Rusiya və Türkiyə dostluqlarını qoruyub saxlamalıdırlar
ucgen

Rusiya və Türkiyə dostluqlarını qoruyub saxlamalıdırlar

856

Məlum olduğu kimi, ötən 3-4 oktyabr tarixlərində Rusiya hərbi təyyarələri Türkiyənin Suriya sərhədində dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, anqajman qaydalarını pozmuşdular. Buna baxmayaraq, Türkiyə beynəlxalq hüququn ona verdiyi müdaxilə hüququndan istifadə etməmişdi. Rus rəsmilərinin "hadisənin texniki səhvdən qaynaqlandığı" yönündəki açıqlamalarını qəbul etmiş, gərgin prosesi sülhyönümlü və sakitləşdirici yolla tarazlamışdı.

 

Bununla yanaşı, Rusiyanın Ankarada səfiri Andrey Karlov Xarici işlər nazirliyinə çağırılaraq ona anqajman qaydaları haqqında məlumat verilmişdi. Oxşar gərginliyin baş verməsinin qarşısını almaq və bölgədəki əməliyyatlar məsələsində qarşılıqlı anlaşma təmin etmək məqsədi ilə iki tərəfin nümayəndələri arasında danışıqlar aparılmış, Türkiyə və Rusiya nümayəndələri bu məsələlərdə qarşılıqlı əməkdaşlığa hazır olduqlarını ifadə etmişdilər.

 

Bütün bunlara baxmayaraq, 24 noyabr 2015-ci il tarixində rus hərbi təyyarəsi Suriya sərhədində Türkiyə hava məkanını yenidən pozdu. Bu səbəbdən  Türkiyə F-16-ları tərəfindən anqajman qaydaları çərçivəsində təyyarəyə müdaxilə etmək məcburiyyəti yarandı.

 

Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı tərəfindən hava məkanını pozan təyyarənin hadisə zamanı milliyyətinin qeyri-müəyyən olduğu ifadə edildi. Vurulan təyyarənin pilotunun 5 dəqiqə ərzində 30 saniyə intervalla 10 dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, xəbərdarlıqları eşitdiyi, ancaq məhəl qoymadığı bildirildi. Artıq texniki səhvlə açıqlanması mümkün olmayan bu pozuntudan sonra təyyarənin Sukhoi SU-4 tipli Rusiya hərbi təyyarəsi olduğu açıqlandı.

 

Rəsmi şəxslər yeni anqajman qaydalarına əsasən 10 mildən etibarən edilməli olan xəbərdarlığın, radarda müəyyən edilən təyyarənin Rusiya təyyarəsi olma ehtimalı nəzərə alınaraq xoş niyyətlə daha erkəndən, 15 mildən etibarən edilməyə başlandığını və hər 2 mildə bir təkrarlandığını bildirdi.

 

Türk pilotların Rusiya təyyarəsinə etdikləri xəbərdarlıqlara aid rəsmi qeydlər mediada əks olundu. ABŞ-ın Müdafiə Nazirliyi də türk təyyarələrinin sərhəd pozuntusu edən Rusiya təyyarəsinə dəfələrlə xəbərdarlıq etdiyini təsdiqlədi. ABŞ rəhbərliyindəki koalisiyanın nümayəndəsi polkovnik Stiv Uorren Bağdadda jurnalistlərə verdiyi açıqlamada, açıq kanallardan danışılan hər şeyi eşitdikləini söylədi. Hadisənin baş verdiyi ərazidəki bütün təyyarələri təqib edən texnologiyaları olduğunu qeyd edən Uorren radarlarında Rusiya hərbi təyyarəsini gördüklərini və hadisənin Türkiyə sərhədində meydana gəldiyini bildirdi.

 

Əlbəttə ki, bu cür xoşagəlməz hadisələr hər iki tərəfin də heç vaxt baş verməsini arzu etməyəcəyi növdən hadisələrdir. Türkiyənin başından etibarən pis niyyətli olmadığı, Rusiya hərbi təyyarələri tərəfindən bir neçə ay əvvəlki anqajman qaydalarının pozulması nəticəsində göstərdiyi ehtiyatlı və soyuqqanlı münasibəti onsuzda ortadadır. Ancaq bir ölkənin sərhəd təhlükəsizliyi pozulduqda beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edərək hava məkanını və torpaqlarını müdafiə hüququndan istifadə etmək qərarına da hörmət göstərilməlidir.

 

Böhranlar normaldır, amma ağıllı olan böhranı gərginləşdirmək deyil, sakitləşdirməkdir

 

Bu cür gərgin və həssas vəziyyətlərdə ən böyük vəzifə yenə ağıllı, uzaqgörən, sakitləşdirici liderlərə və rəhbərlərə düşür. Oxşar xoşagəlməz hadisələr hər zaman ölkələr arasında meydana gələ bilər. Əhəmiyyətli olan gərginliyin artmasına yol vermədən, problemlərin dinc yolla həll edilməsidir. Bu cür vasitələrlə müharibəni, münaqişəni qızışdıranlara qarşı da çox diqqətli olmaq lazımdır.

 

Türkiyənin tələbi ilə NATO Şurasının keçirdiyi fövqəladə toplantıda Baş katib Jens Stoltenberq Rusiya hərbi təyyarəsinin vurulması ilə əlaqədar olaraq, "Çox ciddi vəziyyət yaranıb, təzyiqi azaltmaq lazımdır. Təzyiqin azaldılmasına kömək etməliyik" deyə ifadə etdi. Stoltenbergin gərginliyi azaldılmasına çağıran sözləri nümunəvi davranışdır. Rusiya Xarici işlər naziri Sergey Lavrovun da ilk andakı "böhranı gərginləşdirmək niyyətində olmadıqlarını"  ifadə edən açıqlaması əlbəttə ki, sevindirici haldır.

 

Hadisədən sonra Ərdoğan və Obama arasında telefon danışığında da hər iki liderin oxşar hadisələrin baş verməsinin qarşısını almaq üçün lazımi tənzimləmələr etmək, gərginliyin azaldılmasının vacibliyi məsələsində həmfikir olduqlarını söylədikləri bildirildi. Lakin sonradan bəzi şəxslər tərəfindən konstruktiv olmayan bəyanatlar verildi. Buna baxmayaraq, ümidverici hadisələr də baş verdi və son olaraq Türkiyə xarici işlər nazirliyinin nümayəndəsi Tanju Bilgiç Xarici işlər naziri Mövlud Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışdığını və iki nazirin yaxın günlərdə bir araya gəlməsinin qərarlaşdırıldığını bildirdi.

 

Hər nə qədər təyyarə böhranındakı bəyanatlar anlıq dəyişsə də unudulmaması lazım olan bir həqiqət var:

 

Qarşılıqlı xoş niyyət, uzlaşma və razılıqla ağıllı şəkildə həll edilə bilən sadə hərbi və siyasi gərginliklər ucbatından qəzəb və intiqam hissləri ilə yaralayıcı sözlər sərf etmək, emosional davranmaq heç kimə fayda verməz. Əksinə, dönüşü olmayan, bərpası çətin itkilərə, siyasi, sosial və iqtisadi böyük zərərlərə yol açar. Milyonlarla əhalisi olan iki nəhəng cəmiyyəti bir-birinə düşmən halına gətirmək çox vicdansız və qeyri-insani bir hərəkət olar.

 

Rus və türk xalqları dövlətlər və ya hökumətlər arasındakı gərginliklər nə olursa-olsun, əsrlərdir köklü münasibətləri olan iki qardaş cəmiyyətdir. Bu növ hadisələr bu köklü, qədim dostluğu aradan qaldırmaz. Ancaq, hər iki cəmiyyətin fərdlərinin bu dostluq və qardaşlığın arasına nifaq toxumları səpməyə çalışan, ədavət, münaqişə, müharibə və qanla bəslənən dərin dövlət ünsürlərinin təxribatlarına qarşı ayıq-sayıq olmaları çox vacibdir.

 

Türkiyə, Rusiyanın bəzi Qərb cəmiyyətləri tərəfindən təcrid edilərək təklənməyə çalışıldığı bir dövrdə dostluq, qardaşlıq və qonşuluq əlaqələrini siyasi narahatlıqların üstündə tutaraq Rusiyanın yanında yer alıb. Rusiyaya hər yöndən cəbhə alan müttəfiqlərinin israrlarına baxmayaraq, Rusiya əleyhində olmayıb. Rusiya ilə, xüsusilə, yaxın dövrdə daha da inkişaf edən qarşılıqlı siyasi, sosial, iqtisadi və ticarət əlaqələrini davam etdirməkdə qətiyyətini qoruyub saxlayıb.

 

Bütün bu səbəblərə görə, hər iki ölkənin ağıllı, təcrübəli, humanist və sülh tərəfdarı liderləri cənab Putin və cənab Ərdoğanın bu həqiqətləri göz önünə alaraq yaxın günlərdə iki ölkə arasındakı təzyiqin azalması və əlaqələrin sürətlə normala və daha yaxşıya dönməsi istiqamətində aparıcı olacaqlarını ümid edirik.

 

Xüsusilə içində olduğumuz dövrdə Türkiyə və Rusiya arasındakı qarşılıqlı sevgi, dostluq və qardaşlıq münasibətlərinin hər zamankından daha güclü və sağlam olmasını, bu əlaqələri zədələyəcək hər cür hərəkətdən uzaq olduğumuzu vurğulamaq istəyirik.

Adnan Oktarın «Gulf Times»da dərc edilən məqaləsi:

http://www.gulf-times.com/opinion/189/details/464461/turkey%2c-russia-should-try-to-maintain-their-good-ties

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr