölgələrini hədəf alması Türkiyə üçün, əlbəttə, çox narahatlıq vericidir. Hədəf alınan rayonların bir hissəsi radikal qrupların olmadığı, dinc əhalinin yaşadığı bölgələrdir. Belə ki, Türkiyə bu hadisədən sonra yenidən böyük qaçqın axını ilə qarşılaşmışdır. Amma bu məsələdə diplomatik cəhdlər edilmiş, Türkiyə Rusiyaya narahatlıqlarını çatdırmış, ən son 21 noyabrda keçmiş Xarici işlər naziri Firudin Sinirlioğlu ABŞ Dövlət Katibi Kerri ilə birlikdə Lavrova zəng edərək sərhəd pozuntuları və türkmən hücumları məsələsinə diqqət çəkmişdir. Baş nazir Davudoğlu isə məsələni BMT Təhlükəsizlik Şurasında qaldıraraq lazımi tədbirlərin alınmasını tələb etmişdir.5
Rusiya kimi dost bir ölkəyə təyyarə vurmaqla cəbhə almaq Türkiyənin əsla etməyəcəyi bir şeydir. Bundan da əlavə bunun nəticələri gözə alına bilməyəcək qədər böyükdür.
Bu səbəbdən yaranmış vəziyyət cəza yox, anqajman qaydalarının bir nəticəsidir.
Türkiyənin şimalda qarşıdurmaların davam etdiyi Ukrayna, cənubda isə alov burulğanı halına gəlmiş Suriya və qərginliyin heç azalmadığı İraqla əhatə edildiyi unudulmamalıdır. Çox yaxınlığındakı müharibəyə dünya dövlətləri daxil olub və Türkiyə sərhədi bu səbəbdən tez-tez alov xəttinə çevrilir. Sərhəd bölgəsi təkcə yaşayış yerlərinin yerləşdiyi bir sahə olmamaqla yanaşı, eyni zamanda qaçqınların məskunlaşma yerləridir. Türkiyənin uzun zamandır tələbi olan bufer zona isə ABŞ tərəfindən daima geri çevrilir və bu səbəbdən bu hücumlara məruz qalır. Türkiyənin öz sərhədinə qarşı həssas olması, şübhəsiz ki, çox aydın məsələdir.
Amma anqajman kimi nəticəsi ölüm olan, havadakı pilotları və qurudakı insanları təhlükəyə atan bir hərəkətin tərəfimizdən qəbul edilməsi mümkün deyil. Sərhəd təhlükəsizliyi, əlbəttə ki, vacibdir. Lakin bu məsələ üçün müxtəlif diplomatik yollardan istifadə etmək, fərqli həll yolları düşünmək lazımdır. Ölümə səbəb olacaq heç bir hadisə bu mənada tək seçim deyil və bu məsələdə mütləq fərqli bir strategiya tətbiq etmək lazımdır.
Bundan sonra atılacaq addımlara gəldikdə isə,
Rusiya prezidenti Putin güclü və sağlam düşüncəli bir şəxsiyyətdir. Türkiyə daima Putinin liderliyinə və dostluğuna güvənib. Türk xalqının gözləntisi bu hadisədə də Rusiya prezidentinin eyni sağlam düşüncə ilə yanaşmasıdır. Unudulmamalıdır ki, Rusiya və Türkiyə Ukrayna böhranı, Krım məsələsi, Suriya kimi məsələlərdə tamamilə əks istiqamətlərdə hərəkət etmələrinə baxmayaraq, qonşuluq, daha da əhəmiyyətlisi dostluq əlaqələrini heç vaxt pozmayıblar. Rus milləti və türk milləti bir bütündür. Bu səbəbdən onların arasına nifaq salacaq bəyanatlar vermək, "Türkiyə təhlükəlidir, getməyin" kimi xəbərdarlıqlar etmək bu xalqların çox alışdığı dostluq münasibətlərinə böyük ziyan vurur. Belə ki, Putinin hadisədən sonra sərt bəyanatlarına təkcə türklər deyil, moskvalı jurnalistlər də şok oldular. Gözlənilən təmkinlə qarşılaşmadılar.6 Yaxın Şərqdə Türkiyənin varlığı hər zaman onlar üçün böyük zəmanət olmuşdur. Bunu itirmək istəmirlər.
Türkiyə Rusiyanın, Rusiya da Türkiyənin dostluğunu itirmək istəmir. Buna görə də hadisələrin ən gərgin olduğu bu günlərdə qəzəbli çıxışlardan çəkinilməli, duyğusal ifadələrdən uzaq durulmalı, hər bir qəzəbli çıxışın sonradan bərpası mümkün olmayacaq, çox acı nəticələr verəcəyi unudulmamalıdır. Peşman olunacaq, aradakı dostluğu zədələyəcək, hətta dostluğu ədavətə çevirəcək heç bir söz deyilməməlidir. Sağlam düşüncəli liderlər bu məsələyə həssaslıqla yanaşmalı, xüsusən hadisələrin baş verdiyi ilk həftələri, mülayim mesajlar və diplomatik münasibətlərlə keçirməyə diqqət etməlidirlər.
Rusiyanın Qərb tərəfindən təcrid edilməsinə yönəlmiş bütün hiylələrə uzun zamandır qarşı qoymuş bir fikir insanı olaraq bu məsələdə Rusiya prezidentinin sülh yönümlü düşünəcəyinə və mütləq sevgi və qardaşlığı yüksək tutacağına inamım böyükdür. Rusiya-Türkiyə dostluğu bizim üçün əhəmiyyətlidir və bundan sonra da bu dostluğun inkişafı üçün cəhdlərim davam edəcək. Ancaq bu məsələdə vicdan və ağılla hərəkət edən liderlər dərin dövlətlərin çirkin planlarına alət olmamalı, sevgi və dostluğa önəm verən yanaşma içində olmalıdırlar. Dünyanın belə təşəbbüslərə ehtiyacı var və içində olduğumuz bu an məhz bu fədakarlığı göstərmək vaxtıdır.
1. https://en.wikipedia.org/wiki/Syrian%E2%80%93Turkish_border_clashes_(2012%E2%80%9314
2. http://www.yenicaggazetesi.com.tr/rus-ucaklarinin-ihlal-ler-inden-sonra-36391yy.htm
3. http://www.theguardian.com/world/2015/oct/06/nato-chief-jens-stoltenberg-russia-turkish-airspace-violations-syria
4. http://abcnews.go.com/International/wireStory/report-turkey-shoots-warplane-airspace-intrusion-35385774
5. http://www.reuters.com/article/2015/11/23/us-mideast-crisis-syria-turkey-idUSKBN0TC0GZ20151123
6. http://www.ozgurdusunce.net/soguk-dus-makale,50.html
Adnan Oktarın «Eurasia Review'də dərc edilən məqaləsi: