ABŞ İraqı işğal etdikdən sonra Yaxın Şərq 15 ildir ki, ancaq münaqişələr, vətəndaş müharibələri, qırğınlar və terrorla gündəmə gəlir. Bu qanlı dövrdə 3 milyona yaxın müsəlman həyatını itirib. 20 milyon müsəlman isə evini, yurdunu tərk etmək məcburiyyətində qalıb. 1500 illik müsəlman şəhərləri Dəməşq, Hələb, Bağdad, Mosul, Sana, Bəsrə yerlə-yeksan olub. Bu qanlı nəticə hələ də bəziləri üçün kifayət deyil. Bu bölgələrdə sabitliyi bərpa edəcək nə bir hədəf, nə bir təşəbbüs, nə də həll yolu planı var. Halbuki günahsız müsəlmanlar hər gün həyatlarını itirirlər.
Bu münaqişə şəraitində Qətər-Türkiyə ittifaqı regiondakı insanlara ümid verməyə başladı. Türkiyə Rusiya ilə qurduğu strateji əməkdaşlıqla Suriyanın böyük hissəsində sabitlik yaratdı. Bu uğurda İranın dəstəyi də böyük rol oynadı. Regionun ən mühüm sünni və şiə dövlətləri Rusiya ilə birlikdə Suriyadakı vətəndaş müharibəsini bir az da olsa, ləngitdilər. Bu təşəbbüsü ilk gündən dəstəkləyən Qətərin də bu müddətdə ittifaqın strateji ortağı olması ilə regionda yeni güc mərkəzi ortaya çıxdı.
Alyans ilk sınağını Ramazan bayramından öncə verdi. Qətərə qarşı başladılan siyasi və iqtisadi blokada zamanı Türkiyə Qətərə bir neçə saatın içində öz yardım əlini uzatdı. Bir həftə ərzində 220 yük təyyarəsi Türkiyədən Qətərə gündəlik istehlak malları daşıdı. Türkiyədən göndərilən meyvə və tərəvəzlər, süd və toyuq məhsulları marketlərin rəflərini doldurdu. İran isə quru ərazidən və havadan blokadaya alınan Qətərə dəniz yolunu açıq saxladı. Böhranın dərinləşdiyi dövrdə Türkiyə daha bir addım ataraq hərbi dəstəyini də açıq şəkildə göstərdi. Qətərdəki türk birliyi möhkəmləndirildi. İki ölkə qoşunları hərbi təlimlər həyata keçirdi. Qətərin təklənməsinin qarşısı alındı. Bir çox siyasi təhlil bu dostluq mühitinin böhranın dərinləşməsinə mane olduğunu göstərir.
Bu mərhələdə Türkiyə böhranın digər tərəfi olan Səudiyyə Ərəbistanı koalisiyası ilə də yaxın təmasda olaraq blokadanın aradan qaldırılması və problemin həll edilməsi üçün vasitəçi funksiyasını öz üzərinə götürdü.
Əslində, bu baş verənlər Türkiyə və Qətər arasında 10 ildir ki, nəzərəçarpacaq dərəcədə inkişaf edən strateji əməkdaşlığın son mərhələsidir. Qətər bu dövrdə Türkiyənin ən iri qaz təchizatçılarından biri oldu. Qətərin investisiya fondları bank sektorundan mediaya, daşınmaz əmlakdan turizmə qədər bir çox sektorda böyük investisiyalara imza atdı. 2016-cı il iki ölkə arasında iqtisadi əməkdaşlığın zirvəyə çatdığı dövr oldu. Qətər şirkətləri Türkiyəyə 400 milyon dollar sərmayə qoydular. Bununla da Qətər Türkiyəyə ən çox sərmayə qoyan 7-ci ölkə oldu. 40 milyard dollarlıq sərvəti idarə edən "Türk Varlıq Fondu" Rusiyadan sonra Qətərlə birgə fond qurdu. Türk podratçıların Qətərdə imzaladığı müqavilə məbləği isə 14 milyard dollara çatdı. 2016-cı ildə Türkiyədən Qətərə 421 milyon dollarlıq, Qətərdən Türkiyəyə isə 271 milyon dollarlıq mal idxal edildi.
Kənd təsərrüfatına yararlı torpaqların az olması səbəbindən Qətər qida ehtiyacının 90%-ni idxal yolu ilə təmin edir. Bu səbəbdən ərzaq embarqosunun Qətər üzərində ciddi təsirləri ola bilər. Ancaq Türkiyə bu məsələnin həlli üçün müxtəlif addımlar atdı. Türkiyə adından Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi, Qətər adından isə Bələdiyyə və Ətraf Mühit Nazirliyinin imzaladığı razılıq memorandumu ilə kənd təsərrüfatı, ərzaq və heyvandarlıq sahələrində əməkdaşlıq layihələri həyata keçirilməyə başlandı.
Siyasi və iqtisadi əməkdaşlıq mühiti hər iki cəmiyyəti də bir-birinə yaxınlaşdırmağa başladı. 2016-cı ildə 40.000 qətərli turist Türkiyəni ziyarət etdi. Bu rəqəm 2017-ci ilin ilk dörd ayında isə 15.000 oldu. Turist səfərləri artıq ortaq mədəniyyət meydana gətirməyə başlamışdır. Hər iki ölkədə gözlə görünəcək şəkildə ərəb və türk təsiri yaranmışdır. Türkiyədə bir çox şəhərdə qətərli turistlərin özlərini evlərindəki kimi hiss etmələrini təmin edəcək məkanlar açıldı. Bənzər şəkildə də Qətər küçələrində türk ticarət markalarının tekstil, geyim, zinət əşyaları mağazalarını görmək mümkündür. Türk film ulduzları Qətərdə Hollivud ulduzlarından daha çox tanınır. Bu sosial ünsiyyət iki ölkə vətəndaşını hər gün bir-birinə daha da yaxınlaşdırır.
Hər iki dövlət rəhbərləri də bu əməkdaşlıq məsələsində qətiyyətlidirlər. İstər cənab prezident Rəcəb Tayyib Ərdoğan, istərsə də Qətər şeyxi Təmim bin Həməd Al Sani bu məsələdə səmimi münasibət göstərirlər. Cənab Ərdoğan regiondakı böhranın ən qızğın vaxtında Qətər və Səudiyyə Ərəbistanına səfər edərək Türkiyənin dost ölkələr arasındakı problemləri dəf etmə məsələsində qətiyyətli olduğunu açıq şəkildə bəyan etdi.
Bu gözəl xəbərlər Yaxın Şərq üçün yeni ümid işığı olmalı, Yaxın Şərqdə sülh və sabitlik tez bir zamanda bərpa edilməlidir. Bunun yeganə yolu müsəlmanların aralarındakı ziddiyyətləri bir kənara qoyub ittifaq etmələridir. Bölgə müharibənin astanasındadır. Aralıq dənizi müharibə dənizi halına gəlmişdir. Bəsrə körfəzi isə növbədədir. Qaranlıq qapılar arxasında qurulan bu tənəzzül planını dayandıracaq yeganə güc müsəlman dünyasının ittifaqla hərəkət etməsidir. Qətər və Türkiyə cəsarətlə bu məsələdə ilk addımı atdılar. Bu cür səmimi dostluq və birliklər dünyanı kütləvi məhvə aparacaq müharibələrdən qoruyacaq.
Adnan Oktarın "The Peninsula Qatar"da yayımlanan məqaləsi:
https://www.thepeninsulaqatar.com/opinion/21/08/2017/True-alliances-begin-with-friendship