Bir hepard qaçmaq üçün hazırlanmış mükəmməl skelet sisteminə və əzələlərə malikdir. Ustalıqla uçan qartal dünyanın ən yaxşı aerodinamik dizaynı ilə yaradılmışdır. Balıqlar suda üzmək üçün yaradılmış xüsusi dəri quruluşuna və bədən sistemlərinə malikdir. Canlıların bədənindəki qüsursuz dizaynlar hər bir canlının Allah tərəfindən yaradıldığını bizə xatırladır. Ancaq qüsursuz bədənə sahib olmaq kifayət deyil, eyni zamanda heyvan bu bədəni necə istifadə edəcəyini də bilməlidir. Bir quşun qanadları onlarla uçmağı, süzməyi və yerə enməyi qüsursuzca bacardığı zaman faydalı olar.
Belə ki, hər canlı əhatə olunduğu təbii şəraitə ən uyğun şəkildə davranır. Heyvanlar sanki bu dünyaya öyrədilərək gəliblər. Bu təlimin heyrətamiz nümunəsi isə ustalıqla tikdikləri evlərdir.
Çöl arılarının palçıqdan düzəltdikləri evlər, bəndlər tikən qunduzlar, mükəmməl torlar hörən hörümçəklər, dənizin dibində möhkəm evlər düzəldən balıqlar, xüsusi havalandırma təsisatı ilə qüllələr tikən termitlər təbiətdəki memarlardan yalnız bir neçəsidir. Əvvəlcə hörümçəklərin memarlıqlarına nəzər salaq:
Hörümçəklərin memarlıq möcüzəsi - torlar
Hörümçəklər memarlıq qabiliyyətlərini öz bədənlərindən ifraz etdikləri ipək torlarla nümayiş edirlər. Hörümçək ipi eyni qalınlıqdakı poladdan 5 dəfə möhkəmdir. Havada sürətlə uçan böyük ağcaqanadlar belə, hörümçək torunun möhkəm və elastik tələsindən xilas ola bilmirlər.
Qaradul hörümçəyinin torunda yapışqan damlalar olur. Bu tora düşən ovun azad olması qeyri-mümkündür. Hörümçək toru yapışqan, elastik və heyrətamiz dərəcədə möhkəmdir. Hörümçək toruna düşən hər canlının titrəşmələrini hiss edir və tezliklə onu tutur. Tor ipliyinin düzəldildiyi yer isə hörümçəyin arxa qismidir. Xüsusi bir orqandan ifraz etdiyi ipliyi ayaqları ilə tutub çəkir. İpliyin üzərindəki yapışqan damlalar əslində yumaq şəklindəki iplik dəstələridir. Lazım olanda bunlar açılır və tor asanlıqla əyilir.
Hörümçəyə bu memarlıq möcüzəsini qazandıran, şübhəsiz ki, Allahın bu canlıya verdiyi ilhamdır.
Kağızdan evlər düzəldən çöl arıları
Memarlıq qabiliyyəti ilə məşhur olan başqa bir canlı isə çöl arısıdır. Çöl arısının bu növü taxta parçalarını gəmirərək ağızında sellüloza vasitəsilə kağız düzəldir. Sonra da düzəltdiyi kağızdan istifadə edərək özünə dairəvi ev tikir.
Tavana yapışdırdığı bu kağız yuvanın içində, eynilə bal arıları kimi altıbucaqlı pətəklər düzəldir. Hər altıbucaqlı pətəyin tavanına bir yumurta yapışdırır. Təxminən üç həftə sonra yumurtalardan sürfələr çıxır. Sürfələr heyrətamiz bir şüur nümayiş etdirərək analarının açıq qoyduğu pətəklərin üzərini hörürlər. Beləliklə də öz ağırlıqları səbəbindən aşağı düşməkdən xilas olurlar. Bir neçə həftə də böyüdükdən sonra yetkin arılar şəklində pətəklərindən çıxırlar.
Bala arılar vaxt itirmədən həyata atılırlar. Gördükləri hər iş onları yaradan Allah tərəfindən ilham edilir.
Balalar analarının başladığı inşaatı böyüdürlər. Ortaya olduqca böyük "düşərgə" çıxır. Arıların yuvası artıq çox mərtəbəli evə çevrilir. Burada doğulan hər bir çöl arısı ona verilən ilhama dəqiqliklə əməl edəcək.
Dibçək ustası
Dibçəkçi çöl arısı nəmli torpağı ağız ifrazatı ilə qarışdıraraq yapışqan palçıq düzəldir. Düzəltdiyi bu palçıqdan istifadə edərək düz dibçəklər düzəldir. Eynilə insanların dibçək istehsalı texnikasında olduğu kimi, fasiləsiz fırlanaraq palçığa forma verir. Dibçəyin üstünə qapağını əlavə etməyi də yaddan çıxarmır. Hər şey qurtardıqda arı bədəninin arxasını dibçəyin ağız qisminə gətirir və içəriyə bir yumurta qoyur. Dibçəyə bir az qida də əlavə etdikdən sonra ağızını möhürləyir və uçub gedir. Yumurtadan çıxan sürfə bir müddət sonra dibçəyi qırıb çölə çıxacaq və həyata təkbaşına addım atacaq.
Çölə çıxan balalar təhsil almadan, eynilə anaları kimi qüsursuz dibçəklər tikməyə başlayırlar. Sahib olduqları bu mükəmməl sənət onlara Allah tərəfindən ilham edilmişdir.
Nəticə
Bu cür ağıllı davranışlar qarşısında təbiətdəki canlıların təsadüfən meydana gəldiyini iddia edən təkamül nəzəriyyəsi susur. Çünki müasir elmi kəşflər Darvinin iddialarını tamamilə təkzib edir.
Paleontologiya, yəni qalıq elmi müxtəlif canlı qruplarının yer üzündə birdən ortaya çıxdıqlarını və yüz milyonlarla ildir təkamül keçirmədiklərini göstərmişdir. Anatomiya və biokimya canlılarda çox mürəkkəb dizaynların olduğunu, bunların təsadüfən ortaya çıxa bilməyəcəyini sübut etmişdir.
Bioloji müşahidələr isə təbiətdə canlı növlərini bir-birinə çevirən mexanizmlərın olmadığını ortaya qoymuşdur.
Bu cür səbəblərlə bu gün darvinizm elmi cəhətdən süqut etmiş nəzəriyyədir. Bundan əlavə, canlılardakı ağıllı və şüurlu davranışlar bizə yaradılışı sübut edir.
Burada bir neçə nümunəsini gördüyümüz təbiətdəki usta memarlar heyrətamiz memarlıq əsərləri ilə, əslində, onları yaradan Allahın onlara verdiyi qabiliyyətləri bizə tanıdırlar. Bütün canlıları yaradan və onlara davranışlarını ilham edən uca Allahdır. Bir Quran ayəsində Allahın canlılar üzərindəki hakimiyyəti belə açıqlanır:
Allahın verdiyi ilham və qabiliyyətlərlə arxitektura möcüzələri yaradan başqa canlı da vardır ki, yer üzünün ən görkəmli əsərləri ona aiddir: Bu, insandır.
Hal-hazırda bir çox adam bu həqiqəti dərk etmir. İnsanların əsərləri qarşısında yalnız bu insanlara heyran olurlar. Halbuki insana bədənini, hisslərini, ağlını və xəyal gücünü verən də, ona sənət və zəriflik duyğularını ilham edən də Allahdır.
İnsan əsəri sayılan möcüzələr, əslində, Allahın sonsuz elm və sənətinin bir təzahürüdür.
Buna görə də gördüyümüz hər cür gözəllik, zəriflik və ehtişam qarşısında heyrana və tərifə layiq olan əsl varlıq bütün bu anlayışları yaradan və bunları yaratdığı canlılara istədiyi kimi ilham edən Uca Allahdır. Tərifin Allaha aid olduğu bir Quran ayəsində belə buyurulur: tərif göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi Allahındır.