İnsan cəmiyyətlərinin təbii, iqtisadi, siyasi, dini və ya hərbi, təzyiq, zülm kimi səbəblərlə yer dəyişmələrini ifadə edən köç, demək olar ki, insanlıq tarixi qədər qədim bir anlayışdır. İnsanın doğulub böyüdüyü torpaqları, öyrəşdiyi hər şeyi geridə buraxaraq bir yerdən tam fərqli bir yerə köç etməsi, heç şübhəsiz, olduqca çətin bir vəziyyətdir. Sürgünlər isə köçlərin ən mərhəmətsiz, ən ağrılı nümunəsidir.
Dünya tarixi milyonlarla insanın yurdlarından çıxarıldığı və daha əvvəl heç ayaq basmadıqları yerlərdə yaşamaq məcburiyyətində qaldıqları sürgünlərlə doludur. Aid olduqları vətənlərindən, evlərindən, yurdlarından, mədəniyyətlərindən, mallarından, mülklərindən qoparılan, hətta sürgün edildikləri yerlərdə assimilyasiya edilməyə çalışılan bu insanların yaşadıqları şiddət və qarşılaşdıqları çətinliklər insanlıq tarixinin ən böyük eyblərindəndir.
Yeni torpaqlar ələ keçirmək həvəsi, maddi, ya da siyasi maraqlar, xarici dövlətlərin müdaxiləsi, inanc ayrılıqlarının yol açdığı düşmənçiliklər, irqçilik və ya cəmiyyətlərin özlərini digərlərindən üstün görmələri kimi faktorlar tarix boyunca dərin yaralara yol açmış, insanlığın böyük itkilərə məruz qalmasına səbəb olmuşdur. Yaşadıqları cəmiyyətlərdən təcrid olunan və köklərindən qoparılaraq gəldikləri yerlərdə həyat mübarizəsi verən insanların maddi-mənəvi itkiləri də, "insan haqları" anlayışının getdikcə əhəmiyyət qazandığı və keçmişdə yaşanmış zülmlərin dünya dövlətləri tərəfindən qınandığı dovrümüzdə unudulmamalı tarixi faktlar sırasındadır.
Tarixdə baş vermiş yüzlərlə sürgün nümunəsindən bəziləri çərkəzlər, irlandiyalılar, afrikalılar və qırmızı dərililərin məruz qaldıqları sürgünlərdir. Şimali Qafqaz xalqlarının Rusiya tərəfindən köç etməyə məcbur edildiyi çərkəz sürgünündə yüz minlərlə insan köklərindən qoparılaraq heç tanımadıqları yerlərdə yaşamağa məcbur edilmiş; yüz mindən çox irlandiyalı uşaq və cavan qul kimi işlədilmək üçün Qərbi Hind adaları, Virciniya, İngiltərə, Barbados və Yamaykaya göndərilmiş; quldarlıq dövründə milyonlarla afrikalı gəmilərə mindirilib Amerikaya köç etdirilmiş; ağ avropalılar və amerikalılar tərəfindən ənənəvi torpaqlarından heç tanımadıqları torpaqlara sürgün edilən qırmızıdərililər isə onlar üçün yaradılan əlverişsiz yaşayış bölgələrinə yerləşmək məcburiyyətində qalmışlar.
Sürgünü ən ağır şəkildə yaşayan başqa bir xalq isə Hindistandan dünyaya yayılan və yerləşdikləri ərazilərdə irqçilik və xarici düşmənçiliyin hədəfi olmaqla bərabər, illərlə sürgünə məruz qalan qaraçılardır. Müsəlman olduqları üçün Stalin tərəfindən qatar vaqonlarına doldurularaq Orta Asiyaya sürgün edilən Ahıska türkləri Yunanıstanın müstəqilliyini qazanması ilə köçə məcbur edilən moralı türklər də sürgün nümunələrindən bəziləridir.
Yəhudilər isə sürgün dövrünü bir deyil, bir neçə dəfə yaşayan başqa bir xalqdır. Bu da bir həqiqətdir ki, yer üzündə yəhudilər qədər sürgünə məruz qalan başqa bir xalq yoxdur. Mərhəmətsizcə rəftar görən və qırğınlara məruz qalan yəhudilər getdikləri hər yerdən köç etməyə məcbur edilən bir qövmdür.
2500 il boyunca ərəb torpaqlarında yaşayan yəhudilər 1948-ci ildə İsrailin qurulması ilə birlikdə yaşadıqları ölkələrdə öz hökumətlərinin hədəfinə çevriliblər və həyatları təhlükə altında köç etməyə məcbur ediliblər. Əsrlərdir, ərəb hakimiyyətindəki torpaqlarda yaşamalarına baxmayaraq, təxminən 1 milyon yəhudi bu tarixdən etibarən geniş kütlələr halında qaçqın statusu ilə sahib olduqları torpaqları və bütün mal varlıqlarını geridə buraxaraq köç etmək məcburiyyətində qaldılar. Dünya Ərəb Ölkələri Mənşəli Yəhudilər Təşkilatının (WOJAC) məlumatlarına görə ərəb ölkələrindən sürgün edilən yəhudilərin var-dövlətinin bugünki dəyəri 300 milyard dollardan daha artıqdır, ərəb ölkələrində qoyub gəldikləri daşınmaz əmlakın ümumi sahəsi isə təxminən 100 min kvadrat kilometrdir.[i]
Tarix boyunca sürgünə məruz qalmış yəhudi xalqlarının böyük bir hissəsi indiki Mərakeş torpaqlarında rahatlıq tapmışlar. 1-ci əsrdə Romadan, 14-cü və 15-ci əsrlərdə İspaniya və Portuqaliyadan qovulan yəhudilər Mərakeş torpaqlarına yerləşərək burada 2000 ildən çox yaşadılar. Ancaq İsrail dövləti yarandıqdan sonra ərəb sosializminin təsirləri və Mərakeşdə da artan antisemitizm səbəbindən artıq bu torpaqlar yəhudilər üçün etibarlı deyildi. İsrailin qurulduğu il Mərakeşdəki yəhudi əhali təxminən 265 mini köç dalğalarına məruz qaldı.[ii] 2-ci dünya müharibəsi zamanı ölkədə hakimiyyəti ələ alan Alman Vichy rejiminin yəhudilərə qarşı ayrı-seçkilik tətbiq etməsi və 1948-ci ilin iyununda Ucda və Ceradada çıxan hadisələrdə 44 yəhudinin öldürülməsi yəhudilərin ölkəni tərk edərək İsrailə köç etməsinə səbəb oldu.[iii]1970-ci illərin əvvəllərində ölkədəki yəhudi əhali 25 minə qədər azalmışdı. Getdikcə bu say daha da azaldı. Hal-hazırda isə Mərakeşdəki yəhudi əhali təxminən 2,500 nəfərdir.[iv]
Bundan 12 il əvvəl Kazablankada 40 adamın həyatını itirdiyi, təxminən 100 adamın da yaralandığı bombalı hücumlar zamanı yəhudilərə aid bir mədəniyyət mərkəzinin və bir qəbiristanlığın zərər görməsi üzərinə İsrail hökumət səlahiyyətliləri Mərakeşdəki bütün yəhudiləri İsrailə köç etməyə çağırdı. Qeyd edilən hücumlar qarşısında yəhudilərin mövqeyi isə Mərakeşdə qalmaqdan yana oldu. Hətta bu hadisələrdən sonra Mərakeşdəki Yəhudi Azlıq Məclisinin sədri yəhudilərin Mərakeşdə çox rahat olduqlarını, heç bir problemlərinin olmadığını açıqladı.
Həqiqətən də Mərakeşdəki yəhudilər 98%'i müsəlman olan ölkədə bu gün dinclik içində yaşayır, gündəlik həyatda heç bir problemlə qarşılaşmırlar. Xalq birlikdə yaşamaqdan son dərəcə xoşbəxtdir. Mərakeşli müsəlmanlar illər əvvəl ölkələrini tərk edən yəhudi qonşuları ilə bölüşdükləri həyat üçün darıxdıqlarını, köçlər baş verdikdən sonra Mərakeşin əvvəlki Mərakeş olmadığını söyləyirlər. İsrailə köç etmək məcburiyyətində qalmış bir çox mərakeşli yəhudi də ərəb torpaqlarında qazandıqları vərdişləri tərk etməmişlər. Tez-tez Mərakeşi ziyarət edir və kökləri ilə bağlılıqlarını itirməməyə çalışırlar.
Fərqli dinlərin mənsublarını və fərqli mədəniyyətləri əsrlər boyu qovuşduran Mərakeş çəkdiyi əziyyətlərlə böyüyən və inkişaf edən bir ölkədir. Keçmişdə yaşanan əzabları tarixdən silmək üçün ölkədə önəmlim addımlar atıldı və mərakeşli yəhudilər ilə müsəlmanların dostluqları qorunub möhkəmləndirildi. Bundan sonra da müsəlman və yəhudi gəncləri aid olduqları torpaqlara sevgi və qardaşlıq zəminində qurulan yeni bir dostluq, birlik və bərabərlik anlayışı gətirə bilər və Mərakeşin işıqlı gələcəyinə birlikdə işıq tuta bilərlər. Beləliklə, Mərakeş fərqli dinlərdən, fərqli fikirlərdən insanların bir-birlərini qardaşca qucaqladığı, dinclik və təhlükəsizlik içində bir yerdə yaşamağın mümkün olduğunu sübutu olaraq dünyaya nümunə ola bilər, parlaq bir gələcək qurmağın yolunun ancaq sevgi və qardaşlıq olduğunu bütün dünyaya göstərə bilər. Mərakeş kralının məsləhətçisi olan, mədəniyyətlər və dinlər arası dialoq üçün uzun illərdir aktiv olaraq çalışan Yəhudi André Azoulay Mərakeşdə tətbiq olunan "sülh içində bir yerdə yaşama modeli"ni bütün dünyanın nümunə götürməsinin vacib olduğunu müdafiə edənlərdəndir. Ümid edirik ki, Mərakeş, hər yerində dostluğun hakim olduğu, fərqliliklərin bir-birləri ilə zidd olmadığı, güclərini birləşdirdikləri və hər fikirdən insanın bir yerdə yaşaya bildiyi bir model olaraq daha tez tanınar və dünya sülhünün qabaqcıllarından olar.
[i] http://www.jpost.com/Jewish-World/Jewish-News/Expelled-Jews-hold-deeds-on-Arab-lands [ii] http://www.jewishvirtuallibrary.org/jsource/anti-semitism/morocjews.html [iii] http://www.projetaladin.org/holocaust/en/muslims-and-jews/muslims-and-jews-in-history/history-of-the-jews-in-morocco.html [iv] http://www.jewishvirtuallibrary.org/jsource/anti-semitism/morocjews.html Adnan Oktarın Morocco World News'da yayımlanan məqaləsi:
http://www.moroccoworldnews.com/2015/03/154051/muslims-jews-living-peace-morocco/