Dini yaşamayan cəmiyyətlərdə insanların özlərini aldatdıqları mövzulardan biri də özlərinin cənnətə girməyə layiq olduqlarını düşünmələridir. Bu insanların çoxu ölümdən sonra həyat olduğunu qəbul etmələrinə baxmayaraq, din əxlaqını yaşamamalarının səbəbi özlərinin mütləq cənnətə gedəcəklərini düşünmələridir. Bu cür düşünən insanların haradan belə bir qənaətə gəldikləri məlum deyil. Amma əksəriyyəti özünü digər insanlarla müqayisə edərək yalnız yaxşı tərəflərini görür və yaxşı insan olduğu üçün də cənnətə girməyə layiq olduğu qənaətinə gəlir.
Ən təəccüblü olanı da bu insanlar “yaxşılıq” anlayışını Qurana görə deyil, cahiliyyəyə uyğun qiymətləndirirlər. Allahın razı olduğu həyatı və əxlaqı deyil, yaşadıqları cəmiyyətin razı qaldığı həyat və əxlaqı seçirlər. Nəticədə, özlərini aldadaraq cənnətə girəcəklərini düşünürlər.
Şübhəsiz ki, Allahdan cənnəti ümid etmək və istəmək gözəl şeydir. Bu istəyin səmimi olduğunun ən əhəmiyyətli göstəricilərindən biri insanın həyatının hər anında cənnətə yaraşacaq əxlaq göstərməsi və Allahdan qorxub çəkinərək hərəkət etməsidir. Əks halda, yəni Allahın razı olmadığı həyat tərzi keçirərək, qulluq vəzifələrini yerinə yetirmədən cənnətə gedəcəyini düşünmək insanın özünü aldatmasından başqa bir şey deyil.
Bu düşüncəyə görə, insan həm Allaha qulluq etmədən ömrünü öz nəfsinin istək və həvəslərinə görə keçirər, həm də axirətdə Allahın səmimi və saleh qulları üçün hazırladığı cənnətində onların arasında nemət içində olacağını düşünər. Belə bir düşüncəyə sahib insanın Qurandan heç bir məlumatı olmadığı anlaşılır. Çünki Quran ayələrində bildirilən həqiqətləri dərk edən insan bu şəkildə xilas olmasının mümkün olmadığını, bu yolla yalnız özünü aldatmış olacağını çox yaxşı anlaya bilər.
Bir insan Quranda təsvir edilən cəhənnəm mühitini öyrənib dərk etsə, bir an belə cəhənnəmdə olmağı gözə almaz. Hətta cəhənnəmdə olmaqdan başqa, cəhənnəmə yaxınlaşmaqdan belə şiddətlə qaçar. Çünki cəhənnəm insanın dünyada təsəvvür belə edə bilməyəcəyi çətinliklərlə, ağrı və əzablarla, çirkinliklərlə dolu məkandır. Allah Quranda cəhənnəm əzabının insanların yox olmaq istəyəcəkləri qədər şiddətli əzab olduğunu bildirmişdir:
”Əlləri boyunlarına bağlı vəziyyətdə dar bir yerə atıldıqları zaman özlərinə bəd dua edib ölümü diləyərlər” (Furqan surəsi, 13)
Bu insanlar dünya həyatından istədikləri kimi faydalanıb, bunun qarşılığında cəhənnəmdə bir müddət qalacaqlarını, daha sonra bağışlanacaqlarını düşünürlər. Halbuki, heç bir insanın -Allahın istəyi olmadan- belə bir zəmanəti yoxdur.
Cəhənnəm sonsuza qədər var olacaq əzab yeridir.
“Hər necə olsa bir müddət qalıb cəhənnəmdən çıxaram”, – deyə düşünənlər Allahdan qorxmayan, Onun əzabını düşünüb qavramayan şəxslərdir. Allah bu zənn ilə hərəkət edən insanlardan və onların uğrayacaqları sondan Quranda bəhs etmişdir:
“Onlar: “Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz” –deyərlər. De ki: “Allahdan belə bir vəd almısınızmı? Allah heç vaxt Öz əhdindən dönməz. Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?” Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar” (Bəqərə surəsi, 80-82)
Bu halda, heç kim özünü aldatmasın: Allaha boyun əyib təslim olmadığı və Rəbbimizi razı etmədiyi müddətcə heç kim cənnətin qapılarından içəri girə bilməyəcək.