Allah insana möhtəşəm düşüncə gücü və qavrama bacarığı vermişdir. Ancaq bir çox insanlar bu həyati bacarıqlardan lazımi şəkildə istifadə etmirlər. Sadəcə həyatlarını davam etdirəcək qədər və işlərini həll edə biləcək qədər səthi düşünmək bu insanlara kifayət edir. Onlar bu həyat tərzinin verdiyi itkinin və məhrum qaldıqları gözəlliklərin şüurunda deyillər.
Halbuki Allah bir çox gözəllikləri dərin düşüncənin içində gizlətmişdir. Çox dərin düşünən insanların dünya həyatından aldıqları həzz, bu vasitə ilə əldə etdikləri nemətlər və yaşadıqları rahatlıq düşünməklə özlərini yormayan və səthi ağılla yaşayan insanların vəziyyətindən çox fərqlidir.
Düşünməmək bəzi insanlara rahatlıq və mövcud çətinlikdən qurtuluş yolu kimi gələ bilər. Bu cür insanlar nə qədər az düşünsələr, o qədər az yorulacaqlarına, başlarını o qədər az ağrıdacaqlarına və daha rahat yaşayacaqlarına inanırlar. Halbuki düşünmək, ağıldan istifadə etmək insanı rahatlaşdırır. Bunlar yorğunluq vermir, əksinə, insana enerji verir, daha aktiv olmasına və canlanmasına səbəb olur.
Lakin bəzi insanlar bu mühüm həqiqətdən xəbərsizdirlər. Adətən bir sıxıntı və ya çətinliklə qarşılaşdıqları zaman onların əvəzinə başqalarının düşünüb tədbir görməsini və problemlərini onların həll etməsini istəyirlər. Yaxud əvvəlcədən əzbərlədikləri vasitələri tətbiq edərək düşünməkdən qaçmağa çalışırlar. Düşünməklə vaxt itirəcəkləri qənaətində olan bu insanlar həmin vaxtı dünya nemətlərindən istifadə edərək yaşamağa çalışırlar. Halbuki dünya həyatının nemətlərindən ən mükəmməl şəkildə istifadə etmək ancaq düşünməklə mümkündür.
Allah dünya hayatındakı hər cür gözəlliyi insanların istifadə etməsi üçün yaratmışdır. Ancaq O, kimin hansı nemətdən nə qədər zövq alacağını insanların imanlarına və nə dərəcədə dərin düşünmələrinə bağlı şəkildə yaratmışdır. Bu mühüm həqiqət dünyadakı bütün maddi və mənəvi nemətlər üçün etibarlıdır. Tamamilə eyni nemətlərə sahib olan iki nəfərin bu nemətlərdən aldıqları zövqlər də fərqlidir. Məsələn, bir insan avtomobilini onu sadəcə bir yerdən başqa yerə aparan, ətrafındakı insanlara özünü göstərməyinə səbəb olan və ya sərmayə vasitəsi kimi görər. Eyni şərtlərə sahib olan başqa bir insan isə avtomobilinin ona verdiyi komfortu bir-bir düşünərək, onların hər birinin varlığına görə Allah’a şükür edər. Allah bu imkanları yaratmasaydı, çəkəcəyi sıxıntıları, yaranacaq gecikmələri düşünərək Allah’ın bu lütfünün sevincini yaşayar.
Həmçinin, bir insan evinin bir-birindən gözəl çiçəklərlə bəzədilmiş bağçasını sadəcə zənginliyin gətirdiyi bir rahatlıq və ya səs-küydən uzaqda oturub dincələcəyi sakit bir yer kimi dəyərləndirə bilər. Eyni bağçaya sahib olan başqa insan isə bu bağçanın hər hissəsinə baxmaqdan, hər bir gülü qoxulamaqdan, yeni tumurcuqlanan hər bir çiçəyi ayrı-ayrı seyr etməkdən, hər gün daha da gözəlləşmələrini, böyümələrini görməkdən dərin zövq alar. Hər birinin, hətta hər yarpağın, hər budağın varlığı da onun üçün böyük bir həyəcan vəsiləsi olar. Bu çiçəklərə, ağaclara və ya onların üzərində yaşayan canlılara baxdıqca Allah’ın sonsuz qüdrətini, elmini və hakimiyyətini çox yaxşı qavrayaraq, hörmətlə Allah’a boyun əyər. Bu nemətlərin hər birini ona lütf edənin Rəbbimiz olduğunu bilməyin sevinci və həyəcanı bütün ruhunu bürüyər. Allah’ın bu möhtəşəm təcəllilərini görüb, Allah’ın sonsuz və qüsursuz yaratmasının nə qədər fövqəladə və bənzərsiz olduğunu düşünməyin verdiyi səmimi heyranlığı bütün mənliyinə əsk olunar.
Ağlından istifadə edən və düşünərək bütün detalları görən insanın bu cür bağça ilə qarşılaşanda ruhunda yaranan təsir də qavrayışına əsasən daha ətraflı və güclü olur. Halbuki bağçasını sadəcə sakit istirahət məkanı kimi görən və düşünərək özünü yormaq istəməyən bir insanın bağçadan bu qədər çox zövq almağın mümkün olduğundan heç xəbəri də yoxdur. Onun bu nemətdən aldığı həzz çox səthi, boş və dayaz olur.
Bu vəziyyət dünyadakı bütün nemətlər üçün etibarlıdır. Yaxşı insandan, gözəl bir mənzərədən, çox gözəl bəzədilmiş sənət əsərindən, gözəl musiqidən, təsirli dizayndan, sevimli heyvandan, qidalardakı bənzərsiz dadlardan, göz oxşayan, ehtişamlı süfrədən alınan zövqlər də insanların düşüncə gücü ilə birbaşa əlaqədardır.
İnsanlar mənəvi nemətlərdən də fərqli həzz alırlar. Sevgidən, hörmətdən, vəfa və sədaqət duyğularından, şəfqətdən, mərhəmətdən, dostluqdan, sirdaşlıqdan, insanın sevdiyi üçün səbir etməsindən, sevdiyinin fədakarlığından, bağlılığından, xoş rəftarından, təvazökarlığından, bağışlamasından, dürüstlüyündən, qarşı tərəfi dəstəkləməsindən, güvənməsindən qaynaqlanan çox güclü hisslər vardır. Lakin səthi düşünən insanlar bu duyğuları vərdiş kimi dəyərləndirir və bunların ruhda meydana gətirdiyi güclü həyəcanın mövcud olduğunu belə dərk etmirlər. Hətta bu cür səbirli, dözümlü, mərhəmətli, fədakar bir insanla qarşılaşanda bu insanın varlığından eqoistcəsinə öz mənfəətləri üçün istifadə etməyə çalışırlar.
Halbuki ağlından istifadə edən, düşünərək insanların sahib olduğu bu xüsusiyyətlərindəki dərinliyi, gözəlliyi və dəyəri qavraya bilən insanlar dostlarındakı bu vəsflərin hər birini Allah’ın çox böyük lütfü olaraq görürlər. Bu cür xüsusiyyətlər ilə hər dəfə qarşılaşanda bu nemətlərin sevinc və həyəcanını yaşayırlar.
Əgər burada yazılanlardan tamamilə xəbərsiz olan bir insan bu yazını oxuyursa, o zaman mütləq özünə bu sualları verməlidir: “Görəsən, bu dünyadakı hər nemətdən ən çox zövqü alırammı? Mənim xəbərim olmayan həzzlər, heç yaşamadığım güclü duyğular, dərin zövqlər varmı? Üzərindən ötüb keçdiyim və həyatımda olduğu halda, hiss etmədiyim gözəlliklər varmı? Məni sanki tamamilə başqa bir dünyada yaşadacaq fərqli düşüncə ilə həyata baxsam, nə itirərəm və ya nə qazanaram? Yaxud səthi düşünərək, özümü yormadan, hər şeyə səthi baxaraq yaşamaq mənə nə qazandırdı? Sahib olduğum nemətlərdən heç dadmadığım zövqlər ala biləcəyəmsə, niyə bunu qazanmaq üçün cəhd etməyim?”
İnsanın maddi və ya mənəvi nemətlərdən maksimum həzz alması ancaq imanla mümkündür. İman gətirən insan düşünən insan deməkdir. Hər an, hər yerdə qarşılaşdığı hər bir mövzunu düşünərək, vicdanla və ağılla dəyərləndirər. Hər gözəlliyin, hər nemətin haqqını vermək üçün cəhd edər. Allah da iman gətirən insanın bu səmimi cəhdinə görə ona həyatının hər mərhələsində dərin həzzlər yaşadar. Bu insanlara görə, sevmək, sevilmək, dost olmaq, sirdaş olmaq, hörmət etmək, qarşılıqlı etibar hissi, Allah’ın insanlar üçün yaratdığı gözəlliklərdən, dünya həyatının hər cür nemətindən istifadə etmək sonuna çatılması mümkün olmayan xəzinə kimi dərin həzzlərlə doludur. Allah’ın iman gətirənlərin ruhlarında yaratdığı bu həyəcan və duyğularda yaşanan dərinlik digər insanların nemətlərdən aldıqları zövqlərlə müqayisə edilməyəcək qədər bənzərsizdir.
Allah’ın Quranda “dünya həyatına razı olan və bununla kifayətlənən”lər olaraq xəbər verdiyi bu insanlar isə imanda gizlənən bütün gözəlliklərdən üz çevirib, imansızlığın gətirdiyi soyuq dünyaya, ruhsuz həyata səthi, boş və dayaz baxaraq yaşamağa razı olmuşdurlar.
Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb, onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanlar... (“Yunus” surəsi, 7)
Halbuki Allah bu nemətlərin qapısını hər insan üçün sonuna qədər açmışdır. Allah’ın sonsuz rəhmətini istəyərək, ağlından, vicdanından ən yaxşı səkildə istifadə edən hər kəs üçün dünyada bənzərsiz nemətlər var. Allah axirətdə də bu qulları üçün dünyadakılarla müqayisə edilməyəcək dərəcədə gözəlliklər yaradacaq. Cənnət nemətlərindən alınan həzzi, həyəcan və xoşbəxtliyi insan ağlının qavraması mümkün deyil.