Kommunizm uzun müddət Sovet İttifaqı ilə eyni qəbul edildi və Sovet İttifaqının dağılması bütün dünyada kommunist ideologiyasının da yox olması kimi dəyərləndirildi. Beləliklə də, kommunizmin verdiyi bütün zərərlərin qısa müddətdə aradan qaldırılacağı, rus xalqının maddi və mənəvi cəhətdən rahatlığa qovuşacağı zənn edildi. Halbuki SSRİ-nin dağılmasını kommunizmin yox olması kimi dəyərləndirmək böyük səhv idi. SSRİ-nin Müstəqil Dövlətlər Birliyinə çevrilməsi isə sadəcə saxta çöküşün davamı idi. Çünki bütün dünyanın da şahid olduğu kimi, bu ölkələrdə hələ də Rusiyanın işğalçı siyasəti davam edir və hələ ki Qafqaz ölkələrinin həqiqi mənada müstəqil olduğunu demək olmaz.
Sovet İttifaqının son əsrlərə qədər müdafiə etdiyi və XX əsri qana qərq edən, milyonlarla insana aclıq, səfalət, qorxu və dəhşət yaşadan bu təhlükəli ideologiyanın həqiqi mənada məhvi ancaq bu ideologiyanın əsaslandığı fikirlərin və inancların yox edilməsi ilə mümkündür. Rusiyada materialist dünyagörüşü, güclünün zəifi əzdiyi bir sistem və kommunist əxlaq davam etdiyi müddətcə Sovet İttifaqının izləri də əsla silinməyəcək. Belə bir vəziyyətdə səfalət, yoxsulluq və aclıq davam edəcək, insanlara zülm ediləcək, təhlükəsiz və rahat yaşamaq mümkün olmayacaq.
Kommunizmi dəstəkləyən iki əsas faktor darvinizm və materializmdir. Buna görə də bu ölkələrdə yaşanan qarşıdurmaların, səfalətin, aclığın, narahatlıqların və insanlara edilən zülmün səbəbi darvinist və materialist düşüncədir.
Kommunizm darvinizm və materializm sayəsində varlığını qorumuşdur!
Darvinizm həyatın mübarizə və döyüş meydanı olduğunu, bu mübarizədə güclülərin, yəni düşmənini qəddarlıqla məğlub edənlərin üstün gələrək inkişaf edəcəklərini iddia edir. Bu fəlsəfə, həmçinin insanların inkişaf etmiş heyvan növü olduqlarını da iddia edir. Darvinizm və materializmin ortaq iddiaları isə kainatın və canlıların təsadüflərin əsəri olduğu və Yaradıcının olmadığıdır. Kommunizmin XX əsrdə bəşəriyyətə yaşatdığı zülmətin arxasında dayanan səbəblər məhz bu paraqrafda qısa şəkildə izah edilən və heç bir elmi əsası olmayan iddialardır. Buna görə də darvinizmin elmi nəzəriyyə kimi qəbul edilməsi yanlış olar.
Heç bir elmi əsası olmadığı halda, 150 ildir ki, müəyyən qisim insanlar tərəfindən gündəmdə saxlanılan və rəğbət görən nəzəriyyə kimi dəstəklənən darvinizm XX əsrə bəla və kədər gətirən ideologiya və sistemlərin tək istinad mənbəyi olmuşdur. Bu səbəbdən təkamül nəzəriyyəsinin etibarsızlığının sübut edilməsi və bütün bəşəriyyətə çatdırılması böyük əhəmiyyət daşıyır.
Kommunizm ölkələrə səfalət, aclıq və xaos gətirdi
Keçən əsrdə Rusiya və Çin kimi ölkələrdə baş verənlər darvinizmin cəmiyyətlərə gətirdiyi bəlaların və dərdlərin görülməsi baxımından olduqca mühümdür. Xüsusilə də, 1917-ci ildə Rusiyada baş verən inqilabdan bu vaxta qədər yaşananlar kommunist quruluşun bir ölkəni necə uçuruma apardığını açıq-aşkar göstərir.
Bolşevik inqilabından sonra darvinist-materialist düşüncə Rusiyaya hakim oldu. Bu zehniyyət rus xalqını yoxsulluğa, aclığa, çətinliklərə aparan yolun başlanğıcı idi. Rusiyada dünya tarixinin ən zalım qırğınları, soyqırımları və sürgünləri baş verdi. Kommunizmin qurucuları Karl Marks və Fridrix Engels kimi, kommunizmin tətbiqçiləri Lenin, Stalin və digər bolşeviklər də qatı darvinist idilər və yürütdükləri zorakılıq siyasətlərini və zülmləri darvinizmin saxta elmi dəlilləri ilə məqbul göstərməyə çalışırdılar.
Qatı darvinist olduqları üçün Lenin və Stalin insanları heyvan sürüsü hesab edir və insan həyatına dəyər vermirdilər. Kommunist tərəfdarları ilə birlikdə həyata keçirdiyi qanlı vətəndaş müharibəsindən sonra iqtidarı ələ keçirən Lenin qurduğu sistemin əleyhinə olan hər kəsi güllələtmiş, ölkədə baş verən vətəndaş müharibələri üç il davam etmiş, Rusiya xarabalığa çevrilmişdi. Lenin iclasların birindəki çıxışında bu dəhşətli ifadələri demiş və insan həyatına nə qədər az dəyər verdiyini dilə gətirmişdir:
"Əgər kütlələr öz-özünə ayağa qalxmasa, heç bir şey edə bilmərik. Spekulyatorlara terror tətbiq etmədiyimiz, yəni oradaca dərhal başlarına bir güllə vurmadığımız müddətcə heç bir nəticə əldə edə bilmərik." (V. İ. Lenin, Polnoye Sobraniye Soçineniy, Moskva, 1958-1966, cild XXXV, səh. 311)
Lenin ilə eyni fikirdə olan Stalinin dövründə günahsız insanlar evlərindən götürülərək ölüm düşərgələrinə göndərilirdilər. Burada işgəncə altında, ac halda və ağır şəraitdə işlədilən bu insanlar bir müddət sonra öldürülürdülər. Stalinin darvinist-materialist dövləti insan həyatını və insani dəyərləri heçə sayırdı. Ukraynadakı düşərgələrdən birinin rəhbəri olan Martin Latsis hesabatlarından birində bunların həqiqi "ölüm düşərgəsi" olduğunu belə etiraf edirdi:
"Maykop yaxınlığındakı bir düşərgəyə toplanan girovlar -qadınlar, uşaqlar və yaşlılar – palçıqda və oktyabr soyuğunda, dəhşətli şəraitdə yaşayırlar… Ağcaqanadlar kimi qırılırlar… Qadınlar ölməmək üçün hər şeyi etməyə hazırdırlar. Düşərgəni qoruyan əsgərlər bu qadınların ticarətini etmək üçün mövcud vəziyyətdən istifadə edirlər." (Kommunizmin qara kitabı, Doğan nəşriyyatı, İstanbul, səh. 134-135)
Stalin "kommunizm layihəsini" reallaşdırmaq adı altında ölkəni aclıq və səfalətə sürükləmiş, zalım rəhbərlik qurmuş, kəndliləri zorla işlətmiş, dinlərini yaşamaq hüququnu əllərindən almışdı. Stalinin ən böyük işlərindən biri isə Rusiya əhalisinin 80 faizini təşkil edən kəndlilərin torpaqlarını dövlətin adından müsadirə etmək idi. Xüsusi mülkiyyəti ləğv etmək məqsədi ilə silahlı məmurlar tərəfindən rus kəndlilərinin bütün məhsulu toplandı. Bunun nəticəsində dəhşətli aclıq yaşandı. Yeməyə heç bir şey tapa bilməyən milyonlarla qadın, uşaq və yaşlı aclıqdan həlak oldu. Qafqazda ölənlərin sayı bir milyonu keçdi. Kəndlilərin məhsullarını dövlət əli ilə zorla müsadirə edən "müsadirə birlikləri" quruldu. Bu birliklər də müxtəlif zülmlər edirdilər. 1922-ci il, fevralın 14-də bir müfəttiş bunları yazmışdı:
"Müsadirə dəstələrinin haqsız tətbiqləri son həddə çatıb. Həbs olunan kəndlilər sistemli şəkildə soyuq anbarlarda saxlanılır, qamçı ilə döyülür və ölümlə hədələnirlər. Təhvil verməli olduqları kvotanı tamamlaya bilməyənlər əlləri bağlanaraq, çılpaq şəkildə kəndin mərkəzi küçəsində qaçmağa məcbur edilir və sonra da soyuq bir anbara atılırlar. Çoxlu sayda qadın huşunu itirənə qədər döyüldükdən sonra çılpaq halda qarda qazılan quyulara atılır…" (Kommunizmin qara kitabı, səh. 159-160)
Bu siyasətə qarşı çıxan yüz minlərlə insan isə Sibirdəki işçi düşərgələrinə göndərildi. Dustaqların çox ağır şəraitlərdə işlədildiyi bu düşərgələr sürgünə göndərilən insanların böyük əksəriyyətinin məzarı oldu. Stalinin bu qanlı siyasəti nəticəsində təxminən 20 milyon insan qətlə yetirildi.
Öldürmək yaşamaq uğrunda mübarizənin əsas ünsürü kimi qəbul edildiyi üçün darvinist-kommunistlər milyonlarla günahsız insanı müxtəlif üsullarla öldürdülər. Bu qısa dövrdə təkcə Rusiyada öldürülənlərin sayı 60 milyonu keçirdi.
Darvinist zehniyyətin digər xüsusiyyəti də xalqa etibar etməməsi idi. Verməyə məhsulu olmadığını deyən kəndlilərin məruz qaldığı qəddar işgəncələrin səbəblərindən biri də bu idi. Xalqdan yalnız mənfəət əldə etmək üçün istifadə edən, onları heyvan kimi işlədib, ehtiyacları olmayanda və ya şübhələndikdə fikirləşmədən öldürən darvinist rəhbərlər, demək olar ki, bütöv bir əsri qana qərq etdilər.
Darvinist-kommunist dövlətin xüsusi təşəbbüsə imkan verməməsi, istehsalçının əlindən bütün məhsulunu və qazancını alması da şübhəli düşüncənin başqa bir göstəricisidir. Bu zehniyyət özündən başqa heç bir insana, heç bir düşüncəyə və ya inanca dəyər vermədiyi üçün onların inkişafına və ya mövcudluğuna də icazə vermir. İnsanlar darvinist dövlətin istehsal etdiyi paltarı geyinmək, bu dövlətin göstərdiyi sənətlə məşğul olmaq, yalnız müəyyən məhsulları müəyyən cür istehsal etmək məcburiyyətindədirlər. Heç kim fikir yürüdə bilməz, geniş düşünə bilməz, yenilik gətirə bilməz. Yalnız dövlətin imkan verdiyi qədər həyat sürə bilər. Bu, darvinist-materialist bir dövlətin istədiyi cəmiyyət formasıdır.
Əvvəldə də qeyd etdiyimiz kimi, Sovet İttifaqının dağılması bu düşüncənin yox olması üçün kifayət etməmişdir. Belə ki, bu gün Rusiya hələ də eyni mərhəmətsiz, ruhsuz və hər cür insani dəyərdən uzaq darvinist düşüncənin pəncəsindədir. Sovet İttifaqının dağılmasından sonra iqtidara gələn bütün rəhbərlərin həm öz xalqına, həm də Qafqaz xalqlarına qarşı münasibətləri bunun mühüm göstəricisidir. SSRİ-nin dağılması bütün dünyanın gözlədiyi kimi, rus xalqı üçün yaxşılığa doğru irəliləyiş olmadı. Çünki eyni kommunist anlayış hələ də iqtidardadır və bütün gücü ilə dəyişikliyə qarşı müqavimət göstərir. Rəhbərlikdə olanlar ya keçmiş kommunistlər, ya da Putin kimi keçmiş KQB agentləridir.
Belə ki, son on ildə baş verənlər də bu saxta dəyişikliyi yalanlayır. Rusiyanın çeçen xalqına qarşı törətdiyi vəhşi soyqırım bu kommunist düşüncədən irəli gələn hadisədir. Stalin dövründə də eyni zülmlərə məruz qalan çeçen xalqının yaşadıqları soyuq müharibədən sonra da heç bir şeyin dəyişmədiyini isbat etdi. Müdafiəsiz və günahsız çeçen xalqı 10 ilə yaxın müddətdir ki, bombaların altında yaşamağa çalışır. İnsan həyatına dəyər verməyən rus rəhbərliyi olduqca çirkin müharibə üsulundan istifadə edir, vətəndaşların olduğu xəstəxanaları, doğum evlərini, bazarları, qaçqın düşərgələrini bombalayır. Mülki çeçen xalqına belə yaşamaq haqqı vermir və tək bir çeçen qalmayana qədər bu müharibəni davam etdirəcəyini deyir.
Darvinist rus dövləti öz dənizçilərini qaranlıq dənizdə ölümə tərk etdi
1917-ci il bolşevik inqilabından sonra rus hökumətinin siyasətində ən çox nəzərə çarpan insan həyatının heçə sayılması olmuşdur. Bu düşüncə o dövrdən bu günə qədər həyata keçirilən və milyonlarla insanın ölümünə səbəb olan qətliamlarla da özünü göstərmişdir. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, bu düşüncə yalnız digər xalqlara yönəldilməyib, darvinist dövlət öz vətəndaşlarının həyatını da dəyərsiz hesab edir.
Bir neçə il bundan əvvəl batan rus sualtı gəmisinin xilas edilməsində göstərilən laqeydlik və diqqətsizlik bu düşüncənin göstəricisidir.
Bilindiyi kimi, rus rəhbərlər sualtı gəminin batdığını qərb ölkələrindən gizlətməyə çalışdılar. (Əgər gəmiyə ruslardan əvvəl çatsalar, bəzi sirlərinin ortaya çıxacağından qorxurdular. Hətta bəzi siyasi ekspertlər rusların beynəlxalq sularda gizli nüvə silahı daşıdığının ortaya çıxmasından çəkindiyini iddia etdilər.) Əslində, bu vəziyyət rus xalqı üçün qeyri-adi deyildi. Çünki Sovet hökuməti üçün bu cür fəlakətlərin gizlədilməsi, xüsusilə də, qərb ölkələrinə bildirilməməsi normal haldır. Soyuq müharibə dövründə bir çox fəlakətlərin, avtomobil qəzalarının digər ölkələrdən gizlədildiyi deyilir. Məsələn, Qorbaçov 1986-cı ildə Çernobıldə baş verən nüvə partlayışını gizlətmək, ört-basdır etmək istəmiş, lakin müvəffəq olmamışdır. İnsan həyatına dəyər verməyən rus hökuməti müxtəlif yayındırma cəhdlərinə, yalan məlumatlarla xalqı aldatmağa çalışmasına baxmayaraq, məğlub oldu. Müxtəlif oyunlara, yalanlara əl atsa da, müvəffəq ola bilmədi. Rus ictimaiyyəti də qərb mətbuatının sözünü öz hökumətindən daha ciddi qəbul etdi. Xarici mətbuat agentlikləri ilk gündən etibarən baş verənləri ictimaiyyətə təqdim etdikləri üçün hadisələr bütün dünyanın gözləri qarşısında həyata keçdi. Ancaq buna baxmayaraq, rus rəhbərliyi hadisənin ilk günündən etibarən həm bütün dünyaya, həm də öz xalqına yalan məlumat verdi. Əvvəlcə sualtı gəminin ağır zədə aldığı və ekipaj üzvlərinin öldüyü deyildi. Ancaq belə olmadığı və dənizçilərdən yardım siqnallarının gəldiyi ortaya çıxdı. Son olaraq da çıxış qapaqlarına ciddi ziyan dəydiyi və açıla bilməyəcəyi açıqlandı. Bu dəfə isə yalanın üstü xilasetmə işlərini həyata keçirən norveçli dəstə tərəfindən açıldı. İki saat davam edən çalışmadan sonra xilasetmə dəstəsi qapaqları aça bildi.
Kommunist əxlaq anlayışının tipik nümayəndəsi olan Putin isə bu hadisə zamanı göstərdiyi laqeyd, insani duyğulardan uzaq, soyuq rəftarı ilə əsl Sovet bürokratı və KQB agenti olduğunu göstərdi. Vətənini müdafiə edən 118 vətəndaşın həyatı onun üçün heç bir əhəmiyyəti daşımırdı və bəlkə də, xalqın ən çox reaksiya göstərdiyi məsələ Putinin laqeyd davranışı idi. Əslində, Putin 118 dənizçini dənizin altında ölümə tərk edərkən müdafiə etdiyi fəlsəfənin tələblərinə uyğun davranırdı. Bu qədər insanın həyatını heçə sayaraq, məzuniyyətini belə təxirə salmağı lazım bilməyən, xarici köməkləri qəbul etməyən bir dövlət başçısının o millətə nə qədər böyük zülm gətirəcəyi çox açıqdır. Xalq öz əsgərlərinin həyatına belə dəyər verməyən bu rəhbərlərin xalqın digər hissəsinə də dəyər verməyəcəyini anladı. Belə ki, rus xalqı "yəqin ki, hər kəs dövlətimizin necə dövlət olduğunu görmüşdür"- deyərək bu zehniyyətə qarşı etirazlarını dilə gətirmişdi.
Kommunist əxlaq müxalif fikirləri yox etməyi öyrədir
Sualtı gəminin batmasından sonra dünya mətbuatında əks olunan bir görüntü bu dəfə də canlı yayəmda rus hökumətinin zehniyyətini insanlara göstərdi. Övladlarının ölümlərində rus hökumətini günahkar bilən ailələr hadisənin ilk günündən etibarən hər yerdə Putinə olan qəzəblərini dilə gətirdilər. Ancaq Baş Nazirin müavininə "Övladımı dəmir qutunun içində ölümə göndərdiniz. Sinənizdəki medalları söküb atın!" deyə qışqıran bir anaya gizli xidmətdən olduğu iddia edilən tibb bacısı tərəfindən vurulan iynə canlı görüntülərlə bütün dünya televiziyalarında nümayiş olundu. Bu görüntü bütün dünyanı ayağa qaldırdı. Bu iynədən sonra huşunu itirən ana cangüdənlər tərəfindən oradan uzaqlaşdırıldı.
Bu görüntü bütün izləyənlərə keçmiş Sovet dövründə tətbiq olunan KQB üsullarını xatırlatdı və dünya mətbuatında bu istiqamətdə yazılar nəşr olundu. Rus hökuməti zalımlıqda, təzyiqdə və insan həyatına əhəmiyyət verməməkdə günahlandırıldı. Bilindiyi kimi, SSRİ dövründə müxaliflərini zərərsizləşdirmək üçün xüsusi psixiatriya xəstəxanaları qurulmuşdu. Bu xəstəxanalarda insanlar müxtəlif üsullarla susdurulur, rus deyimi ilə, "zərərli düşüncələrindən təmizlənirdilər". Həmçinin belə insanları Sibirə sürgünə, işçi düşərgələrinə göndərirdilər. İynə ilə bayıltmaq üsuluna da həmin dövrdə tez-tez müraciət edilirdi. Lakin insanı bir neçə dəqiqədə bayıldan bu iynələr tənəffüs yollarında ölümə səbəb olan ciddi problemlər yaradır və beyində daimi zədəyə səbəb olurdu. Yüksək dozada istifadə edildikdə isə ölümə səbəb olurdu. Şəhid anasının tənqidlərini eşitməmək üçün belə bir üsula müraciət etmək isə ancaq kommunist əxlaqın hələ də hökm sürdüyü bir ölkədə ola bilərdi.
Lakin ən maraqlısı o idi ki, hökuməti tənqid edən bu qadın iynədən və hökumət səlahiyyətliləri tərəfindən olduğu yerdən uzaqlaşdırıldıqdan sonra ifadələrini bir anda dəyişdi. Bu da yeni KQB oyunu kimi şərh olundu. Bu ifadə dəyişikliyinin hansı üsullarla həyata keçirildiyi isə sual olaraq qaldı.
Kommunist Çin rəhbərliyinin vəhşiliyi davam edir
Rusiyada baş verənlərin bənzəri illərdir ki, Çində də baş verir. Xüsusilə, Mao Tsedunun iqtidara gəlməsi ilə Çin xalqı üçün çox böyük bəlalarla dolu bir dövr başlamışdır. Mao rəhbərliyindəki kommunistlər 1949-cu ildə uzun müddət davam edən vətəndaş müharibəsi nəticəsində iqtidara gəldilər. Mao bu tarixdən 1976-cı ilə qədər zalım və qanlı bir hakimiyyət qurdu. Çində də Rusiyada olduğu kimi, özlərini yoxsulların xilaskarı kimi göstərən kommunist rəhbərlik xalqın torpaqlarını, heyvanlarını, məhsullarını və bütün mülklərini əllərindən aldı. Bu dövrdə iqtidardakılar və tərəfdaşları zənginləşirdi, xalq isə aclıqdan ölürdü. Tətbiq olunan bütün islahatlar ölkədə baş verən qarışıqlıqları və xaosu daha da artırdı. Milyonlarla insan həyatını itirdi. Mao həm öz xalqına, həm də azlıqlara qarşı böyük soyqırım törətdi. Ölkənin tamamilə xarici dünya ilə əlaqəsini kəsərək, mətbuat və informasiya vasitələrini öz əlinə aldı. Hökumətə, ya da rejimə qarşı ən kiçik tənqid belə edamla nəticələndi. Rusiyada olduğu kimi, azlıqların öz dinlərini yaşaması qadağan edildi. Din xadimləri qorxunc işgəncələrə məruz qaldılar, məscidlər və ibadət evləri bağlandı. Dinin təbliğ edilməsi tamamilə qadağan edildi.
Məktəblərdə yalnız Maonun azğın fəlsəfəsinin izah edildiyi “Qırmızı kitab” oxudulur, materializm təbliğ olunurdu. Kommunist sistemin mənfəəti üçün hər cür əxlaqsızlığın edilə biləcəyi təlqin edilir, ailə qurumunun isə dövlətin gələcəyinə mənfi təsir edəcəyi öyrədilirdi. Bunun nəticəsində milyonlarla ailə dağıdıldı, uşaqlar körpələr evlərinə göndərildi və ailələrin ildə bir dəfə görüşmələrinə icazə verildi.
Bir müddət əvvəl qəzetlərə əks olunan bir hadisə isə Mao dövründən indiyə qədər heç bir şeyin dəyişmədiyini göstərdi. Əhalisinin sayına görə dünyada birici yerdə olan (1 milyard 250 milyon) Çində 1970-ci illərdən bəri həyata keçirilən təkuşaqlılıq siyasəti nəticəsində ailələr aborta məcbur edilirdi. Hətta hamilə qalaraq qanunları pozan qadınlar həbs edilirdi. Xarici mənbələr isə birdən çox uşaq sahibi olanların döyüldüyü və evlərinin dağıdıldığı kimi xəbərlər yayırdılar.
Ötən illərdə isə çox vəhşi bir hadisə baş verdi. Dördüncü uşağına hamilə qalan bir qadına uşağını öldürmək üçün dərman verildi. Lakin buna baxmayaraq, uşaq sağlam şəkildə dünyaya gəldi. Ailəyə uşağını xəstəxanadan çıxan kimi dərhal öldürməsi əmr edildi. Ailə bunu edə bilmədiyi üçün körpə dövlət məmurları tərəfindən boğularaq öldürüldü. Çin hökuməti bu vəhşi siyasəti dəstəkləmirmiş kimi görünsə də, bunların hökumətin əli ilə edildiyi artıq hər kəsə məlumdur. Yəni Çində hakim olan kommunist əxlaq yeni doğulmuş körpəni belə boğaraq öldürməyi qanuni göstərir.
Lakin yaşanan bu hadisələr heç kimi təəccübləndirməməlidir. Bunlar darvinist və materialist həyat anlayışının nəticələridir. Mənəvi dəyərlərə qiymət verilməyən, insanları inkişaf etmiş heyvan növü hesab edən, Allaha və axirətdəki hesab gününə inanmayan dövlət anlayışında xalq hər an zülm, əziyyət, çətinlik içində olacaq, hər an dəhşət və qorxu yaşayacaqdır. Rusiyada və Çində baş verənlər bunun çox açıq və hələ də davam edən nümunələridir.
Darvinizmin nə qədər böyük bəla və təhlükə olduğunu görə bilməyənlər və ya görməzlikdən gələnlər XX əsrdə və hal-hazırda baş verən bəzi hadisələrin bu tərəflərini də düşünməli, həqiqətləri qəbul etməlidirlər. Pisliklərin, zülmün və mərhəmətsizliyin mənbəyi yox edilmədən bəlaların və əzabların sonu gəlməyəcək...