İnsan bədəni qüsursuz bir sistemə sahib olaraq yaradılmışdır. Bu sistem düşünən və öyüd alan insanlar üçün əhəmiyyətli dəlillərlə doludur. Bu dəlillərin yaradılış məqsədi isə insanı düşünməyə sövq etməkdir. Çünki hər bir insana dünyada yaşamaq üçün müəyyən vaxt verilmişdir. Bu müddətin nə vaxt bitəcəyini və ölümün nə vaxt gələcəyini isə heç kəs bilmir. Allah tərəfindən hamı üçün ayrı-ayrı təyin olunmuş bu qısa müddət ərzində bir çox təfərrüatla qarşılaşan insan çox vaxt Allahın xüsusi olaraq yaratdığı dəlillər üzərində düşünmür. Halbuki insan ona verilmiş məhdud müddət ərzində gördüyü hər şeydən öyüd alıb düşünməlidir. Çünki yalnız düşündüyü zaman Allahın bənzərsiz yaradılışını görə bilər və Allahın göydən yerə kimi hər şey üzərindəki hakimiyyətini təqdir edə bilər. Allah insanın öz yaradılışını düşünməsinin vacibliyinə bir ayədə belə diqqət çəkir:
Məgər insan ilk öncə onu heç bir şey deyilkən (yoxdan) yaratdığımızı xatırlamırmı? (Məryəm surəsi, 67)
Gündəlik həyatımızda düşünmədən bir çox hərəkət edirik. Məsələn, stəkanı götürmək üçün düşünmədən əlimizi uzadırıq və stəkanı tuturuq. Yemək yeyərkən çəngəli düşünmədən ağzımıza aparırıq. Kitab oxuyarkən səhifələri asanlıqla, kağızı cırmadan çeviririk. Geyinərkən, maşın sürərkən cəld davranmaq üçün heç bir çətinlik çəkmirik. İş həyatımızda da çətinlik çəkmirik. Qısası, həyatımızın hər anında əllərimizdən düşünmədən və istədiyimiz kimi istifadə edirik. Bunlar gündəlik həyatda əllərimizlə etdiyimiz hərəkətlərdən yalnız bir neçəsidir. Heç düşünmədən etdiyimiz bu hərəkətlər zamanı əlimizdə qüsursuz bir sistem işləyir. Bu elə qüsursuz bir sistemdir ki, işlədiyini belə hiss etmirik.
Bu zaman "ələ qüsursuz işləmək qabiliyyətini verən nədir?" sualı meydana gələcəkdir. Əlimizə çox yaxşı yerləşdirilmiş əzələlər ələ üstün hərəkət qabiliyyətini verir. Bir-birinə uyğun şəkildə hərəkət edən bir çox əzələ ələ çoxfunksiyalı xüsusiyyət qazandırır.
Bir-birindən fərqli sahələrdə səmərəli şəkildə əlimizdən istifadə edirik. Bir cismi bərk və ya yumşaq tutmaq lazım olanda asanlıqla bu hərəkətləri edirik. Əlimizi yumruq halına gətirərək hər hansı bir hədəfə 45 kiloqram ağırlığında güclə zərbə endirə bilərik. Bu gücə baxmayaraq baş barmaq və şəhadət barmağımızın arasına götürdüyümüz millimetrin onda biri nazikliyində bir cismi, məsələn, bir kağızı da asanlıqla hiss edirik.
Gördüyümüz kimi, bu iki əməliyyat da bir-birindən tamamilə fərqlənir. Biri çox incə nizam tələb edərkən, digəri əksinə, böyük güc tələb edir. Biz hər iki əməliyyatı edərkən bir an belə düşünmürük. Ağır cismə daha çox güc, yüngül cismə daha az güc sərf etmək lazım olduğu ağlımıza belə gəlmir. Çünki əllərimiz bu əməliyyatların hamısını edə biləcək xüsusiyyətlərə sahib olaraq yaradılmışdır.
Bu mükəmməlliyin əhəmiyyətli dəlillərindən biri də barmaqların uzunluğudur. Əldəki bütün barmaqlar funksiyalarına görə ən uyğun uzunluğa sahibdirlər. Bundan başqa, yerləşdikləri yer də ən uyğun yerlərdir. Barmaqların bir-birlərinə uyğun olmaları da olduqca əhəmiyyətlidir. Bunu belə bir nümunə ilə açıqlaya bilərik. Baş barmaq uzun olduğu üçün digər barmaqların üzərinə asanlıqla əyilir. Bu, baş barmağın digər barmaqları dəstəkləməsini və qol gücünün artmasını təmin edir. Buna görə də normal baş barmağa sahib olan insanın yumruğunun gücü normadan daha qısa baş barmağı olan insanın yumruğunun gücündən daha çox olur.
Əlinizə baxın və dırnaqlarınızı nəzərdən keçirin. Dırnaqların son dərəcə əhəmiyyətli vəzifəsi vardır. Yerə düşmüş kiçik bir cismi dırnaqlarımız olmadan götürməyə çalışdığımızı düşünək. Bu cür vəziyyətlərdə barmaqlar qədər dırnaqlar da əhəmiyyətlidir. Barmaqlar cisimləri tutarkən həssas təzyiq göstərirlər. Dırnaqların vəzifəsi isə bu təzyiqi nizamlamaqdır. Bundan başqa, əlimizdəki barmaq izlərini meydana gətirən nahamarlıq və dırnaqlar da kiçik cisimləri daha rahat tutmağımızı təmin edirlər.
Bura qədər izah edilənlərdən göründüyü kimi, əllər dəqiq və qüsursuz yaradılış nümunəsidir. Əllərimizdə toxunmaq həssaslığı, manevr və müxtəlif işlər görmə qabiliyyəti kimi bir çox funksiya mövcuddur. Bu mükəmməllik tibb və elm dünyasını insan əlini tədqiq etməyə və oxşarını düzəltməyə yönəltmişdir. Bu məqsədlə düzəldilən robot əllər güc baxımından insan əli ilə eyni qabiliyyətə sahibdirlər, ancaq insan əlində olan və əlimizə qüsursuz xüsusiyyət qazandıran quruluşlar robot əllərdə mövcud deyil.
Bu məlumatlardan belə nəticəyə gəlmək olar ki, insan əli xüsusi yaradılışla var edilmiş bir orqandır. Allah əlləri xüsusi olaraq yaratmışdır. Rəhman olan Allah yaratdığı hər şeyi ən gözəl yaradandır. İnsan əlindəki qüsursuz yaradılış da bunun dəlillərindən yalnız biridir. Allah yaratma sənətindəki qüsursuzluğa bir ayədə belə diqqət çəkir.
Yeddi göyü (bir-birinin üstündə) qat-qat yaradan da Odur. (Ey insan!) Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır! (Mülk surəsi, 3-4)
Əldəki mükəmməl xüsusiyyətlərindən biri də onun gözlə birgə işləməsidir. Bu əməliyyatlar da ardıcıl şəkildə yerinə yetirilir. İnsan əli ilə robot əllər arasında müqayisə aparılsa, insan əlinin yaradılışındakı üstünlük açıq şəkildə özünü büruzə verəcək. Robot əllər ya görmə, ya da toxunma xüsusiyyətini əsas götürərək hərəkət edirlər. Robot əllərə edəcəkləri hər bir əməliyyat üçün fərqli əmrlər vermək lazımdır. Ayrıca robot əllər müxtəlif funksiyaları yerinə yetirə bilmirlər. Məsələn, piano çala bilən bir robot əl çəkic tuta bilməz. Çəkic tutan bir robot əl isə yumurtanı qırmadan tuta bilməz. Dərin araşdırmalar nəticəsində yeni-yeni istehsal edilən bəzi robot əllər yalnız 2-3 əməliyyatı icra edə bilir, amma bu da insan əlinin qabiliyyətləri ilə müqayisə edilə bilməz.
Yuxarıda deyilənlərə insanın iki əlinin eyni anda, mükəmməl uyğunluq içində işləməsini də əlavə etsək, əldəki yaradılışın qüsursuzluğu daha dəqiq ortaya çıxar.