Mələklər təkamüllə yaradılmamışlar
ucgen

Mələklər təkamüllə yaradılmamışlar

2096

Sonsuz güc sahibi olan Rəbbimiz dilədiyi an yoxdan yaratmağa qadirdir. Allah bir şeyin olmasını istədikdə ona yalnız “Olmağını” əmr edir:

“Biz bir şeyi (yaratmaq) istədikdə, ona ancaq: “Ol!” – deyirik, o da olur” (Nəhl surəsi, 40)

Bütün əskikliklərdən və nöqsanlardan münəzzəh olan Rəbbimiz heç bir şeyə ehtiyacı olmayandır. Bunu dərk edən insan Allahın yaratmaq üçün hər hansı səbəb, vasitə və ya mərhələyə ehtiyacı olmadığını da anlayır. Kainatdakı hər şeyin müəyyən səbəblərə, təbiət qanunlarına əsaslanması insanları çaşdırmamalıdır. Bütün səbəblərin yaradıcısı olan Allah bunlardan tamamilə münəzzəhdir.

Bu həqiqətləri qulaq ardına vuranlar isə Allah`ın sonsuz gücünü lazımınca dəyərləndirə bilməzlər. Darvinizmlə İslam dini arasında körpü yaratmaq cəhdi də məhz bundan qaynaqlanır. Allah`ın üstün yaratma gücünü, yaratma sənətindəki mükəmməlliyi təqdir edə bilmədikləri üçün “İslami təkamül” kimi əsassız fərziyyələr ortaya atırlar. Eyni zamanda Allah`ın fərqli yaratma gücünü də görməzlikdən gəlirlər. Allah insanlardan, heyvanlardan və bitkilərdən tamamilə fərqlənən canlılar da yaratmışdır. Məsələn, bu insanlar mələklərin və cinlərin necə yaradıldığını izah edə bilməzlər. Quranda mələklərin insanlardan fərqli yaradıldığı belə bildirilir:

 “Göyləri və yeri Yaradan, mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allaha həmd olsun! O, xəlq etdiklərindən istədiyini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir.” (Fatir surəsi, 1)

Ayədən aydın olur ki, mələklər görünüşlərinə görə insanlardan çox fərqlənirlər. Həmçinin, Allah ayədə “xəlq etdiklərindən istədiyini artırır” ifadəsi ilə də fərqli yaradılışların olduğunu xəbər verir.

Quranda həm mələklərin, həm də cinlərin insanlardan əvvəl yaradıldığı bildirilir. Allah hz. Adəmi (ə.s) yaratmazdan əvvəl xəlq etdiyi mələklərə və İblisə hz. Adəmə (ə.s) səcdə etməyi əmr etmişdir:

“Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!” – dedikdə...” (Bəqərə surəsi, 30)
“Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!” – dedikdə...” (Bəqərə surəsi, 34)

“Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə səcdə edin!”– dedik...” (Əraf surəsi, 11)

Allah`ın canlıları təkamüllə yaratdığını düşünən insanlar mələklərin yaradılışını açıqlaya bilməzlər. Çünki bu insanlar Allah`ın mutasiya və ya təbii seçmə vasitəsi ilə bir canlıdan fərqli canlılar yaratdığını düşünürlər. (Allah`ı tənzih edirik)

Əvvəlcə bu iddiaçıların nəzərinə çatdıraq ki, təbii seçmə və mutasiyanın yeni canlı növü əmələ gətirmədiyi, yəni təkmilləşdirmək gücünə malik olmadığı müasir elm tərəfindən dəlillərlə sübuta yetirilmişdir. Əlbəttə, Allah diləsəydi bütün canlıları təkamüllə yaradardı. Ancaq Quranda və peyğəmbərimizin (s.ə.v) hədislərində bu barədə hər hansı bir məlumata rast gəlinmir. Təkamülçülərin iddia etdikləri kimi canlıların mərhələ-mərhələ ortaya çıxdığını sübuta yetirən bir ayə belə mövcud deyil. Beləliklə, müsəlmanların təkamül nəzəriyyəsini dəstəkləməsi dinimizə zidd əxlaqdır. Bunun səbəbi isə savadsızlıqları, cahillikləri, təkamülçülərin saxtakarlıqlarını ifşa edən biliklərə yiyələnməmələri və nəticədə psixoloji məğlubiyyəti qəbul etmələri, çoxluq təşkil etdiyi üçün təkamülçülərin haqlı olduqlarını düşünmələridir.

Allah müxtəlif aləmlər yaratmışdır. Mələklər və hz. İsa (ə.s) dördüncü aləmdədir.

Adnan Oktarın 6 noyabr 2010-cu il tarixli Kocaeli TV və Aba TV reportajından    

Cinlər və şeytanlar da təkamüllə yaradılmamışdır

Mələklər kimi cinlər də insanlardan fərqli şəkildə yaradılmışdır. Allah ayələrində insanın palçıqdan, cinlərin isə oddan yaradıldığını bildirir:

“Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdıq. Cinləri isə daha öncə qızmar alovdan yaratmışdıq. (Hicr surəsi, 26-27)

“O, insanı saxsı kimi quru gildən yaratdı, cinləri də təmiz oddan yaratdı.” (Rahmən surəsi, 14-15)

Quranda insanların və cinlərin yaradılış səbəbi belə bildirilir:

 “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.” (Zəriyət surəsi, 56)

Ayələrdən də aydın olur ki, insanlar və cinlər müxtəlif şəkildə, ancaq eyni məqsəd üçün yaradılmışdır: Allah`a ibadət etmək üçün!

Quranda cinlərin də mələklər kimi insanlardan daha əvvəl yaradıldığı bildirilir. Allah hz. Adəmi yaratdığı vaxt mələklərə və İblisə ona səcdə etməyi əmr etmişdir. Cinlərdən olan İblis isə hz. Adəmə səcdə etməkdən boyun qaçırır:

“Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. (İblis) cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Zalımlar üçün bu necə də yarıtmaz mübadilədir!” (Kəhf surəsi, 50)

Nümunələrdən də aydın olur ki, Uca Allah`ın yaratmaq üçün heç bir mərhələyə ehtiyacı yoxdur. Göylərin və yerin Rəbbi olan Allah dilədiyi an bütün səbəbləri ortadan qaldırmağa qadirdir. Məsələn, Allah istəsə insanları ağciyərsiz yaradar, nəfəs almaq üçün havadakı oksigeni səbəb qılmazdı. Dolayısı ilə, Allah`ın bir ağciyəri uzun illər ərzində təkmilləşdirməyə və ya başqa bir orqana çevirməyə ehtiyacı yoxdur. Buna görə də, insanların Allah`ın böyüklüyünü və gücünü öz məhdud ağıllarına sığışdırmağa çalışmaları böyük səhvdir. İnsanlar ancaq Allah`ın dilədiyi qədər düşünə, hər hansı bir məlumata yiyələnə bilər, Onun elmindən yalnız Onun dilədiyi qədər qavraya bilərlər.

Onu da qeyd edək ki, Allah canlılarda müəyyən mərhələlər də yaradır. Məsələn, bitkini toxumdan cücərdir və ya insanı bir spermanın yumurta hüceyrəsi ilə birləşməsindən yaradır. Lakin bu mərhələlərin təkamüllə heç bir əlaqəsi yoxdur. Heç bir mərhələ bəxtə, təsadüfə, nizamsızlığa əsaslanmır. Təkamül nəzəriyyəsinin əsas iddiası isə hər şeyin şüursuz təsadüflər nəticəsində öz-özünə meydana gəlməsidir. Bir bitkinin əmələ gəlməsinin və ya bir hüceyrənin “ən gözəl sürətli” insana çevrilməsinin hər mərhələsi mükəmməl sistemlər nəticəsində həyata keçir və özlüyündə Allah`ın sonsuz qüdrətini və elmini nümayiş etdirir.

Kainatdakı bütün qanunların yaradıcısı Allah`dır. Allah dilədiyi an dilədiyi hər şeyi yaratmağa qadirdir. Göylərdə və yerdəki hər şeyi sonsuz elmi və qüdrəti ilə əhatə edəndir. Bəzi insanlar isə Allah`ın gücünü qavraya bilmir, məhdud ağılları çərçivəsində dəyərləndirməyə çalışırlar. Quranda bu insanlar haqqında belə xəbər verilmişdir:

“Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir!” (Həcc surəsi, 74)

Nəticə

Allah üçün yaratmaq çox asandır. Rəbbimiz heç bir səbəbə ehtiyac duymadan yoxdan yaradandır. Cinləri və mələkləri necə yaratdısa, insanı da təkamülsüz yoxdan yaratdı. Bu vəziyyət heyvanlara, bitkilərə, bir sözlə bütün canlılara da aiddir. Quran bizə yalnız bir həqiqəti bildirir: Allah bütün canlıları təkamül nəticəsində deyil, yəni bir növdən başqa növlər  təkmilləşdirərək deyil, yoxdan yaratmışdır.

Bütün bu həqiqətləri nəzərə almayan insanlar “İslami təkamül” kimi Qurana zidd bir iddia ortaya ataraq böyük səhvə yol verirlər. Belə bir addımın altında savadsızlığın yatdığını dərk etmək lazımdır. Səmimi müsəlman səhv addım atdığını anladığı andan dərhal səhvini düzəltməli və doğru yola yönəlməlidir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr