2002-ci ildə Nigeriyanın şimalında qurulan Boko Haram on ildən çoxdur ki, həyata keçirdiyi çox saylı terror hadisələri ilə özünü tanıdan qruplaşmadır. Qərb təhsil sisteminə qarşı olduğu üçün yerli dildə «qərb təhsili haramdır» mənasına gələn Boko Haram adı ilə tanınır. 2004-cü ildə ilk hərbi quruluşunu tamamlayan qruplaşmanın məqsədi Nigeriyanın şimalında azğın radikal din anlayışına əsaslanan dövlət qurmaqdır.
Boko Haram bölgənin geridə qalmışlığı və yoxsulluğunu, hökumətin korrupsiyalaşmasını və ədalətsiz idarəçiliyə qarşı çıxan reaksiyaları birləşdirərək özünə çoxlu tərəfdar topladı. Boko Haram qurulduğu gündən etibarən Nigeriya, Kamerun, Çad, Nigerdə bölgə əhalisini, xristianları, jurnalistləri və özlərindən olmayan müsəlmanarı hədəf alır.
Kilsə yandırmaq, məktəblərə, polis idarələrinə hücum, rəsmi qurumları, ictimai yerləri bombalamaq, uşaqları canlı bomba olaraq istifadə etmək, qız uşaqlarını qaçırtmaq kimi əməlləri ilə 7000-dən çox insanın ölümünə səbəb oldu. Boko Haramın vəhşiliyinə görə Çad gölü hövzəsində təxminən 1.5 milyon insan yaşadığı yerləri tərk etmək məcburiyyətində qaldı. Qruplaşmanın əməllərindən 3 milyon insanın ziyan çəkdiyi bildirilir.
Radikal qruplaşma keçən ilin aprel ayında Nigeriyanın şimal-şərqindəki Borno əyalətinin Çibok kəndində 300-ə yaxın tələbə qızı qaçırtmışdı.
2015-ci ildə Boko-Haramın terror hadisələri şiddətini daha da artırdı. Qruplaşma bu ilin yanvar ayında Nigeriyanın şimal-şərqindəki Baqa və Doron Baqa qəsəbələrini demək olar ki, xəritədən sildi. Yandıraraq xarabalığa çevirdiyi qəsəbələrdə 3 mindən çox ev dağıdıldı.
«Amnesty İnternational» təşkilatının Boko Haramın «ən böyük və ən ölümcül» terror hadisəsi olaraq xarakterizə etdiyi qanlı hücumda qruplaşma üzvləri xalqa atəş açaraq və binaları yandıraraq 2 min nəfərin ölümünə səbəb oldu.
Boko Harama qarşı güc birliyi
Son aylarda Nigeriyanın qonşu ölkələrinə də hücumları artıran və mart ayında İŞİD-ə beyət etdiyini elan edən Boko Harama qarşı 4 Qərbi Afrika ölkəsi Nigeriyaya dəstək vermək üçün güclərini birləşdirəcəyini açıqladı. Yanvar ayında baş tutan, BMT və Afrika İttifaqı nümayəndələrinin də iştirak etdiyi 3 günlük zirvədə Nigeriya, Kamerun, Benin, Niger və Çad təmsilciləri bu ciddi təhdidə qarşı aparılacaq hərbi mübarizə planını müzakirə etdilər. Danışıqlar nəticəsində alınan qərarlar arasında qruplaşmanın təkcə həmin ölkələr üçün yox, bütün Afrika üçün ciddi təhlükə olduğu bəndi vardı.
Boko Harama qarşı təxminən 10 min nəfərlik ortaq hərbi müdafiə gücünün yaradılması qərarı alındıqdan sonra mart ayının əvvəllərində Çad və Niger qüvvələri qruplaşmaya qarşı qurudan və havadan böyük hərbi əməliyyat başlatdı. Çadın paytaxtı Ncamenada yerləşdirilməsi qərarlaşdırılan koalisiya güclərinin bu vaxta kimi ortaq sərhəd bölgələrindəki 30-dan çox qəsəbəni Boko Haramdan geri aldığı bildirildi. ABŞ kəşfiyyatçılarının dediyinə görə, Boko Haramın təxminən 4-6 minə yaxın əsgəri var.
Konqo Respublikası, Qabon, Mərkəzi Afrika Respublikası, Ekvatorial Qvineya, Burundi, Anqola, Konqo Demokratik Respublikası və Kamerun kimi ölkələrin nümayəndələri də Kamerunun paytaxtı Yaundedə toplanaraq Boko Harama qarşı alınacaq yeni tədbirləri müzakirə edir.
Cənubi Afrika da Boko Harama qarşı könüllü döyüşmək istəyən ölkələrin başında gəlir. Fil Dişi Sahilinin Müdafiə naziri Paul Koffi Abidjan şəhərində təşkil etdiyi mətbuat konfransında, "Bu regional hətta beynəlxalq bir problemdir. Ölkələr bu məsələni birlikdə həll etməlidirlər. Ona görə Fil Dişi Sahilinin də bu mübarizəyə qoşulması şərtdir" deyə bildirdi.
Ən son Boko Haram üzvləri bir kənd məscidində imam kimi geyinib özlərini dinləməyə gələn müsəlman vətəndaşlara atəş açdı. 24 müsəlman şəhid olarkən bir çox insan da yaralandı.
Boko Haramın insanlıqdan kənar hərəkətlərinin təcili olaraq durdurulması vacibdir. Ancaq hər zaman söylədiyimiz kimi, şiddət, vəhşilik, terror və radikalizm bugünə qədər hərbi üsullarla həll oluna bilmədi. Hərbi üsulların problemləri həll etməyib, əksinə, onları daha da artırdığını on illərin təcrübəsi göstərir.
Belə ki, İraqda, Liviyada, Yəməndə və Boko Harama qarşı həyata keçirilən hərbi əməliyyatların, hava bombardmanlarının yüzlərlə günahsız insanın ölməsinə səbəb olduğu da artıq gizlədilə bilməyən həqiqətdir.
Bu səbəbdən tək həll yolu radikalizm azğınlığının Quranda anladılan əsl İslamla ziddiyyətlərinin bütün təfərrüatı ilə ortaya qoyulması, Qurandakı əsl sülh, sevgi və şəfqət dininin ağıllı şəkildə izah edildiyi düzgün maarifləndirmənin aparılmasıdır.
Xurafatçı din anlayışının yanlışlığının açıq şəkildə ortaya qoyulması ilə radikal qruplaşmaların batil fikir sistemi çökər, bunun nəticəsində radikal təlkin və təbliğatla özlərinə tərəf çəkdikləri insanların şüuru açılar. Hipnozdan çıxan bu insanlar gerçəkləri görüb özlərini xilas edər. Maarifləndirmə yolu ilə radikal qruplaşmaların tərəfdarı olan xurafatçı kütlə aydınlanaraq radikalizm azğınlığının fərqinə varar. Nəticədə üzvlərini, tərəfdarlarını, kütləvi dəstəyi itirən və hər dövrdə beynəlxalq kəşfiyyat orqanlarının, dərin dövlətlərin, super güclərin oyuncağı olan radikal qruplaşmalar birdəfəlik tarixdən silinər.
Problemi həll etməyin tək yolu budur. Təbii ki, əgər həqiqətən həll etmək istəyirlərsə!
Adnan Oktarın «Morocco World News & Daily Mail»də nəşr olunan məqaləsi:
http://www.moroccoworldnews.com/2015/04/157037/boko-haram-fought-education-not-weapons-2/
http://dailymailnews.com/2015/05/03/boko-haram-should-be-fought-with-education-not-with-weapons/