Şəriət sözü çox uzun müddətdir ki, xüsusilə Qərb ölkələrində böyük narahatçılıq və qorxu yaradır. Şəriət dedikdə insanların beynində öldürmək, daş-qalaq etmək, baş kəsmək, qadınları təzyiq altında saxlayıb başda təhsil hüququ olmaqla bütün hüquqlarından məhrum etmək kimi əməllər canlanır. Halbuki bu vəziyyət Quranda təsvir edilən və hz.Muhəmmədin (səv) tətbiq etdiyi həqiqi İslam dinini bilməməkdən irəli gəlir, fanatik, radikal düşüncə tərzinin əsrlərdir davam edən əməllərinin insanlara şəriət adı altında təqdim olunmasından güc qazanır. Bəs şəriət və cihad deyildikdə əslində nə başa düşməliyik?
Şəriət: izlənilməli vacib yol
Şəriət sözü "su mənbəyinə aparan yol, üsul, adət" mənasını verir. Şəriət Quranda Allahın hz. Nuha, hz.İbrahimə, hz.Musaya, hz. İsaya və hz. Muhəmmədə tövsiyə etdiyi həyat tərzi kimi təsvir edilir. (Şura surəsi, 13) Bir müsəlman Qurana baxaraq necə bir "yol" tutacağını asanlıqla anlaya bilər. Quranda haramlar çox azdır, qəti və dəqiq hökmlərlə bildirilmişdir. Heç bir haram mübahisə doğurmur və şərhə ehtiyacı yoxdur. Bu Quranın mühüm bir xüsusiyyətidir. Məsələn, adam öldürmək, zina etmək, sələm almaq, donuz əti yemək, qan içmək kimi hökmlər Quran ayələri ilə qəti hökmlərlə bildirilmiş haramlardır. Bu səbəbdən ayələri öz istəklərinə görə şərh edərək haramlar uydurmağa çalışan insanlar hər zaman müxtəlif alimlərin açıqlamalarına, mənbəyi bəlli olmayan rəvayətlərə və uydurma hədislərə müraciət edirlər. Allah bu təfəkkürdəki insanların varlığını Quranda bizlərə xəbər vermişdir:
Diliniz yalana vərdiş etdiyi üçün: “Bu halaldır, o haramdır!” – deməyin, çünki Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar nicat tapmazlar! (Nəhl surəsi, 116)
Peyğəmbərimizin (səv) dövründən sonra ayədə təsvir edildiyi kimi "Allaha qarşı yalan uydurmuş" çoxlu sayda qruplar törəmişdir. Quranı əsas götürməyən bu insanlar müxtəlif qadağa və haramlar uyduraraq tamamilə başqa bir İslam anlayışı meydana gətirmişlər. Elə bu gün "şəriət" deyə təqdim edilən, əslində isə İslama tamamilə zidd olan təzyiqə, zülmə və zorakılığa təşviq edən sistem Qurandan uzaqlaşmağın nəticəsidir. Quran ayələri ilə açıqlanan "həqiqi şəriət", yəni Quranın doğru yolu isə bu şəkildə tərif edilə bilər:
Quranın şəriəti sevgi, hörmət, hər dindən, hər fikirdən olan insana şəfqət və himayədarlıq deməkdir. Quranın şəriəti demokratiyanı şərt qoyur. Fikir azadlığı hakimdir. Quranın şəriətində insanlar bilikli, təhsilli, açıq fikirli, zidd fikirlərə hörmət edən, müasir, keyfiyyətli, incəsənət və estetikaya önəm verən, birliyə, dostluğa və sevgiyə dəyər verən insanlardır. Quranın şəriətində nifrət, dözümsüzlük, qarşıdurma, münaqişə, zorakılıq, təkid, təhdid, qəzəb və müharibə yoxdur. Quran şəriətində mütləq ədalət, bərabərlik, əmanətin əhlinə təslim edilməsi var. Rüşvət yoxdur. Hər kəs öz inancında, seçimlərində, həyat tərzində sərbəstdir. İslam şəriəti müsəlmanın da, qeyri-müsəlmanın da, ateist, dinsiz, yaxud bütpərəstlərin də sərbəst yaşaya biləcəyi həyat tərzi təqdim edir.
Bəs hazırda dünyada Quranın şəriətinə uyğun bir İslam ölkəsi varmı? Əlbəttə, xeyr. Bəlkə də ilk anda insanların ağlına şəriətlə idarə olunduğu güman edilən bir neçə İslam ölkəsinin adı gələ bilər. Ancaq əslində bu ölkələrdə Quranda təsvir edilən şəriətlə əlaqəsi olmayan zalım, qadına yaşamaq hüququ verməyən, ədalətsiz hüquq anlayışı hökm sürür.
Quranda təsvir edilən şəriət Peyğəmbərimizin (səv) dövründən etibarən tətbiq olunmayıb. Hazırda şəriətlə idarə edildiyini deyən ölkələr və ya öz anlayışlarına görə "şəriət"i hakim etmək istəyən bir qrup fanatik, qatı, radikal qruplar əslində Quran şəriətindən çox uzaqdırlar. Dolayısilə də tətbiq etdikləri təzyiqi, şiddəti və xurafatları Qurandan dəlillərlə dəstəkləmir, üləma, icma, əcdad, ənənə, yəni Quranla ziddiyyət təşkil edən müxtəlif rəvayətlərə əsaslandırırlar.
Müsəlmanın "cihad"ı necə olmalıdır?
Fanatik və radikal düşüncəyə malik qruplar və ya insanlar "cihad" anlayışını da eynilə şəriət kimi yanlış şərh edirlər. Rəbbimizin Quranda bildirdiyi cihadda adam öldürmə, bombalama, kamikadzelər yoxdur. Qurandakı cihadda zorakılıq, təzyiq və nifrətə yer yoxdur. İslam fanatiklərin və ya radikalların təsvir etdiyi kimi, qətliam, ölüm, nifrət və qəzəb dini deyil. Bu yanlışlıqlar saf vəhyə əsaslanan İslam dininə sonradan əlavə edilmişdir. Beləliklə, əgər bir insan "Qurandan öyrəndim. Mənim kimi düşünməyən hər kəsi öldürməliyəm, bombalamalıyam, şiddət tətbiq etməliyəm" deyirsə, bu insan qətiyyən doğru demir. Çünki bu insan İslama deyil, sonradan uydurulan və mənbəyi Quran olmayan tamamilə başqa bir dinə tabe olur. Bu dində hər şey qaranlıqdır. Sevgi yerinə nifrət, şəfqət yerinə qəzəb, qardaşlıq əvəzinə düşmənçilik, sənət, estetika, elm və mədəniyyət əvəzinə cəhalət var. Belə bir dinə inanan şəxsin əlinə silah vermək, "bu insanlar sənin düşmənindir" demək, onu provokasiya etmək, nifrət qrupları və əli silahlı dəstələr yaratmaq çox asandır.
Bəs bu radikal, fanatik düşüncə tərzi necə yaranıb?
İslam dünyasının çox böyük hissəsinin bu anlayışla bilgiləndirilməsi, Qurandan lazımınca xəbərdar olmamaları bu anlayışın yaranma səbəbidir. Bu insanlar cahil buraxıldılar, sənətdən elmdən və insani dəyərlərdən uzaqlaşdılar. Özləri kimi düşünməyəni, fərqli həyat formalarına malik olanları düşmən bildilər. Şəriəti də, cihadı da yanlış bilib yanlış tətbiq etdilər. Əksəriyyəti Quranı bir dəfə belə oxumayıb. Cahil və fanatik atalarından öyrəndiklərini tətbiq etmələrinə baxmayaraq, özlərini ən doğru yolda zənn etdilər. Özlərinə, dinlərinə, ailələrinə, xalqlarına və əlbəttə, başqalarına zərər verdiklərini heç düşünmədilər. Halbuki Quranda təsvir edilən cihad bu radikal və fanatiklərin anladıqlarından çox fərqlidir.
Cihad sözünün mənşəyi "cəhd" dir. Ərəb dilində "işləmək, çalışmaq, əzm, səy, fədakarlıq göstərmək" mənalarında işlədilir. İslam dinində cihad etməyin mənası isə qarşı tərəfi dinin həqiqətləri haqqında məlumatlandırmaq, gözəl əxlaqı öyrətmək, insanları pislikdən uzaqlaşdırmaq üçün səy göstərməkdir. Bunu edərkən müsəlman bir tərəfdən öz nəfsini gözəl əxlaqa qarşı tərbiyə etməli, qəzəb və nifrətdən uzaq bir insan olmaq üçün səy göstərməlidir. Yəni cihad bir tərəfdən özünü tərbiyə edərkən, digər tərəfdən də yaxşını, gözəli, doğrunu insanlara öyrətmək üçün çalışmaqdır. İslamda əsas olan elmlə və fikirlə aparılan mənəvi cihaddır.
Quranın heç bir yerində cihad sözü yuxarıda qeyd olunanlardan başqa bir mənada istifadə edilməmişdir. Dolayısilə, hazırda cihad adı altında insanları qətlə yetirənlər, kamikadze olaraq özlərini, eyni zamanda da müdafiəsiz insanları öldürənlər Qurana görə harama girirlər. Amma çox böyük əksəriyyəti bunu cahilliyindən, Quranda təsvir edilən həqiqi İslam dinini bilmədiyindən edir. Məhz buna görə bu insanları öldürmək, üzərinə bomba yağdırmaq, həbs etmək, ya da sürgün etmək heç bir işə yaramaz. Önəmli olan bu düşüncə tərzinin aradan qaldırılmasıdır. Bu insanların problemi Quranla tərbiyə edilməmələri, Allahın adətullahını dərk etməmiş olmalarıdır. Bu problem var olduqca, yanlış təhsil var olduqca nə etdiyindən xəbərsiz radikallar də mütləq olacaq. Beləliklə, cihad adı altında dəhşət saçıb terror törədənlərin tək ehtiyacı maarifləndirmədir. Onlara həqiqi şəriət, dinin gözəl yolu öyrədilməlidir.
Problemin İslam dinindən irəli gəldiyini zənn edənlər radikal terrorizmin həll yolunun ancaq bu insanları öldürmək olduğunu zənn edərək çox daha böyük bir bataqlıq əmələ gətirirlər. Çünki bu hücumlar radikalizmin daha da möhkəmlənməsindən başqa nəticə vermir. Həll yolu bəzi müsəlmanların etdiyi kimi, "əsl İslam bu deyil, İslam sülh dinidir" - dedikdən sonra bir kənara çəkilmək, uzun-uzun terminlər və anlayışlar üzərində mübahisə etmək də deyil. Həll yolu bu qruplara, bu insanlara Quranda təsvir edilən həqiqi İslamı izah etmək, onları maarifləndirmək və radikal-fanatik fikirdən uzaqlaşdırmaq, problemin kökünə enib marifləndirmə aparmaqdır. Ortada yanlış inanc problemi var. Yanlış inancların aradan qalxması isə ancaq və ancaq yerinə Qurandakı düzgün inancların qoyulması ilə mümkündür.
Adnan Oktarın «Diplomacy Pakistan»da dərc edilən məqaləsi:
http://www.diplomacypakistan.com/articles/understanding-the-concepts-of-sharia-and-jihad-correctly/