(Peyğəmbər) dedi: “Ey Rəbbim! ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq ər-Rəhman olan Rəbbimizdən kömək diləmək lazımdır”. (Ənbiya surəsi, 112)
İnsanın sadəcə tək və çarəsiz qaldığı zaman deyil, rahat olduğu vaxtlarda da Allah`ın varlığını, gücünün böyüklüyünü hiss edərək dua etməyə ehtiyacı var. Başqa sözlə, yaradılmış olan insanın duaya möhtac olmadığı bir an belə yoxdur. Çünki Allah diləmədikcə insanın heç nəyə gücü çatmır. İnsan çox böyük acizlik içində yaradılmışdır. İnsan ancaq Allah`ın lütfü və rəhməti sayəsində yaşaya bilər.
Allah isə yalnız Özünə sığınılan, ehtiyac olunan İlahdır. Özündən kömək gözlənilən, mədət umulan da yalnız Odur. Ondan başqa heç kimin nəinki başqasına, öz nəfsinə belə kömək etməyə gücü yoxdur. Allah dilədiyini dilədiyi şəkildə istiqamətləndirməyə, dəyişdirməyə qadirdir. Onun: "Ol", - deməsi ilə hər dilədiyi olur.
Qullarına ruzi verən, göydən suyu endirən, nemətlər bağışlayan, xəstələndiyi zaman şəfa verən, güldürən, ağladan, ucaldan, önə keçirən, göydən yerə qədər bütün işləri idarə edən yalnız Allah`dır. Rəbbimiz nemətlərini geri alarsa, ya da bir müsibət diləyərsə, insanı bundan qoruyacaq heç kim yoxdur, ya da bir xeyir diləyərsə, bunun da qarşısını ala biləcək heç kim yoxdur. Özünə ehtiyac olunan və kömək umulan da yalnız Odur. Xeyir Onun əlindədir. Yalnız insanlar deyil, bütün kainat Allah`a sığınır, Ondan kömək diləyir.
Allah Özündən başqa kömək dilənəcək heç kimin olmadığını bir çox ayədə bildirib. Ayələrdə belə buyurulur:
Onlar heç bir şey yaratmayan, özləri xəlq edilmiş olan şeyləri şərik qoşurlar? (Bütlər) nə onlara yardım edə bilər, nə də özlərinə kömək edə bilərlər. Siz onları doğru yola çağırsanız, sizin ardınızca gəlməzlər. Onları çağırsanız da, sussanız da, sizin üçün fərqi yoxdur. Allah`dan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. Məgər onların ayaqlarımı var, onunla yerisinlər? Yoxsa onların əllərimi var, onunla tutsunlar? Yoxsa onların gözlərimi var, onunla görsünlər? Yoxsa onların qulaqlarımı var, onunla eşitsinlər? De: “Çağırın şəriklərinizi! Sonra mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin! Həqiqətən, mənim himayədarım kitabı nazil edən Allah`dır. O, əməlisalehlərə himayəçilik edir. Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər”. Siz onları doğru yola çağırsanız, eşitməzlər. Onları sənə baxan görürsən, halbuki, onlar görmürlər. (Əraf surəsi, 191-198)
O kəslər ki, haqsız yerə, ancaq: “Rəbbimiz Allah`dır”, - dediklərinə görə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, içərisində Allah`ın adı çox zikr olunan sovməələr, kilsələr, məbədlər və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir! (Həcc surəsi, 40)