Soyuqqanlı canlılar iş görərkən lazım olan enerjini bədənlərini qızdıraraq, yəni günəş vannası qəbul edərək əldə edirlər. Lakin yeni araşdırmalar nəticəsində məlum oldu ki, böcəklər digər soyuqqanlı canlılarda olmayan qızınma mərkəzinə sahibdir. Bəziləri isə bədənlərini xüsusi yerdə, yəni bitkilərdə qızdırırlar.
Avstraliyadakı Adelaida Universitetinin bioloqu Rocer Seymur dünyadakı təqribən 900 növ bitkinin çiçəklərində temperatur yayma xüsusiyyətinin olduğunu bildirir. Hansı yolla hasil edildiyi hələ də məlum olmayan bu temperatur tozlandırıcı böcəkləri dəvət edən qoxuların yayılmasını təmin edir. Seymur və tədqiqat heyətinin “Nature” jurnalında nəşr olunan araşdırmasında bu temperaturun, eyni zamanda, tozlandırıcı böcəkləri də təşviq etdiyi aşkar edilmişdi.1
Tədqiqatçılar siklosefali növünə aid böcəklərlə tozlanan və Fransa Qvianasında yetişən filodendron adlı bitkini araşdırdılar. Bitkinin çiçəkləri arasına kiçik cihazlar yerləşdirən elm adamları gecələr buradan istilik ayrıldığını və xarici mühitlə müqayisədə 4°C daha yüksək temperaturun olduğunu aşkar etdilər. Bu temperatur da böcəkləri kütləvi olaraq bitkiyə cəlb edirdi.
Tədqiqat qrupu daha sonra böcəklərin qidalanma ehtiyacını araşdırmağa başladı. Bu araşdırmada böcəklərin sərf etdiyi enerjini hesablayan respirometr cihazından istifadə etdilər. Tədqiqatçılar cihazı böcəklərə yerləşdirdikdən sonra məlum oldu ki, bu canlılar çiçəkdən uzaqda olduqda bədənlərini isti saxlamaq üçün daha çox enerjiyə ehtiyac duyurlar. Buna görə də çiçəkdən uzaqda olan böcək gecə qızınarkən çiçəyin içindəki böcəkdən iki və ya beş dəfə daha çox enerji sərf edirdi.
Seymur qeyd edir ki, siklosefali kimi kiçik böcəklər bədən temperaturlarını çox tez itirdikləri üçün bədənlərini isti saxlaya bilmirlər. Buna görə də onlar istilik yayan bitkilər sayəsində çoxalmağa və qidalanmağa daha çox enerji sərf edirlər. Bu bitki böcəklər üçün o qədər rahat və faydalı şərait yaradır ki, onlar ömürlərinin 90%-ni çiçəklərdə keçirirlər.
Bitki ilə böcək arasındakı bu birlik heyranedici qarşılıqlı faydalanma nümunəsidir. Çünki olduğu yerdən hərəkət edə bilməyən bitkinin tozcuqlarını yayması üçün hər hansı vasitəçiyə ehtiyacı var. Bu ehtiyacını isə nəqliyyat vasitəsi kimi xidmət edən böcəklər qarşılayır. Böcəklər də gecə saatlarında bədənlərini qızdırmaqda çətinlik çəkirlər. Temperatur aşağı düşdükdə bədənlərindəki enerjinin böyük hissəsini özlərini qızdırmağa sərf edirlər.
Bu zaman hər iki canlının ehtiyacını aradan qaldıran hadisə baş verir: bitki öz istiliyini mühitin temperaturundan 4°C çox olana qədər isidir. Bu, bitkinin fizioloji quruluşundakı xüsusi tənzimləmələrlə baş verir.
Yaxşı, bəs bu proses ilk dəfə necə başlamışdır? Yəni bu prosesi reallaşdıran fizioloji əsasları nə hərəkətə keçirmişdir? Görəsən, bitki öz ehtiyaclarını qarşılamaq üçün böcəkləri özünə cəlb edə, onun fizioloji cəhətdən istiliyə ehtiyac duyduğunu araşdıra və böcəyə gecə vaxtı istilik verməyin ağıllı üsul olduğunu anlaya bilərmi? Əlbəttə, xeyr. Çünki bitkinin düşünmək üçün beyni yoxdur. Bütün bu sadalananları bitki hesablamadığına görə, bunları yerinə yetirən üstün bir ağıl olmalıdır. Bu üstün ağılın sahibi isə, şübhəsiz, uca Allahdır. Allah bitki və böcəkləri yaradaraq onlara bir-birilərinin ehtiyaclarını qarşılamaq üçün müxtəlif xüsusiyyətlər bəxş etmişdir. Allah bu cür saysız-hesabsız yardımlaşma əlaqələri yaratmış və təbiətdəki həyatın uyğunluq içində davam etməsini təmin etmişdir. Bütün canlıların ehtiyaclarını qarşılayan da Odur. Üstün güc sahibi olan Rəbbimizin isə heç bir şeyə ehtiyacı yoxdur.
Allah İxlas surəsində belə bildirir:
De: “O Allah Təkdir! Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!” (İxlas surəsi, 1-4)
1. Roger S. Seymour et al., "Environmental biology: Heat reward for insect pollinators", Nature 426, 243 - 244 (20 noyabr, 2003); doi:10.1038/426243a"