NEFTLƏ ZƏNGİN YOXSUL İRAQ
ucgen

NEFTLƏ ZƏNGİN YOXSUL İRAQ

1424

Mesopotamiya dedikdə ağıla zənginlik, rifah, yüksək sivilizasiya və mədəniyyət gəlir. Odur ki, həmin şərtlərin bu bölgədə qurulmuş İraqa da aid edilməsi gözlənilir. Ancaq, təəssüf ki, bu gün Mesopotamiya torpaqları üzərində qurulmuş İraqın vəziyyəti heç də belə deyil.

İraq məhsuldar torpaqlara, su yollarına və enerji mənbələrinə sahib olmasına baxmayaraq, zənginlikdən, asayişdən və xoşbəxtlikdən uzaq ölkədir.

Neftlə zəngin olduğu bilinsə də, yanlış strategiyalar, təhlükəsizlik məsələləri, daxildən və xaricdən qaynaqlanan problemlər və korrupsiyaya görə iqtisadiyyatı çökmüş vəziyyətdədir.

İraq Miqrasiya və Miqrantlar naziri Dərbaz Muhəmməd bu vəziyyəti belə açıqlayır: “İraqda 8 milyon yardıma möhtac əhali və 1 milyon 300 min evini tərk etmiş insan var… Bundan əlavə, yüz minlərlə vətəndaşımız əsas qida ehtiyacını ödəyə bilmir və aclıq təhlükəsi ilə üz-üzədir”.

Ölkədə aparılan siyasətlərlə yoxsulluq faizi 19%-ə enmişdi. Bölgədə terrorun meydana gəlməsi ilə bu rəqəm 2014-cü ildə 22.5%-ə yüksəlib. 2015-ci ildə isə vəziyyət daha da pisləşib.

 

Bəs İraq bu vəziyyətə necə düşüb?

 

XX əsrin əvvəllərində İraqın heyvandarlıq üzərində qurulmuş iqtisadiyyatı var idi. Bundan əlavə, Mesopotamiya sayəsində əsas taxıl ixracatçısı idi. Lakin bu gün keçmişdə ixrac etdiyi taxıl məhsullarını belə idxal etmək məcburiyyətində qalıb.

Dünyanın ikinci böyük neft ehtiyatına malik olan İraqda 1950-ci illərdən sonra neftin xarici ticarətdə payı getdikcə artdı. Neft sayəsində zənginləşərək inkişaf edən İraq ilk iqtisadi zərbəni İran-İraq müharibəsində aldı. Bu dövrdə adambaşına düşən gəlir 40% azaldı və neft ixracatı da 3.5 milyon bareldən 800-900 min barelə düşdü.

İraqa siyasi və hərbi embarqolar qoyulması da iqtisadiyyatının pisləşməsinə təsir etdi. Məsələn, İran-İraq müharibəsində Suriya İraq boru xəttini kəsmişdi və 1991-92-ci illərdə Küveyti işğal etdiyinə görə İraqa ciddi embarqolar qoyulmuşdu. Bundan əlavə, bu embarqolar təkcə iqtisadiyyata deyil, xalqa da zərər vurmuş, insanları qıtlığa, xəstəliyə və yoxsulluğa sürükləmişdi.

Bu gün ölkədə inkişaf edən heç bir strateji layihə yoxdur, sərmayələr dayandırılıb. Ölkədə işləyən fabriklər bir-bir bağlanır. Təkcə Süleymaniyyədəki şirkətlər və beşulduzlu hotellərin gündəlik zərəri 15 milyon dollara yaxındır. İraqdakı ticarətin ancaq Bəsrə bölgəsindəki neft sahələri sayəsində müəyyən qədər davam etdiyini demək olar.

Daxili və xarici qüvvələrlə mübarizədə onsuz da ağır zərər çəkən İraq iqtisadiyyatına mühüm zərbəni də korrupsiya vurur. İraq Parlamenti Həqiqət və Korrupsiyanı Araşdırma Komissiyasının nümayəndəsi Adil Nurinin: “Dünya korrupsiya tarixinə baxaq, heç bir ölkədə bu qədər müddət ərzində 500 milyard dolların oğurlandığı görülməyib. İraq xəzinəsinə 8 il (2006-2014) ərzində təqribən 1 trilyon dollar (822 milyard dollar neftin satışından, 250 milyard dollar ABŞ yardımı) daxil olub, ancaq bunun yarısı ortada yoxdur və haraya getdiyi məlum deyil” açıqlaması vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir. Adil Nurinin fikrincə, korrupsiyada ən böyük hissəni silah alışı təşkil edir.

İtmiş milyardlarla dollardan başqa digər korrupsiya da əvvəlki hökumət dövründə planlaşdırılmış və pulu ödənilmiş 700 milyard dollarlıq 4600 layihənin həyata keçirilməməsidir.

Korrupsiya orduda da özünü göstərir. İraq Parlamentinin Komissiya üzvü Mişan Cuburi İraq ordusunda 23 min ehtiyatda olan “kabus”hərbçinin müəyyən edildiyini və bu hərbçilərə beş ildən bəri ödənilən pensiyanın təqribən 1 milyard dollar olduğunu açıqlayıb.

Ehtiyatda olan “kabus” hərbçilərlə yanaşı, ölkədə 57 min “kabus” məmurun olduğu da rəsmi açıqlamalar arasındadır. İraq Müdafiə Nazirliyində işləyirmiş kimi görünən və 2007-ci ildən etibarən maaş alan bu şəxslər işə sadəcə maaşlarını almaq üçün gedirlər.

Bütün bunlara qarşı xalq bəzi dövrlərdə küçə nümayişlərinə çıxaraq səsini eşitdirməyə çalışsa da, ölkədə davam edən xaos mühiti ədalətin bərpa edilməsinə mühüm maneədir.

Dünyanın ən varlı ölkələrindən olması gözlənilən bu ölkədə 8 milyon yardıma möhtac insan var. Bunlardan 1 milyon 300 mini evini tərk etmək məcburiyyətində qalıb, yüz minlərlə iraqlı isə əsas qida ehtiyacını təmin edə bilmir.

İraq xalqı bu gün çəkdiyi sıxıntıların səbəbini Körfəz müharibələri, ABŞ-nın ölkəni işğalı, Suriyadakı proseslər və bölgədəki terrorla əlaqələndirir. Ancaq bu səbəblərin rolu olmaqla bərabər, əsl səbəb tamamilə başqadır.

İraqda baş verənlərin əsl səbəbi parçalanmadır. Bu gün hər kəs İraqın yaxın gələcəkdə fiziki cəhətdən üç yerə bölünəcəyini qəbul etmiş kimi  görünür. Cənubda şiələr, mərkəzdə sünnilər və şimalda sünni kürdlər…

İraq xalqı Bəəs rejimi boyu aldığı sosialist təhsilə görə birləşə bilmir. Bu gün tək dövlət kimi görünsə də, milliyyətçi, məzhəbçi ünsürlərin qızışdırılmasına görə ideoloji və mənəvi cəhətdən parçalanmış vəziyyətdədir. Şiələr ayrı strategiya izlədiklərinə görə mərkəzi hökumətlə şimaldakı İraq Kürd Regional Rəhbərliyi (İKRR) arasında əlaqələr pozulma həddindədir.

Halbuki İraq Osmanlı dövründə şiəsi, türkməni, kürdü, yezidisi, sünnisi ilə birlikdə xoşbəxt, rahat yaşayırdı. Böyük əksəriyyəti müsəlman olan İraq xalqı eyni torpaqlarda yaşadığı digər xalqlarla qardaş olduğunu unutmamalı və xarici təhlükələrə qarşı birlik olmalıdır.

Bundan əlavə, keçmişdə təkcə kənd təsərrüfatı və heyvandarlıq gəlirləri ilə yaşamağa çalışan ölkənin bu gün zəngin neft yataqları var. İraqda tərəflər bir-birlərinə güvənmədikləri üçün bir-birləri ilə iqtidar və hökmranlıq uğrunda mübarizə aparırlar.

İraqda yaşayan xalqlar birlik olub hərəkət etdikləri təqdirdə neft gəlirlərinin də yardımı ilə böyük qüvvə və rifah qazanacaqları açıq-aşkardır.

İraqda yaşayan hər İraq vətəndaşı İraqın varlığını, bütövlüyünü və gələcəyini düşünməlidir. Qarşılıqlı sevgi, hörmət və anlayış üzərində qurulan güclü həmrəylik olsa, ölkənin resurslarının istismar edilməsi və israf edilməsi də böyük ölçüdə aradan qalxar, İraq yenidən müvəffəq, güclü ölkə olmaq yolunda addım atar.

 

 

[i] http://www.timeturk.com/700-milyar-dolarlik-proje-hayata-gecirilmedi/haber-59186

[ii] http://www.aljazeera.com.tr/haber/ibadi-tikrit-operasyonu-bir-ay-icinde

[iii] http://www.cnnturk.com/dunya/irak-hazinesinden-500-milyar-dolar-calindi

 

Adnan Oktarın “Ekurd Daily”də dərc olunan məqaləsi:

 

http://ekurd.net/poor-oil-rich-iraq-2016-01-13

 

 

 


PAYLAŞIN
logo
logo
logo
logo
logo