Kipr məsələsi Türkiyənin daxili məsələsidir. Şimali Kipr Türk Respublikası daima Türkiyə üçün sanki Anadolunun bir şəhəri, Türkiyənin bir hissəsi olmuşdur. Türkiyədə bir nəsil Kipr problemi ilə böyümüşdür. Kipr üçün vuruşmuş, Kiprdə şəhid olmuş, Kipr üçün İstanbul küçələrində etirazlar etmiş, Kipr haqqında yazıb-pozmuşdur. Türkiyə tarixindəki bütün hökumətlərin həmfikir olduğu tək məsələ Kipr məsələsidir. Kiprdən güzəştə getməyi heç kim düşünməmişdir.
Belə bir milli məsələ olduğuna görə, Şimali Kipr Türk Respublikasının yeni seçdiyi prezidentin Türkiyə haqqındakı fikirləri ölkədə ani bir qıvılcıma səbəb oldu. Mustafa Akıncı Türkiyə ilə ana vətən-yavru vətən münasibəti yerinə qardaş münasibətinin olmasının zəruriliyini vurğuladı. Mümkün olduqca Türkiyədən müstəqil hərəkət etmək istəyir, bu yolla Cənubi Kiprlə sülhü təmin edə biləcəyini ümid edirdi. Ən sərt çıxış prezident Rəcəb Tayyib Ərdoğandan gəlsə də Türkiyənin digər siyasi liderləri də narazı idilər. Türkiyə üçün olduqca həssas məsələ olan Kipr məsələsi Kipr lideri tərəfindən artıq daha fərqli cür dəyərləndirilirdi.
Bu məsələni iki tərəfdən, yəni həm Türkiyə, həm də Şimali Kipr tərəfindən dəyərləndirmək lazımdır.
Türkiyə baxımından nəzərə alsaq, Kipr, uğrunda şəhidlər verilmiş bir dövlətdir. Bu amaldan imtina etmək məğlubiyyət mənasına gəlir və buna görə Türkiyə kiprli türklərin hüquqlarını qorumaqdan, onlara maddi-mənəvi dəstək verməkdən bir an belə çəkinməmişdir. 50 ildir Avropa İttifaqı qapısında gözlədilən Türkiyəyə qarşı Kipr məsələsi hər zaman əleyhdə istifadə edilən mövzu olsa da, Türkiyə heç vaxt güzəştə getməmişdir. Kipr türklər üçün vətən torpağıdır. Dolayısilə oradakı xalqın müstəqilliyi, bütün Türkiyə vətəndaşları üçün həyati əhəmiyyətli məsələdir. Bu səbəbdən Türkiyə, Akıncının sözlərinə reaksiya vermişdir. Müxalifət partiyasının lideri Dövlət Baxçalı prezident seçilən Akıncını təbrik etdikdən sonra dediyi sözlər çox önəmlidir: «Var olmaq üçün çəkilən əziyyətlərə əhəmiyyət verməyən, ödənən bədəlləri ruhunda və şüurunda hiss etməyənlər üçün gələcək qap-qaranlıqdır”. Bu bədəlləri bilərək yaşamaq vəfalı olmaqdır, status-kvocu olmaq deyil.
Kipr tərəfindən baxdıqda isə bəzi tələblərdəki xoş niyyəti görmək lazımdır. Cənab Akıncı bir dövlətin prezidentidir. Öz xalqının tələblərini müstəqil həyata keçirəcəyi təəhhüdü ilə seçilmişdir. Sülhün təmin edilə biləcəyi məsələsində 1974-cü ildən bağlı olan Maraş bölgəsinin BMT nəzarətində yaşayış üçün açılması, birbaşa ticarət və uçuşlar üçün Maqusa limanının və Ercan hava limanının istifadə edilməsi kimi konkret vədlər vermiş və iqtisadi böhranda olan Cənubi Kiprlə ticarət əlaqələrinin inkişaf etdiriləcəyini bildirmişdir. Kiçik bir adada iki dövlətin bir-birilə ticarət münasibətlərinin olması vacibdir. Belə ki, Cənubi Kipr də buna müsbət yanaşır. Cənubi Kipr prezidenti Nikos Anastasiades, Akıncının prezident seçilməsindən sonra “Nəhayət ki, ölkəmizi yenidən birləşdirməyə ümidimiz artdı” deyə bildirmişdir.
Kipr xalqının status-kvo tərəfdarı olmaması başa düşüləndir. Çünki keçmiş siyasətlərlə sülh əldə olunmamışdır. Lakin burada iki dəyərləndirmə səhvi var. Status-kvonu rədd etmək Türkiyənin qarantını rədd etmək mənasını vermir. Türkiyə ilə birlikdə yeni siyasətlər inkişaf etdirmək mümkündür. İkinci qiymətləndirmə səhvi isə sülhün indiyə qədər həmişə Cənubi Kipr tərəfindən qarşısının alındığını unutmaqdan qaynaqlanır. Cənubi Kiprdə uzun müddətdir davam edən iqtisadi böhran belə onları sülhə yaxınlaşdırmamış, Kilsənin bir sıra ultimatomları adadakı rum xalqını türklərdən uzaq tutmuşdur.
Bütün bunları dəyərləndirərkən Türkiyənin Kipr görüşlərində eynilə Yunanıstan kimi qarant ölkə olduğunu da unutmamaq lazımdır. Bu qarantlıq BMT tərəfindən qeydiyyata alınmış London və Sürix müqavilələri ilə təsbit edilmişdir. Belə ki, bu müqavilələr beynəlxalq hüququn ən güclü müqavilələridir. Bu müqavilələr daxilində qarantlıq hər kəsin istədiyi zaman, istədiyi kimi dəyişdirə bildiyi bir status deyil. Dolayısilə Yunanıstanın yeni rəhbərliyinin qarantlığı «qədim dövr modeli»dir deyərək – lakin böyük ehtimalla maddi problemlərə görə- rədd etməyə çalışması inandırıcı deyil. Ölkə Kiprə xərc çəkmək və ya əsgər göndərmək istəməyə bilər, amma müqavilə mətnində hələ də rəsmi olaraq qarantdır. Bu səbəbdən Kipr məsələsində Türkiyə də, Yunanıstan da mütləq aktiv olacaq.
Müstəqillik Türklər üçün minlərlə illik tarix boyunca həmişə əhəmiyyətli olmuşdur. 307 il boyunca hakimiyyətimizdə olan Kipr türkləri üçün də müstəqillik Türkiyə üçün vacib məsələ olaraq qalacaq. Türkiyənin əvvəldən ada xalqı üçün israr etdiyi iki cəmiyyətli dövlət yaradılması şərtindən güzəşt isə adada rum hakimiyyətli dövlətin formalaşmasına səbəb ola bilər. Ən böyük təhlükə budur. Bir qisim insanlar Avropa İttifaqı nemətlərindən faydalanmaq üçün müstəqillik əvəzinə Cənubi Kiprin hakimiyyəti altına girmə fikrini müdafiə etmiş ola bilər. Əgər adada “sülhün” təmin edilməsi üçün şərt budursa, Türkiyə bütün gücü və qarant faktoru ilə buna qarşı çıxacaq. Normal olan da budur. Lakin adada iki cəmiyyətin tanındığı bir dövlət sistemini qurmaq üçün keçmişdə olduğu kimi, bu gün də Türkiyə əlindən gələni etməyə davam edəcək.
Bu məsələdə yeni prezidentin sülh üçün çox gözəl addımlar atacağına inanır, qərarlarını dəstəkləyir və bu işində ona uğurlar arzu edirik.
Lakin bu addımların güclü və ağır addımlar olduğunu və bu addımları atarkən Türkiyənin varlığının maddi və mənəvi mənada hər baxımdan həyati olduğunu xatırlatmağımız vacibdir.
Adnan Oktarın «Arab News»də nəşr olunan məqaləsi: