Hər insanın zehnində “ideal insan modeli” var. Sevdiyi, birlikdə vaxt keçirdiyi, dostluq etdiyi bütün insanlarda bu gözəl əxlaqı görmək istəyir. Ancaq bəzi insanlar düşünmürlər ki, digərləri də onlarda eyni ideal insan modelini axtarırlar.
Hər kəs qarşı tərəfdə axtardığı ideal insan modelini görmək istəyir. Bu istəklər aşağıdakı xüsusiyyətlərdə təzahür olunur:
İman gətirsə də, gətirməsə də, hər kəsin ruhunda bu cür mükəmməl insan axtarışı var. Ancaq insan əksər hallarda sadəcə özünün belə gözləntisi olduğunu düşünərək yanılır. Lakin bütün digər insanların da qarşılarındakı insanlarda bu xüsusiyyətləri axtardığını elə də düşünmür. Halbuki özü tam olaraq nələr gözləyirsə, qarşısındakı insanlar da ondan eyni əxlaqi xüsusiyyətləri gözləyirlər.
İdeal insan modelini ancaq qarşı tərəfdən gözləmək eqoizmdən qaynaqlanır
Nəfsdə eqoizm olduğuna görə, Quran əxlaqını lazımınca düşünməyən insanlar ancaq öz gözləntilərinə əhəmiyyət verirlər. İnsanlarla aralarında qarşılıqlı sevgi, hörmət, dostluq, yaxınlıq, etibar, sədaqət kimi dəyərlərin formalaşması üçün hər iki tərəfin bu əxlaqa uyğun davranmalı olduğunu düşünmürlər.
Özlərinin “məni anlasın”, “mənə olan sevgisində, hörmətində, etibarında qüsur olmasın”, “mənə qarşı mərhəmətli, dözümlü olsun”, “mənimlə davranarkən ən mülayim, ən çox rahatlıq verən, ən gözəl üslubdan istifadə etsin” kimi istəklərinə həddindən çox əhəmiyyət verirlər. Lakin ətrafdakı insanlar bunlardan sadəcə birini tələb etdikdə belə bunun lazımsız tələb olduğunu, özlərinin kifayət qədər yaxşı rəftar etdiklərini və buna baxmayaraq onlara şübhə ilə yanaşıldığını düşünürlər. Nəticədə lazımsız hesab etdikləri bu cür tələbləri yerinə yetirərkən çox könülsüz və ləng davranırlar. Həqiqətən qarşılarındakı insanların bu gözləntilərini haqlı hesab etsələr belə, bu təqdirdə də “qoy əvvəl o mənimlə o cür davransın, sonra mən ona istədiyi kimi davranaram” şəklində məntiq irəli sürürlər.
Bu, insanların eqoistliyindən qaynaqlanan yanaşma tərzidir. Halbuki insan necə insan axtarırsa, özü də eynilə o cür olmalıdır. Əgər o, öz davranışlarını doğru hesab edirsə, onda qarşısında da özü kimi insan olmasından narahat olmamalıdır. Məsələn, özü düşüncəsiz, nəzakətsiz, əsəbi, eqoist, sərt, anlayışsız insandırsa və fikrincə bu xüsusiyyətlərin bir zərəri yoxdursa, bu halda dost olacağı insanın da bu əxlaqa malik olmasını normal qarşılamalıdır. Lakin bu cür insan qarşısındakının bu xüsusiyyətlərə malik olmasını əsla istəməz. Halbuki əgər mərhəmət, anlayış, nəzakət, səbir kimi əxlaqi xüsusiyyətlərə əhəmiyyət verirsə, bu təqdirdə əvvəlcə özü bu əxlaqa uyğun davranmalıdır.
Bu mövzuya dair nümunələrə cəmiyyətdə tez-tez rast gəlmək mümkündür. Lakin cahilik toplumunda hər insanın özünəməxsus qaydaları, əxlaq anlayışı, doğru və yanlışları olduğu üçün, ortaq qənaətə gəlmələri və nəticədə insanların axtardığı ideal insan modelinə nail olmaları mümkün olmur.
İdeal insan modelinə uyğun yaşamağın yolu Quranda izah edilən müsəlman əxlaqına yiyələnməkdir
Lakin müsəlmanlar üçün vəziyyət çox fərqlidir. Bütün müsəlmanların yeganə ortaq ölçüləri var, bu da Qurandır. İnsanın nəfsindəki ideal insan modeli də Quranda izah edilən müsəlman əxlaqına yiyələnən şəxsdir. Ona görə də möminlərin axtardığı insan modeli Quranda izah edilən “ən təqvalı insan” modelidir. Bir mömin qarşısındakı mömindən bu xüsusiyyətləri tələb etdikdə qarşı tərəfin bu istəklərə etiraz etməsi, əhəmiyyət verməməsi və ya bu tələbləri lazımsız hesab etməsi kimi hallar baş verməz. Çünki bunlar Quran əxlaqının tələbləridir.
Ona görə də əgər mömin Qurana tam tabe olarsa, Allahın iznilə, təsəvvüründəki bu ideal insan xarakterinə və əxlaqına yiyələnə bilər. Eyni şəkildə qarşısındakı insanlarda axtardığı gözəl əxlaqı da möminlərdə görə bilər.
Möminlərin ən mühüm xüsusiyyəti əsla “özlərini üstün görməmələri” və “nə qədər gözəl əxlaqlı olsalar da, hər zaman hər sahədə daha yaxşı ola biləcəklərini” unutmamalarıdır. Bir insan həqiqətən daha mərhəmətli, daha dürüst, daha çalışqan, daha çox sevgi dolu ola bilər. Çünki o da qarşısındakı insan nə qədər yaxşı olsa da, bir çox məsələdə həmin insanın daha yaxşı olmasını tələb edər. Ona görə də müsəlman özü kimi ətrafındakı möminlərin də bu cür gözləntilərini normal qarşılamalıdır.
Möminlərin digər mühüm xüsusiyyəti isə “ideal əxlaqı əvvəlcə başqalarından gözləməkdənsə, özlərinin həmin əxlaqa uyğun davranmalarıdır”. Mömin bunun özü üçün olduğu qədər başqaları üçün də mühüm ehtiyac olduğunu qavrayır və “ideal əxlaqın” xüsusiyyətlərini tam təfərrüatı ilə bilir. Bu amilləri dostluq münasibətlərində əhəmiyyətli görür, eyni şəkildə qarşısındakı insanların da onunla dost olmaq, ona etibar etmək, onu daha çox sevmək üçün onda bütün bu detalları axtaracağını bilir. Bunun nə qədər haqlı tələb olduğunu anlayaraq, Allah rizası üçün, özü ideal insan əxlaqına uyğun davranaraq digərlərinə nümunə olur. Allahın iznilə, bir insan Allah üçün Quranda bildirilən bütün gözəl əxlaqi xüsusiyyətləri mənimsədikdə, inşaAllah, Allah əvəzində ona ətrafındakı insanlarda da gözəllik, yaxşılıq və nemət yaradaraq lütf edir. Bu həqiqət bir ayədə belə müjdələnmişdir:
Allahdan qorxub pis əməllərdən çəkinənlərdən: “Rəbbiniz nə nazil etmişdir? – deyə soruşduqda onlar: “Xeyir” – deyə cavab verərlər. Bu dünyada yaxşılıq edənləri (gözəl həyat) gözləyir. Axirət yurdu isə, sözsüz ki, daha yaxşıdır. Müttəqilərin yurdu necə də gözəldir! (Nəhl surəsi, 30)
Bir insan Allahın razılığına uyğun, hər kəsin bəyəndiyi əxlaqa və gözəl davranışa malik olmaq üçün ağlını və iradəsini işə salmalıdır. Məsələn, pisliyə yaxşılıqla cavab verməlidir. Allah ayədə bu gözəl əxlaqı belə əmr etmişdir:
Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)
Hər gözəl şey ağılla əldə edildiyi kimi gözəl əxlaq və ideal insan modeli də ağıl, iradə və səbirlə qazanılır. Bunun üçün səmimi cəhd etmək, nəfsə səbirlə söz keçirmək lazımdır. Bu cür səy göstərilsə, Allahın iznilə, insan gözəl əxlaqı və hər kəsin bəyəndiyi ideal insan modelinə ən mükəmməl şəkildə nail olar. Quranda bu həqiqət belə xəbər verilir:
Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Nəhl surəsi, 97)
MÖMİNLƏR ÜÇÜN NÜMUNƏVİ İDEAL İNSAN MODELİ PEYĞƏMBƏRİMİZ (SƏV)-DİR
Peyğəmbərimiz (s.ə.v.) çox həssas, şəfqətli, anlayışlı, sevgi dolu insan idi. Dostlarının, yaxınlarının, ona tabe olan möminlərin hər cür maddi-mənəvi problemi ilə maraqlanır, onların səhhəti, təhlükəsizliyi, rahatlığı üçün bütün tədbirləri görür, onları şəfqət qanadlarının altına alır, imanlarını və təqvalarını daima gücləndirərək axirətlərini düşünürdü. Peyğəmbərimizin (səv) bütün bəşəriyyətə nümunə olan bu gözəl xüsusiyyətləri ayələrdə belə bildirilir:
Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir. (Tövbə surəsi, 128)Sənə tabe olan möminləri qanadının altına al. (Şüəra surəsi, 215)
Peyğəmbərimizin (s.ə.v.) tərbiyə etdiyi möminlər də onun gözəl xüsusiyyətlərini özlərinə nümunə götürərək fədakar, şəfqətli və mərhəmətli davrandıqları üçün Quranda xatırlanmışlar. Bir ayədə möminlərin bir-birləri üçün etdiyi fədakarlıq belə xəbər verilir:
Onlardan əvvəl yurd salmış və iman gətirirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır! (Həşr surəsi, 9)
Peyğəmbərimiz (s.ə.v.) səhabələrinə də mərhəmətli olmağı xatırlatmış, onlara ən gözəl nümunə olmuşdur. Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v.) bir hədisdə belə buyurmuşdur:
Mərhəmət edin, sizə də mərhəmət olunsun, bağışlayın, siz də bağışlanasınız. Əfsuslar olsun sözlə vaxt itirənlərə! Əfsuslar olsun günahlarına bilərək davam edib bağışlanma diləməyənlərə. (G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1-ci cild, Gonca Yayınevi, İstanbul, 1997, 70/10)