Bütün kainatda olduğu kimi, Uca Rəbbimizin insan bədənində də yaratdığı möcüzəvi sistemlər mövcuddur. Bu sistemlərdən biri olan qırtlaq da, üstün yaradılış möcüzələrindən biridir. Qırtlaq (larinks), nəfəs borumuzun ağız boşluğuna açılan hissəsinə verilən addır. Səs telləri boğazın girişində yerləşir. Bu tellər onları idarə edən əzələlər sayəsində müxtəlif formalara düşür. Bunun nəticəsində də müxtəlif səslər çıxara bilirik.
Digər canlıların insanlar kimi səslər çıxara bilməmələrinin bir səbəbi, onların qırtlaqlarının bizə nisbətən xeyli yuxarıda, yəni ağız boşluğunun daha yuxarı hissəsindən başlamasıdır. İnsan qırtlağı, meymunlar da daxil olmaqla, bütün digər heyvanlara görə daha aşağıdadır və bu mövqe sayəsində qırtlaqdan çıxan nəfəs fərqli səslərə çevrilir.
Cavab verə bilmədikləri bir çox sualı “üstün xüsusiyyətlərin təbii seçmə ilə seçilməsi” tezisi ilə izah etməyə çalışan təkamülçülər bir daha böyük bir çətinliklə üzləşirlər; çünki qırtlağın bəhs edilən aşağı mövqedə yerləşməsi fiziki üstünlük deyildir. Bu mövqedə olduğuna görə yediyimiz tikələrin nəfəs borusuna gedərək nəfəs almağı çətinləşdirmə və ya içdiyimiz suyun ağciyərlərə getməsi ehtimalı var. Bunun qarşısını almaq üçün qida qəbul edərkən nəfəs yolunu bağlayan “qapaq” yaradılmışdır, ancaq həm danışıb, həm də qida qəbul edərkən boğulma təhlükəsi yaşayarıq. Bu, çox güman hamının qarşılaşdığı bir hadisədir. Yemək yeyərkən və su içərkən qida maddələrinin nəfəs borumuza daxil olması nəticəsində şiddətli öskürməyimizin səbəbi budur. Ancaq heyvanlar üçün bu vəziyyət fərqlidir. Heyvanlarda, məsələn meymunlarda, nəfəs borusunun yeri daha yüksəkdədir. Buna görə, bir şey yedikləri zaman yedikləri qidanın nəfəs borusuna düşmə ehtimalı və boğulma riski yoxdur. Qidalanmadakı çətinliyinə baxmayaraq danışmağa imkan verən bu unikal qırtlaq quruluşu, aşağı hissədə yerləşən qırtlaq quruluşudur. Digər tərəfdən, nəfəs borusuna qida düşməsi riski körpəlik dövründə əldə edilən reflekslərlə və “qapaq” dediyimiz orqan ilə aradan qalxar.
Bir sözlə, danışmaq üçün lazım olan səsləri çıxarmağa imkan verən aşağı qırtlaq quruluşu insanlara məxsusdur.Təkamülçülər baxımından təbii seçmənin əlverişli olanın əvəzinə daha əlverişsiz quruluşu seçdiyini iddia etmək bir uyğunsuzluqdur. Təkamülün məntiqinə tamamilə zidd olan bu vəziyyəti, nəzəriyyənin banisi Çarlz Darvin “qəribə bir həqiqət” sözü ilə yola verməyə çalışmışdır:
“...udduğumuz hər qida və mayenin ağciyərlərimizə düşmə riski ilə nəfəs borumuzun açıq hissəsinin üzərindən keçmək məcburiyyətində olması qəribə bir həqiqətdir”. (Darwin C.1859 On the origin of species Facsmile ed. Cambridge: Harvard Univ. Presss, səh.191)
Qırtlaqdakı dizayn araşdırıldıqda, hər bir detalı incə hesablanmış bir yaradılış möcüzəsi olduğu ortaya çıxır. Yeni doğulmuş körpələrin qırtlaqları yüksəkdədir. Beləliklə, danışmaq üçün qırtlaq quruluşuna ehtiyacı olmayan bir körpə, süd əmərkən eyni anda nəfəs ala bilər və böyüklərdə olduğu kimi udduqları qidaların nəfəs borusuna, oradan da ağciyərə düşmə riski olmaz. Ancaq gələcəkdə uşağın danışmaqda çətinlik çəkəcəyinə görə, uşaq danışma yaşına gəlmədən əvvəl, qırtlaq tam vaxtında aşağı enər. Yəni, tam zamanında və tam lazım olan formada inkişaf edər.Bu nümunə bizlərə bir daha insanın mükəmməl şəkildə yaradıldığını göstərir. İnsanı yaradan, ona ehtiyaclarına uyğun bir bədən bəxş edən, körpələri əvvəlcə boğulmaqdan qoruyan və danışma yaşına çatdıqda və refleksləri inkişaf etdikdə mükəmməl bir zamanlama ilə qırtlağı aşağı endirərək sözləri səsləndirməsi üçün dizayn edən aləmlərin Rəbbi Uca Allahdır. Quranın bir ayəsində belə bildirilir:
İnsanı yaratdı, ona danışmağı öyrətdi. (Rəhman surəsi, 3-4)