O, Əvvəldir, Axırdır, Zahirdir, Batindir. O, hər şeyi biləndir. (Hədid surəsi, 3)
Allah`ın varlığının dəlilləri düşünən hər insanın rahatlıqla təsbit edə biləcəyi qədər aşkardır, bütün kainata yayılmışdır. İnsanın Allah`ın varlığını qavraya bilməsi üçün heç bir araşdırma etmədən, yalnız içində yaşadığı mühiti diqqətlə araşdırması kifayətdir. Çünki bütün kainat yaradılış dəlillərini nümayiş etdirən detallarla doludur. Ən sadəsindən ən kompleksinə qədər var olan bütün sistemlər son dərəcə kompleks, araşdırdıqca daha çox sirri ortaya çıxaran yaradılış möcüzələri ilə doludur. Allah bu möcüzələrlə əlaqədar Quranda belə nümunələr vermişdir:
Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur. Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və gözoxşayan bitkilərin hər növündən yetişdirdik. (Qaf surəsi, 6-7)
Məgər onlar (başları) üzərində dəstə-dəstə pərvazlanıb (uçan), (hərdən də qanadlarını) yığan quşları görmürlərmi? Onları ancaq mərhəmətli (Allah) saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür. (Mülk surəsi, 19)
Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır. O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də döndərilirsiniz! Dan yerini də O sökür. O, gecəni dinclik, günəşi və ayı isə hesablama (ölçüsü) etdi. Bu, qüdrətli və bilən Allah`ın müəyyən etdiyi hökmdür. Qurunun və dənizin qaranlıqlarında yolu tapa biləsiniz deyə, sizin üçün ulduzları yaradan Odur. Artıq Biz ayələri bilən bir qövmə izah edirik. (Ənam surəsi, 95-97)
Şübhəsiz, yuxarıdakı ayələrdə deyilənlər sadəcə bir neçə mövzudur. Allah Quranda verdiyi daha bir çox örnəklə qullarına Öz varlığını xatırladır. Möminlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də ətraflarında gördükləri hər şey üzərində dərin düşünmələri və nəticədə, Allah`ın varlığını və böyüklüyünü dərk etmələridir. Çünki yuxarıda da ifadə etdiyimiz kimi, içində yaşadığımız kainatdakı hər detal insana özünün yaradılmış olduğunu hiss etdirir.
Bütün kainatın yaradıcısı olan Allah`ın böyüklüyünü, ucalığını dərk edən ağıl sahibi insan, əlbəttə ki, axirətdə hesab verəcəyi Allah`a qarşı dərin bir qorxu duyur və bütün həyatını Onu razı etməyə çalışaraq keçirir. Bir ayədə möminlərlə əlaqədar olaraq belə buyurulur:
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah`ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi odun əzabından qoru! (Ali-İmran surəsi, 191)
Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allah`dan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. İstəyən də aciz qalar, istənilən də! Onlar Allah`ı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir! (Həcc surəsi, 73-74)