Allah Quranın bir çox ayələrində “iman gətirənlər birlik, bərabərlik və qardaşlıq şəraitində olduqları zaman bolluq, hüzur və rahatlıq verəcəyini, əks təqdirdə, qorxu, dərd və iztirab daddırdığını” xəbər verir. Beləliklə, hal-hazırda dünyada parçalanmış şəkildə olan müsəlmanların zülm çəkmələrinin, sıxıntı içində olmalarının səbəbini Quranın rəhbərliyi ilə açıq şəkildə anlayırıq. Allah’ın izni ilə, önümüzdəki mübarək dövr isə iman gətirənlərin bəsirətlərinin açıldığı, pərdələrin qalxdığı və birliyin əhəmiyyətinin dərk edildiyi bir dövr olacaq.
Uca Rəbbimiz müsəlman cəmiyyətin öz daxilində bölünməsini qadağan etmişdir. Allah Quranda müsəlmanlara xitab edərkən hər zaman tək bir cəmiyyətə xitab edir. Ənbiya surəsinin 92-ci və 93-cü ayələrində “Həqiqətən, bu, vahid bir din olaraq sizin (hamınızın) dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Mənə ibadət edin! Lakin onlar özlərinə məxsus dini öz aralarında parçalayıb dəstələrə ayrıldılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar” - deyə bildirilir.
Sıxıntıların qaynağı, əlbəttə ki, bu həqiqətlərə baxmayaraq, Qurandakı bu əmri görməməzlikdən gəlməkdir. Ayırıcı danışıb, bu cür açıqlamaları müdafiə edib, birləşdirici olmasaq, Allah’ın nicata çatdırmayacağı açıqdır. Uca Rəbbimiz ancaq Öz əmrinə uyub, qardaşlıq yolu ilə gedildiyi zaman bərəkət, güc verər. Hər fürsətdə iman gətirənlərin gücünü qırmağa çalışan şeytanın bu oyununa qarşı daim diqqətli olmalıyıq. Allah müsəlmanların birləşməli olduqlarını başqa bir ayəsində belə xəbər vermişdir:
Hamınız Allah’ın ipindən möhkəm yapışın və parçalanmayın! (“Ali İmran” surəsi, 103)
Saff surəsində isə Allah “... möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir” (Saff surəsi, 4) – deyə bildirir, “möhkəm bir bina kimi olmalısınız” buyurur. Halbuki qardaş olmalı müsəlmanlar hal-hazırda dağınıq haldadırlar. Qardaşlığın üstün gəlməsi lazım olduğu halda, bir çox yerlərdə müsəlman cəmiyyətlər münaqişə edirlər.
Allah bir ayəsində belə buyurur:
Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər.(“Ənfal” surəsi, 73)
Bu ayə, əslində, mühüm bir sirri ortaya qoyur. 1.5 milyard əhalisinə, zəngin yeraltı qaynaqlarına, mühüm geosiyasi mövqeyinə baxmayaraq, müsəlman ölkələrin əzilməsinin əsas səbəblərindən biri müsəlmanların bir-birlərini qorumamaları, yəni dağınıq halda olmalarıdır. İnkar edənlər isə sayca az olsalar da, bir-birlərini qoruduqları, yəni ittifaq etdikləri, ortaq davrandıqları üçün güclü və təsirli olurlar.
Belə ki, Ənfal surəsinin 46-cı ayəsində “Allah’a və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz...” - deyə bildirilir.
Müsəlmanların qardaş olmaq düşüncəsi ilə bir-birlərinə sahib çıxmaq, bir-birlərini qorumaq əvəzinə, son dərəcə mənasız mübahisələrin içində boğulmaları, bir-birləri ilə amansızcasına dava etmələri, hətta öz qardaşına silah tuşlaması hal-hazırda İslam aləminin ən böyük bəlasıdır. Bu bəladan xilas olmağın yolu isə açıqdır. Allah “Birləşin. Birlikdə olun”, “Dağılmağa qarşı birləşin” – deyə əmr edir. Bir müsəlman Allah’ın bu əmrinə diqqətlə yanaşar. Allah’ın bəyəndiyi əxlaq olan sevgi, mərhəmət və ədalət ruhunun nəticəsində onsuz da bir müsəlmanın vicdanı ayrılığı qəbul etməz.
Müsəlmanların qardaş olaraq hər hadisədə birlikdə, müttəfiq olması çox təbiidir, ən əsası, Qurana uyğundur və edilməli olan budur. Birlik və bərabərlikdə gözəllik olduğu üçün Allah bunu iman gətirənlərə tövsiyə edir. Müsəlmanlar bir ailənin fərdləri kimidirlər. Güclü sevgi və mərhəmətin yaşandığı bu ailədə edilən xətalara da mərhəmətlə yanaşıb, o xətanı düzəltməyə çalışmaq, göz önünə çıxarmayıb, gözəl bir şəkildə bərpa etməyə çalışmaq çox yaxşı bir davranış olacaq. Allah’ın bizdən istədiyi əxlaq budur.