Ötən çərşənbə günü rejimə aid döyüş təyyarələri Suriyanın Hələb şəhərindəki uşaq xəstəxanasını, ətrafındakı yaşayış məntəqələrini bombaladı və nəticədə 50 nəfər həyatını itirdi. Görüntülər o qədər dəhşətli idi ki, CNN hücumdan sonra qətliam görüntülərini qorxu filmləri zamanı tamaşaçılara edilən oxşar xəbərdarlıqdan sonra yayımladı.
Sərhəd Tanımayan Həkimlər və Beynəlxalq Qırmızı Xaç Komitəsinin könüllü xidmət göstərdiyi Əl-Qüds xəstəxanasındakı mülki itkilər arasında çox sayda uşaq, xəstə, həkim və tibb personalı var idi. Hücum zamanı şəhərdə fəaliyyət göstərən son uşaq həkimi dr. Yusif Həzrəti də həyatını itirdi.
Suriyadakı Sərhəd Tanımayan Həkimlər (MSF) qrupunun rəhbəri Muskilda Zancada, "MSF Suriyadakı daha bir tibbi kompleksin dəhşətli şəkildə hədəfə alınmasını qəti surətdə pisləyir. Bu hücum Hələbdə həyati əhəmiyyətli xəstəxananı və regiondakı əsas uşaq mərkəzini yerlə bir etdi" sözləri ilə çatdırdı.
Əslində Suriyadakı vəziyyətin nə qədər dəhşətverici olduğunun hər kəs fərqindədir.
Məsələn, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Suriya üzrə nümayəndəsi Marianna Gasser bunun tibbi müəssisələrə edilən ilk hücum olmadığını vurğulayır.
BMT də son hava hücumundan sonra Hələbdəki vəziyyətin "faciə"yə çevrildiyini bildirir.
Fəlakəti yaşayan şahidlərin sözlərinə görə hava hücumlarında çox sayda barel bombasından istifadə edilib. MSF-nin Yaxın Şərq üzrə əməliyyat direktoru Pablo Marko "iki barel bombasının xəstəxananın yanındakı binaları vurduğunu" bildirir. Yaralıların və yaxınlarının xəstəxanaya axın etməsi ilə birlikdə 3-ci bir barel bombasının da xəstəxananın girişinə düşdüyünü, itkilərin böyük əksəriyyətinə bu bombanın səbəb olduğunu bildirir.
Təkcə son bir həftədəki bombardmanlarda Hələbdə 38-i uşaq olmaqla 232 mülki şəxs həyatını itirib. Hava hücumlarının hədəfləri həmişə xəstəxana, məktəb, uşaq parkı və bazar yerləridir.
Hələbə edilən bu hücumlar milyonlarla suriyalıya çatdırılmağa çalışılan humanitar yardımların da qarşısını alıb. Digər tərəfdən, Hələbin yeganə əlaqə yolu üzərindən şəhərə yardım daşıyan yük maşınları da davamlı olaraq bölgədəki PKK-PYD qüvvələri tərəfindən vurulur. Bütün bunlar şəhərdə ciddi ərzaq probleminə səbəb olur.
BMT-in də bu faciələr qarşısında fəlakətləri çatdırma və statistika aparmaqdan başqa heç bir funksiyası yox kimi görünür. Ötən günlərdə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura son 48 saat ərzində Suriyada orta hesabla hər 25 dəqiqədə bir mülki vətəndaşın öldürüldüyünü və hər 13 dəqiqədə bir insanın yaralandığı məlumatını verib.
De Mistura aylardır gündəmdən düşməyən və heç bir nəticə verməyən Cenevrə danışıqlarının də demək olar ki, sıfır səviyyəsində olduğunu bildirib. Bunun da səbəbi çox açıqdır: Danışıqların gedişini BMT üzvlərinin ortaq iradəsi müəyyən etmir, qurum nəinki münaqişələri, insan qırğınlarını dayandırmaq, bölgəyə humanitar yardım çatdırmaqdan belə aciz görünür.
Belə ki, Avropa Parlamentinin üzvləri "The Guardian" qəzetinə göndərdikləri məktubda, BMT yardım etməyi bacarmırsa, koalisiya ölkələrinin bölgədə olan təyyarələri vasitəsilə havadan yardım endirməyə hazır olduqlarını yazdılar.
BMT nəzdində olub zülmə qarşı durmağa çalışan insanlardan biri olan De Misturanın ABŞ və Rusiyaya etdiyi təcili müdaxilə və müzakirələri yenidən canlandırma çağırışı da həyati əhəmiyyət qazanıb. Həqiqətən də bölgədə insanlıq faciəsinə son qoymada ən böyük iş hazırda bu iki mühüm fiqura düşür.
ABŞ Prezidenti Barak Obamadan bütün dünyanın gözləntisi açıqdır. Aldığı sülh mükafatının haqqını tam verib, daha bir cəsur addım ataraq, Putin və Əsədi də masaya dəvət edib bu fəlakətə son qoymaqdır.
Rusiya Prezidenti Putinin də Əsəd və Suriya rejimi üzərindəki təsiri mübahisəsizdir. Bu səbəbdən də ona bu qırğınların sona çatdırılmasında insanlıq adına çox mühüm vəzifə düşür. Danışıqlar prosesi uzansa belə, atəşkəsin qəti şəkildə təmin olunmasında, rayona lazım olan humanitar yardımların çatdırılmasında Putinin çox fəal olacağı açıqdır.
Suriyadakı fəlakət qınama, qorxutma və ya pisləməklə aradan qaldırılacaq ölçüləri çoxdan keçib. Daha konkret təşəbbüs və sanksiyalar lazımdır. Bu təşəbbüslər daha çox fəlakət və insan tələfatı olmadan təcili şəkildə həyata keçirilməlidir.
Suriyada ölümcül kimyəvi bombalar istifadə edildi, heç kimdən səs çıxmadı, bazar yeri vuruldu, qadınlar-uşaqlar öldü, yenə heç kimdən səsi çıxmadı. Uşaq xəstəxanaları vuruldu, yenə də səs çıxmadı. Dünya sanki Suriyadakı itkilərə öyrəşib. Bəziləri bunun səbəbi kimi "dünya siyasətini", bəziləri isə "real siyasəti" göstərdilər. Əlbəttə ki, bu açıqlamaların heç biri əsaslı deyil, siyasi reallıqlar nə qədər qəddar olursa-olsun, insanlar vicdanlarını itirməməlidir, heç bir mənafe üçün zülmə, məzlumların zərər görməsinə boyun əyməməlidirlər.
Bütün dünyanın vicdanını yaralayan bu zülmə ən qısa zamanda son qoyulması, buna şahid olan hər kəsin insanlıq borcudur. Unudulmamalıdır ki, zülmə səssiz və biganə qalmaq, əlində imkan olduğu halda müdaxilə etməmək də zülm edənlərlə eyni cinayətə şərik olmaq deməkdir.
Adnan Oktarın “The New Straits Times”da dərc olunan məqaləsi: