Qurani-Kərim Allah qatından insanlara xəbərdarlıq və öyüd-nəsihət olaraq endirilmiş son ilahi kitabdır. İçində hər şeyin açıqlaması vardır və insanlara düzgün yol göstərmək üçün bir vasitədir. Quranın bir çox ayələrində Rəsullullaha (səv) itaət etmək əmr olunmuşdur. Bu olduqca vacib məsələdir, çünki Quranın tam olaraq başa düşülməsi üçün Sünnəti Səniyyəni yerinə yetirmək şərtdir.
Quranın açıqlayıcısı sünnədir. Sünnə Rəsullullahın (səv) səhih hədislərinin toplanması və sonrakı dövrlərdə böyük İslam alimlərinin bu hədislərə etdikləri izahlarla yaranan Əhli Sünnə etiqadıdır.
Burada çox önəmli bir məsələyə diqqət yetirməliyik. Sünnə yalnız Qurana uyğun olmalıdır.
Ayələrdə Peyğəmbərimizdən (səv) insanların üzərindəki ağır yükləri qaldıran, hökm verən, Qurandakı açıq və gizli hikmətləri öz ümmətinə öyrədən biri kimi bəhs edilir. Belə ki, Sünnəti Səniyyəyə baxdıqda Rəsulullahın (səv) səhabələrinə hər mövzu ilə bağlı məlumat verdiyini görə bilərik. Bu məlumatlar daha sonra alimlərin izahlarına uyğun olaraq gündəlik həyatda tətbiq edilmiş və bugünə qədər gəlib çatmışdır.
Allah Peyğəmbərimizin (səv) Qurani Kərimi öyrədən və insanları mənəvi cəhətdən (günahlardan) təmizləyən xüsusiyyətini “Ali-İmran” surəsində belə xəbər vermişdir:
"And olsun ki, Allah möminlərə, öz aralarından onlara (Allah'ın) ayələrini oxuyan, onları (günahlardan) təmizləyən, onlara Kitabı və Hikməti (Sünnəni) öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki əvvəllər onlar açıq-aydın azğınlıqda idilər.”(Ali-İmran surəsi, 164)
Ayədə adı çəkilən “Kitabı və hikməti öyrətmək” ifadələrinə diqqət yetirək. Çünki Peyğəmbərimizin (səv) sünnəsi olmadan Quranın tam olaraq dərk edilməsi və hökmlərinin yerinə yetirilməsi mümkün deyildir. Dinimiz ancaq Qurani-Kərim və Sünnəti Səniyyə ilə bütövdür.
Qurani-Kərim ilk dəfə endirildiyi zamanlarda Peyğəmbərimizin (səv) ətrafında olan insanlar onun örnək davranışlarına baxaraq dinimizin hökmlərini öyrənmiş və lazımi qaydada yerinə yetirə bilmişlər. Həqiqətən də, Peyğəmbərimizin (səv) İslam dininin hökmlərini tətbiq edərək yaşadığı örnək həyatı Quranın başa düşülməsində mühüm yol göstərici olmuşdur.
Dinin hökmlərinin başa düşülməsi üçün örnək olaraq namaz qılmağı göstərə bilərik. Bildiyimiz kimi, İslamda 5 vaxt namaz qılmaq fərzdir, namazın necə qılınması, necə dəstəmaz alınması kimi mövzularla bağlı ümumi məlumatlar verən ayələr var. Biz isə namaz ibadətinin tam olaraq necə yerinə yetiriləcəyini yalnız sünnəyə baxaraq anlaya bilərik. Çünki ayələrdə namazın qılınma forması, namazda oxunacaq dualar, qadın və kişi necə namaz qılmalıdır, hansı namazın əhəmiyyəti və savabı daha böyükdür, dəstəmaz haqqında ətraflı məlumatlar, nələr dəstəmazı pozar, nələr pozmaz kimi mövzularla əlaqədar geniş məlumatlar yoxdur.
Başqa bir örnək olaraq Peyğəmbərimizin (səv) cümə günü ilə bağlı tövsiyələrini və cümə namazı haqqında söylədiklərini də göstərə bilərik. Bundan başqa Quranda sözün ən gözəlini söyləmək, təmizlik etmək, təvazökar olmaq kimi mövzulardan əlavə oruc, dəstəmaz, Həcc kimi fərz buyurulan ibadətlərlə bağlı ayələr də vardır. Amma ayələrdə bu ibadətlər haqqında ətraflı məlumatlar verilməmişdir. Məhz bunların necə və nə cür tətbiq ediləcəyi haqqında ətraflı məlumatı alimlərin Peyğəmbərimizin (səv) sözləri və davranışları haqqında çatdırdıqlarından öyrənə bilərik.
Tarix boyunca yaşamış bütün müsəlmanlar, bütün İslam alimləri Sünnəti Səniyyəni öz həyatlarına tətbiq etmiş və bu vasitə ilə dəqiq şəkildə necə ibadət edəcəklərini öyrənmişlər. Peyğəmbərimizin (səv) zamanından bugünə kimi, yəni əsrlər boyunca müsəlmanlar ibadətlərini sünnəyə uyğun şəkildə edirlər. 5 vaxt namaz qılmaq, oruc tutmaq, sədəqə vermək, qurban kəsmək kimi ibadətlər sünnəyə uyğun olduğu üçün heç dəyişdirilməmişdir. Buna görə də əsrlər boyunca eyni şəkildə edilən ibadətləri müzakirə mövzusuna çevirmək, namazın vaxtları, neçə rükət qılınacağı kimi mövzularda fərziyyələr irəli sürmək, “qurban kəsilməlidirmi?” kimi mübahisələri günün mövzusuna çevirmək olduqca mənasızdır. Bunların hamısı Sünnəti Səniyyədə geniş şəkildə açıqlanmış və hazırda da yerinə yetirilən ibadətlərdir.
Həmçinin Qurana baxdıqda elçiyə itaət etməklə bağlı bir çox ayənin olduğunu görə bilərik. Məsələn, bir ayədə Allah Elçiyə itaət etməyi belə əmr etmişdir:
"Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdarlıq edən (elçi) kimi göndərmişik. (Biz belə etdik) ki, siz Allah'a və Onun Elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız və gecə-gündüz (Allah'ı) tərifləyəsiniz. Sənə beyət edənlər Allah'a beyət etmiş olurlar. Allah'ın Əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allah'la bağladığı əhdinə sadiq qalsa, (Allah) ona böyük mükafat verər.” (Fəth surəsi, 8-10)
"Kim Peyğəmbərə itaət edərsə, Allah'a itaət etmiş olar, kim üz çevirərsə, (bil ki,) Biz səni onlara gözətçi göndərməmişik.” (Nisa surəsi,80)
Ayələrdə əsas diqqət "Rəsulullaha itaət" ifadəsinə yönəlməlidir. Diqqət edilməli olan bu məsələ Rəsulullaha (səv), yəni onun əmrlərinə və qoyduğu qaydalara tabe olmağın Allah'ın fərz qıldığı bir ibadət olduğunu göstərir.
Yenə ayələrə baxdıqda Peyğəmbərimizin qadağan etmək və əmr etmək kimi səlahiyyətlərinin də olduğunu görürük. Məsələn, “...Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allah'dan qorxun...” (Həşr surəsi,7) ayədə Peyğəmbərimizin (səv) ümumilikdə Qurana uyğun olan, lakin Quranda bildirilməyən bəzi şeyləri qövmünə qadağan edə biləcəyi göstərilir. Bundan əlavə, möminlərin razılaşa bilmədikləri mövzularda Peyğəmbərimizə (səv) müraciət etməsi və hökmün onun tərəfindən verilməsi də ayələrdə bildirilir.
Rəsulullahın (səv) hökmvericiliyinə qarşı çıxmaq və ya hörmətsizlik etmək kimi davranışlar isə ayələrdə "zalımlıq" olaraq səciyyələnir. Peyğəmbərimizin (səv) hökmünə itaət etməyin vacib olduğundan bir ayədə belə bəhs olunmuşdur:
"Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allah'a və Onun Elçisinə qarşı çıxan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür." (Əhzab surəsi, 36)
Buraya qədər edilən izahlarda gördüyümüz kimi, Allah ayələrdə Rəsulullaha (səv) itaət etməyi əmr edir. Buna görə də İslam yalnız Quran və Sünnəti Səniyyəyə riayət etməklə yaşanmalıdır. Bu mövzu ilə bağlı ayələrdəki açıqlamalar olduqca dəqiqdir. Belə hallarda Rəsulullahın (səv) sünnəsindən üz çevirmək, başqa bir iddia irəli sürmək Qurana tamamilə zidd olar.
İslam alimlərimiz Peyğəmbərimizin (səv) sünnəsini hz. Nuhun (əs) gəmisinə bənzədərək, "kim ona minərsə, xilas olar, minməzsə boğular" (Süyuti.Miftahul Cenne, s.53-54) şəklində ifadə etmişlər. Əsl qurtuluş Əhli Sünnə etiqadının əhəmiyyətinin hər kəs tərəfindən dərk edilərək cəmiyyətdə yayılması ilə gerçəkləşəcək.