İŞİD-in etdiyi zülmlər və tətbiq etdiyi dəhşət yöntəmi hər kəsdən çox müsəlmanları narahat edir. Amerikalı jurnalist Foleyin amansızca öldürülməsindən öncə də İŞİD bölgədə terror hadisələri törədirdi, indi də eyni vəhşi yöntəmləri davam etdirir. İŞİD terrorunun bitməsi üçün fəaliyyət göstərilməsi açıqdır. Ancaq ABŞ 100 ildir etdiyi yanlışı təkrarlayır və hava bombardmanı ilə nəticə alacağını güman edir.
Halbuki hava bombardmanı terroru gücləndirdiyi kimi, bir çox mülki vətəndaşın da ölməsinə səbəb olan çox təhlükəli üsuldur. Səthi düşünən bəzi insanlar terrora qarşı olmağın tək göstəricisinin hava bombardmanını dəstəkləmək olduğunu düşünürlər. Bəzi əzik insanlar da müəyyən insanları məmnun etmək üçün nəticələrini düşünmədən bu fikri müdafiə edirlər. Ancaq cinayət heç bir zaman başqa bir cinayəti törədərək həll olunmaz. Ölümləri dayandırmağın yolu daha çox insan öldürmək deyil.
Hava bombardmanı kütləvi cəzalandırma üsulu olub təqsirli-təqsirsiz, uşaq, qadın, qoca, xəstə ayırd etmədən bir xalqı kütləvi şəkildə məhv edən insanlıqdan kənar bir üsuldur. Demokratik sistemlərdə ən qatı cinayətkarlar belə əvvəlcə həbs olunur, daha sonra mühakimə olunur. Hava bombardmanı isə nəinki cinayətkarı mühakimə etməyi, tapıb müəyyən etməyi belə çox görür. Bir bölgədə yaşayan onlarla insan bir cinayətkarı cəzalandırmaq üçün öldürülür. Üstəlik, çox vaxt da o cinayətkar ölənlər arasında belə olmur.
Tövrat və İncildə yer alan «öldürməyəcəksən» əmri Quranda da var. Allah bir insanın öldürülməsinin bütün insanları öldürmək kimi olduğunu bildirmişdir. Səmimi şəkildə iman gətirən və Qurana tabe olan bir insan digər insanın həyatını qorumaq üçün belə, maksimum cəhd edər. Buna görə hava bombardmanını müdafiə etmək və «təbii ki, belə bir əməliyyatda ehtiyatsızlıqdan bir iki nəfər də ölə bilər» demək müsəlmanın istifadə edəcəyi üslub deyil. Müsəlman fikri yolla mübarizə aparmalı, sadəcə sevgi üslubundan istifadə etməlidir.
İŞİD Qurana uyğun olmayan, müşrik fikrə sahib olan bir təşkilatdır. Sahib olduqları yanlış inanca görə zülüm edirlər. Bu zülmü aradan qaldırmaq o səhv inancı düzəltməklə mümkün olar. Yanlız o zaman həm İŞİD-in səbəb olduğu dəhşət aradan qaldırılar, həm də minlərlə gənci radikalizmə çəkən zəmin aradan qalxar.
Problemi kökündən həll edə biləcək ağıllı və mümkün bir üsul olduğu halda, hava bombardmanında israr etmək sadəcə olaraq maddi və mənəvi itkiləri artırır. Bombalarla dağılan binalar, yaşanmaz hala düşən şəhərlər terrorist qruplar üçün əlverişli fürsətdir. Gündə orta hesabla 7-8 milyon dollar xərcləyərək bu fürsəti terroristlərə təqdim etməyi heç bir məntiqli insan müdafiə etməməlidir.
Bu vaxta qədər ABŞ və koalisiya qüvvələri 200-dən çox hava hücumları təşkil etdi, ancaq milyonlarla dollar xərclənən bu hücumlar nəticəsində İŞİD geri çəkilmədi. Əksinə İraqda, Suriyada da irəliləməkdə davam edir.
Ötən günlərdə CNN-də yayımlanan, keçmiş İŞİD nümayəndələri ilə aparılan müsahibədə də hava bombardmanlarının İŞİD-ə heç bir təsirinin olmadığı açıq nümunələrlə izah edildi.1 İŞİD ABŞ-ın hava əməliyyatından qısa müddət sonra qərargahlarını boşaltmış, konvoy şəklində hərəkət edən formasını da dəyişmişdir. Bu minvalla da hava hücumlarının hədəfi olmaqdan qurtulmuşdur. Bombardmanlarla neft emalı zavodlarının hədəf alınması da İŞİD üçün problem deyil. Çünki İŞİD-in gəlirləri bunlarla məhdud deyil. Bu səbəbdən ya İŞİD-in boşaltdığı ərazilər bombalanır, ya da yerli xalqın həyatını iflic edəcək şəkildə zavodlar, emal, istehsal sahələri hədəf alınır.
İçində İŞİD üzvləri olmayan binaları bombalayaraq mülki şəxslərin ölümünə səbəb olaraq İŞİD-in dayandırılmayacağı bəllidir. Hadisələri dərin düşünüb həll yolu irəli sürmək əvəzinə, özünə təlqin ediləni qəbul edən insanlar bu həqiqəti görməlidirlər.
Xüsusilə də müsəlmanların bu tərz bir kütləvi qırğın üsuluna dəstək olmaları çox yanlışdır. Unutmamaq lazımdır ki, Rəsulullah (səv) şiddəti vərdiş halına gətirmiş məkkəli müşriklərə qarşı danışmaq, izah etmək, doğruya dəvət etmək üsullarından istifadə etmişdir. Məkkəni fəth etdiyində də onlara qarşı silah istifadə etməmişdir. “Madam ki, müşriklər şiddətə meyillidirlər, o zaman kütləvi şəkildə yox edilmələri lazımdır” kimi bir məntiqi əsla qəbul etməmişdir. İŞİD də müşrik bir düşüncə ilə hərəkət edir. Bu müşrik zehniyyət doğrular izah edilərək dəyişə bilər. Belə bir imkan olduğu halda, cinayəti edən və ya etməyən ayırd edilmədən zorakılıqla bu insanları caydırmağa çalışmaq terroru qızışdırmaqdan başqa bir işə yaramaz.
İŞİD terroru silahla, bomba ilə həll olunar deyə düşünənlər, geriyə dönüb Əfqanıstan əməliyyatından bu günə qədər nələr olduğuna diqqətlə baxsınlar. Hərbi əməliyyatlar terroru yox etməmiş, əksinə böyütmüş və bu gün bütün dünyanın problemi olan İŞİD-i ortaya çıxarmışdır.