Məgər Allah`ın köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs (kafirlə eyni ola bilərmi)? Qəlbi Allah`ın zikrinə qarşı sərt olanların vay halına! Onlar, həqiqətən, azğınlıq içindədirlər. (Zumər surəsi, 22)
Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır. Bunlar Allah`ın lütfü və neməti sayəsindədir. (Hucurat surəsi, 7-8)
Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər. Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır. (Bəqərə surəsi, 6-7)
Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allah`dan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız? (Casiyə surəsi, 23)
Məgər Biz sənin üçün köksünü açmadıqmı? Yükünü səndən götürmədikmi? (Onlar) belini bükürdü. Biz adını sənə görə ucaltmadıqmı? Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Həqiqətən, hər çətinliyin ardınca asanlıq gəlir. (İşlərini) qurtaran kimi (Allah yolunda) çalış! Rəbbinə üz tut! (İnşirah surəsi 1-8)
Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar. (Ənam surəsi, 125)