Quran əxlaqına əməl olunan bir cəmiyyətdə müsəlmanların zərər və ya mənfəətləri ilə birbaşa ya da dolayısı ilə əlaqədar olan hər bir xəbər və məlumatın həmin xəbərdən ən doğru nəticəni çıxaracaq səlahiyyətli və məsul insanlara çatdırılması Allahın qəti əmridir. Quranda belə xəbərlər «əmin-amanlıq və ya qorxu xəbəri» kimi göstərilir. Ayədə belə buyrulur:
«Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar. Halbuki əgər bunu Peyğəmbərə və ya özlərindən olan əmr sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan şəxslər bilərdilər. Əgər Allahın lütfü üzərinizdə olmasaydı, şübhəsiz ki, az bir qisminiz müstəsna olmaqla, şeytana uyardınız» (Nisa surəsi, 83).
Ayədə qınandığı kimi belə xəbərlərin insanlar arasında yayılmasının bir çox mənfi cəhətləri var. Birincisi, həmin xəbər lazım olan əsas yerlərə çatmayacaq və ya təhrif olunaraq çox fərqli şəkildə çatacaq. Buna görə də, təcili qərarın qəbul edilməsini tələb edən məsələlərlə bağlı tədbirlərin görülməsi yubadılaraq, vaxtında lazımi tədbirlər görülməyəcəkdir. Bu da nəticə etibarilə İslamın və ya müsəlmanların bəzi maraqlarının ziyana uğramasına gətirib çıxaracaqdır. İkincisi, bəlkə də İslamın faydası baxımından gizli qalmalı, yayılmamalı olan bir xəbərin yayılması dini inkar edən müşrik, münafiq kimi İslam əxlaqına qarşı mübarizə aparanların bundan xəbərdar olmalarına, bu xəbərdən müsəlmanların əleyhinə istifadə etmələrinə səbəb olacaq. Yaxud ən azı bu xəbərə əsaslanan gizli bir tədbirin görülməsi mümkünsüz olacaqdır.
Buna görə də, bu qəbildən olan xəbərlər onu ən doğru və ən gözəl şəkildə şərh edəcək, onunla bağlı ən doğru qiymətləndirmələr aparacaq və ən düzgün qərar qəbul edib lazımi tədbirləri görəcək səlahiyyətli və məsul insanlara tezliklə çatdırılmalıdır.
Bir möminin yaşadığı şəraitdə üzləşdiyi qorxu və ya əmin-amanlıq xəbərlərini olduqca həssas bir şəkildə ayırd etməsi və vaxt itirmədən lazımi yerlərə çatdırması üçün ağıl və sayıqlığa malik olması vacib şərtdir. Belə bir anlayışa malik olan möminlərin sayının artması isə Quran əxlaqının yayılmasına əhəmiyyətli dərəcədə təsir edəcəkdir.