Qarın boşluğunun yuxarı sağ hissəsində yerləşən qaraciyər qan dövranında mükəmməl filtr funksiyasını yerinə yetirir. Suda həll olan orqanizmdəki artıq maddələr böyrəkdə təmizlənir, dərmanlar və hormonlar kimi mürəkkəb quruluşlu maddələrin artıqlarını isə qaraciyər təmizləyir.
İmmun sistemini logistik yöndən dəstəkləyir: Qaraciyər təkcə qidalanma və maddələr mübadiləsi prosesində əmələ gələn artıq maddələri təmizləmir, həm də immun sistemi maddələri olan qlobulinləri və damar təmir qrupları olan fermentləri də hazırlayır.
Bakteriyaları təmizləyir: Qaraciyərdəki kupffer hüceyrələri buradan keçən, xüsusilə də bağırsaqlardan gələn qandakı bakteriyaları udur. Kupffer hüceyrələri qandakı zərrəcikləri və ya başqa artıq maddələri təmizləmək lazım gəldikdə bunları qandan filtrləmək üçün öz saylarını da artırırlar.
Orqanizmin enerji mənbələrini hasil edir: Qaraciyərin xüsusiyyətlərindən biri də orqanizmin ən mühüm enerji mənbəyi olan qlükozanı hasil etməsidir.
Normal qidalanma əsnasında qəbul edilən qlükoza qlikogenə çevrilərək qaraciyərdə toplanır. Qaraciyər qandakı qlükozanı daima tənzimləyir. Yemək yemədikdə və qandakı qlükozanın miqdarı düşdükdə qaraciyər topladığı qlikogeni yenidən qlükozaya çevirərək qana verir. Beləliklə, qandakı qlükoza səviyyəsinin həddindən artıq düşməsinin qarşısı alınır. Qaraciyər yağ turşuları və amin turşularından qlükoza hasil etdiyi kimi enerji hasilatında istifadəsi mümkün olmayan digər karbohidratları da qlükozaya çevirə bilir.
Qanı toplayır: Qaraciyər genişlənən və ya kiçilən quruluşa malikdir. Bu xüsusiyyəti sayəsində qan damarlarındakı qanı toplayır və ya buraxır.
Qaraciyər sağlam orqanizmdə ümumi qanın 10%-ni, yəni 450 ml qanı toplaya bilir. Bəzi hallarda, məsələn, ürək çatışmazlığı zamanı orqanizmdə dövr edən qan miqdarı ürəyin işinə çətinlik törədir. Bu halda, qaraciyər qan saxlama həcmini iki dəfə artıraraq əlavə 1 litr qan toplayır. Beləliklə, ürəyin işinə kömək edir.
Orqanizmdə qan ehtiyacı artdıqda isə (məsələn ağır idman hərəkətləri zamanı) qaraciyər topladığı qanı buraxaraq qan ehtiyacını təmin edir.
Qənaətlə işləyir: Əzələlərdə qlükoza sərf olunduqda maddələr mübadiləsində artıq maddə olaraq süd turşusu əmələ gəlir. Süd turşusu əzələdə qaldıqda ağrı verir və əzələnin işləməsinin qarşısını alır. Qaraciyər bu turşunu əzələlərdən toplayır və yenidən qlükozaya çevirir.
Ölmüş eritrositlərin yenisini hasil edir: Qaraciyər və dalaqda ölmüş eritrositlərin əvəzinə yeniləri hasil edilir, zülalların böyük hissəsi parçalanır və amin turşuları kimi yenidən müxtəlif məqsədlər üçün istifadə edilir. Bundan əlavə, qaraciyər orqanizmdə mühüm funksiyalar yerinə yetirən dəmirin də toplandığı orqandır.
Qaraciyər orqanizmin ən təkmil deposudur. Bütün mineralları, zülalları, az miqdarda yağı və vitaminləri qaraciyər toplayır. Ehtiyac olduqda topladığı maddəni ən qısa yolla lazımi orqana verir. Orqanizmin kifayət qədər enerjisi olub-olmadığını həssas şəkildə yoxlayır, bunun üçün xüsusi xəbərləşmə sistemi mövcuddur. Bədəndəki bütün orqanlar qaraciyərlə əlaqədardır.
Özünü təmir edir: Qaraciyərin özünü təmir etmə qabiliyyəti var. Bir hissəsi zədələndikdə digər hüceyrələr dərhal çoxalaraq zədələnmiş hissəni tamamlayırlar. Hətta orqanın üçdə iki hissəsi kəsilib götürülsə, qalan hissədəki hüceyrələr çoxalaraq qaraciyəri yenidən meydana gətirir.
Orqan özünü təmir edərkən ölən və zədələnən hüceyrələri həmin mühitdən uzaqlaşdırır və yerinə yenilərini qoyur. Bir qaraciyər hüceyrəsi təxminən 500-dən çox proses həyata keçirir. Bu prosesləri bir-birinin ardınca deyil, çox vaxt eyni anda bacarır.