Yəməndə yeni konstitusiya qəbul etmək və idarəçilik sistemi yaratmaq məqsədi ilə müəyyən hazırlıqlar həyata keçirilir. Dövlətin parçalanma təhlükəsinə qarşı hakimiyyətin silah gücünə deyil, yeni qanunlar qəbul etməklə tədbirlər görməsi ən ağıllı addımdır. Yeni konstitusiyanın məzmunu və təsbit etdiyi inzibati məcəllələr vasitəsilə Yəmənin milli bütövlüyünün yaradılması nəzərdə tutulur.
Əlbəttə ki, konstitusiyaların tək xüsusiyyəti dövlətin inzibati quruluşunun və idarəetmə mexanizminin təsbit edilməsindən ibarət deyil. Hazırlanmaqda olan konstitusiyada yəmənlilərin xoşbəxtliyini və rifahını təmin etməyə yönələn xüsusiyyətlər də olmalıdır. Bunun üçün konstitusiyada dövlətin pozitiv və neqativ öhdəlikləri müəyyən edilməlidir.
Pozitiv öhdəliklər dövlətin həyata keçirməli olduğu, yəni vətəndaşın dövlətdən həyata keçirməsini gözlədiyi hüquqları əhatə edir. Məsələn, sağlamlıq hüququ, mənzil hüququ, əmək hüququ, sosial təminat hüququ bu cür hüquqlardandır. Bu cür hüquqlar dövləti sosial sahədə bir sıra vəzifələrlə vəzifələndirir.
Pozitiv status adlanan bu cür hüquqlar şəxsə dövlətdən hər hansı istəyini tələb etmək hüququnu verdiyi üçün "tələb hüquqları" da adlanır. Bu hüquqların əksəriyyəti sosial və iqtisadi sahəyə aiddir və sosial dövlət anlayışının nəticəsidir. Yəmən konstitusiyasında əks olunacaq "tələb hüquqları" Yəmən dövlətinin öz xalqını nə qədər dəstəkləyib mühafizə edəcəyini müəyyənləşdirəcəkdir.
Yəmənlilər bilməlidirlər ki, bəzi pozitiv öhdəliklərin tətbiq olunması Yəmən dövlətinin imkanları ilə məhdudlaşır. Sözügedən qanunlarda əmək fəaliyyəti ilə məşğul olan qadınların uşaqlarının inkişafı və qayğısı konstitusiyada dövlətin öhdəliyi kimi təsvir edilə bilər. Amma dövlət uşaqlar üçün körpələr evi və uşaqlar evi açacaq maliyyə mənbəyi tapa bilməsə, bu hüquq sadəcə kağız üzərində qalacaq, qanunu icra etmək imkanı olmayacaq.
Neqativ öhdəliklər isə dövlətin vətəndaşa hər hansı bir hərəkəti etməkdən çəkinməsi ilə əlaqədardır. Neqativ status deyilən bu öhdəliklər dövlətə neqativ mövqe, qarışmamaq, "kölgə etməmək" vəzifəsini yükləyir.
Yəmənliləri dövlətə və cəmiyyətə qarşı mühafizə edən hüquqlar olduğu üçün bunları "mühafizəedici xarakterli hüquqlar" adlandırmaq da olar. Yəmən vətəndaşlarının həyat təhlükəsizliyini mühafizə etmək, yaşamaq hüquqlarını təmin etmək və işgəncənin qarşısını almaq ən fundamental neqativ öhdəliklərdəndir. Dövlətin digər neqativ öhdəliklərdən bəziləri bunlardır:
- Hər kəsin məhkəmə qarşısında ədalətlə mühakimə edilməsinin zəmanət altına alınması;
- Dövlətin vətəndaşların şəxsi toxunulmazlıq hüququna hörmətlə yanaşması;
- Vətəndaşların öz fikirlərini sərbəst şəkildə ifadə edə bilmələri;
- İnsanların istədikləri dini seçə bilmələri və dini ayinləri yerinə yetirmələri;
- Yəmən xalqının dini, dili, cinsi və başqa bir səbəblə ayrı-seçkiliyə məruz qalmamaları;
- Vətəndaşların səmərəli şəkildə hüquqlarını müdafiə edən orqanlarının yaradılması.
Yəməndə gəlir səviyyəsinin aşağı olması vətəndaşların şəxsi hüquq və azadlıqlarının məhdudlaşmasına əsas ola bilməz. İdarəetmə formasından asılı olmayaraq, xüsusilə neqativ öhdəliklər hərtərəfli nizamlandıqdan sonra onların yerinə yetirilməsi xalqın dinc yaşamasına və rifah səviyyəsinə müsbət təsir edəcək.
Buna görə də Yəməndə hazırlanacaq konstitusiya milli bütövlüyü təmin edən öhdəlik olmaqdan əlavə, Yəmən xalqının həyat səviyyəsini yüksəltmək üçün də bir fürsət kimi dəyərləndirilməlidir.
Şübhəsiz, Yəməndə insan hüquqlarının inkişafı üçün qanunlarda dövlətin istər pozitiv, istərsə də neqativ öhdəliklərin müəyyənləşdirilməsi kulminasiya nöqtəsi olacaq. Amma ölkədə insan hüquqları mədəniyyətinin meydana gəlməsi üçün ən vacib məsələ yəmənliləri bu mövzu ilə əlaqədar maarifləndirməkdir. Çünki insan hüquqlarının ən əhəmiyyətli təminatçısı insan hüquqlarının şüurunda olan insanlardır. Yəmənlilərin öz hüquqları barədə maarifləndirmələri hüquq pozuntularının qarşısını alan bir təsir meydana gətirəcək.
İnsan hüquqlarının şüurunun yaranması üçün təhsil Quran əxlaqı əsasında olmalıdır. Çünki insan hüquqlarının təməli dindir. Gözəl əxlaqa dair anlayışları, nəyin doğru nəyin yanlış olduğunu, ədalətli insan olmağımızı dinimiz bizə öyrədir. Bildiyimiz bütün gözəl əxlaq anlayışları, gözəl bildiyimiz hər şey dindən gəlir,din əxlaqına söykənir. Demokratiya və vicdan azadlığı din əxlaqının gətirdiyi keyfiyyətlərdir. Bütün konstitusiyalar öz əsasını dindən götürür. Din olmasa konstitusiyalar hazırlana bilməzdi. Doğrular, yanlışlar, hüquqlar Allah tərəfindən bizə öyrədilmişdir.Buna görə də hansı dindən, hansı məzhəbdən olmamızdan asılı olmayaraq doğrular və yanlışlar birdir, eynidir.
Demokratiyanı, fikir və vicdan azadlıqlarını müdafiə etməyin mənasını yaxşı düşünmək lazımdır. Hər kəs öz dinini seçə, həyatını istədiyi şəkildə yaşaya bilər. Qurana görə insana dinini dəyişdirməsi üçün təzyiq edilə bilməz, hər hansı həyat tərzini seçməsi üçün şiddət tətbiq oluna bilməz. Bəqərə surəsinin 256-cı ayəsində Allahın bizlərə bildirdiyi kimi "Dində məcburiyyət (zorakılıq) yoxdur..."
Lakin Quran əxlaqına görə başqalarının fikirlərindən, inanclarından və ya həyat tərzlərindən duyulan narazılığını təhqirlə, şiddətlə, təzyiqlə ifadə etmək olmaz. Kafirun surəsinin 6-cı ayəsində bu həqiqət "Sizin dininiz sizə, mənim dinim mənə" şəklində bildirilmişdir. Hər kəs istədiyi inanca sahib ola bilər, istədiyi kimi yaşaya bilər, heç kim başqa birinin həyatına müdaxilə edə bilməz, hörmətlə davranar.Bu, bizə Allahın əmridir.
Yəmən Konstitusiyasında dinə əsaslanan, insanlara hər hansı ideologiyanı zorla, təzyiqlə qəbul etdirməyi nəzərdə tutmayan qanunlar qəbul edilməlidir. Yəmən xalqı bunları tətbiq etsə, bütün cəmiyyətdə sakitlik və rahatlıq təmin edilər.
Yeni konstitusiyada dövlət Yəmən xalqının xoşbəxtliyini və rifahını təmin etməyə yönəlmiş bir aparat olaraq təsbit edilməlidir. Konstitusiyada Yəmən xalqının hüquqları zəmanət altına alınmalı və bu hüquqların pozulmasına görə sanksiyalar təsbit olunmalıdır.
Adnan Oktarın National Yəməndə yayımlanan məqaləsi: