Discovery Science TV kanalında təbii molekulların mənbəyi kimi kosmos göstərilərkən həyatın mənbəyinin da başqa planetlər olduğu güman edilən iddiaya yer verildi. Bu məqaləmizdə həmin kimyəvi maddələrin mövcudluğunun həyat demək olmadığının üzərində dayanacaq, həyatın mənşəyini açıqlamaqdan kənar olan təkamül fərziyyəsinə dair leyhdə dəyişdirilmiş daha bir problemi göstərəcəyik.
Kosmosda karbohidrata oxşayan kimyəvi maddələrin tapılması nə deməkdir?
Kimyəvi maddələr kainatın hər yerində meydana gələ bilər. Xüsusilə böyük ulduzlar və dumanlıqlar (nebulalar) ağır metalların əmələ gəldiyi yüksək enerjiyə sahib xüsusi mühitdir. Kosmosda toz və qaz buludları da mövcuddur. Bu qazlar da müxtəlif kimyəvi birləşmələrin əmələ gəldiyi, atomların bir-biri ilə müxtəlif birləşmələr meydana gətirdiyi reaksiya mühitləri olaraq qarşımıza çıxırlar. Təkamülçülər "həyat kosmosdan gəlib" iddiasına əsas olaraq bu faktı istifadə edirlər.
Yüksək enerjili ulduzlar və dumanlıqlar (nebulalar) canlılarda da istifadə olunan molekulların təbii mənbəyidir. Bu molekulların meteorlarla Yerə daşınması isə təbii prosesdir. 1969-cu ildə Avstraliyaya düşən Murchison meteoriti tədqiq edildikdə üzərində bir çox kimyəvi maddə müəyyən edilib. Bunlar arasında karbohidrata bənzəyən sadə kimyəvi maddələr də tapılıb. Ancaq "poliol" kimi səciyyələndirilən bu kimyəvi maddələr canlı orqanizmlərin varlığına işarə etmir. Poliol kimyəvi maddələri "şəkər spirtləri" adlandırılsalar da bildiyimiz halları ilə şəkər və ya spirt ehtiva etmirlər.
Murchison meteoru üzərində araşdırmalar aparan dr. Corc Koper və yoldaşları kiçik karbohidrat molekulu olan dihidroksiaseton ilə birlikdə yağ molekulu kimi tanınan qliserola da rast gəlmişdir.1 Ancaq bunların canlı orqanizmlərə işarə etdiyini iddia etmək mümkün deyil. Çünki bu sadə molekulların formaldehiddən süni olaraq sintezlənə bildiyi 1861-ci ildə Aleksandr Butlerov tərəfindən göstərilmişdir.2
Planetlərarası boşluqda formaldehid buludlarının olması astronomik tapıntıdır. Formoza reaksiyası olaraq adlandırılan bir mexanizmə görə, kosmosda yüksək enerjili formaldehiddən ibarət molekulyar qaz buludları bir əsas və metal atomu ilə kataliz edildikdə həmin kabohidrata bənzər molekullar əmələ gələ bilir.
Canlılar üçün tək başına zəhərli qaz olan formaldehid isə həyat mənşəli deyil. Formaldehid hər nə qədər təbii molekul da adlandırılsa, kosmosda olan karbon-monooksid buzları hidrogen atomları ilə reaksiyaya girdikdə ortaya çıxan zəhərli kimyəvi maddədir
H + CO → HCO, HCO + H → CH2O
Breslou da 1959-cu ildə formoza reaksiyasına aid ətraflı mərhələlər ortaya çıxarmışdır. Buna görə bu zəncirvari reaksiyadakı ara məhsullar qlikolaldehid, qliseraldehid, dihidroksi aseton və tetroza karbohidratlarıdır.3
Formoza reaksiyasında əvvəlcə 2 formaldehid molekulu cəmləşərək qlikolaldehid meydana gətirir, (1) sonra aldol reaksiyası ilə qliseraldehid meydana gəlir (2). Aldoz-ketoz izomerizasiyası ilə 2 Dihidroksi aseton (3), bu da 1-ci mərhələ ilə qarşılıqlı təsirə girərək Ribuloza (4), sonra yenə təkrar izomerizasiya ilə Riboza (5) meydana gəlir. 3 nömrəli molekul formaldehid ilə təkrar reksiyaya girərək Tetruloza (6) və daha sonra da Aldol-tetroza (7) meydana gəlir.
Göründüyü kimi, sözügedən molekullar canlıların olmadığı, cansız vəziyyətdə molekulların bir-biriləri ilə elektron mübadiləsi nəticəsində ortaya çıxan cansız birləşmələrdir. Bunların arasında riboza karbohidratı da var. Hansı ki, bu hal, sırf canlılarda RNT-nin quruluşunda da var deyə "RNT kosmosdan gəlib" deyə şərh oluna bilməz.
Təbii ki, digər ulduzlar və qalaktikalar yer üzündəki bir çox kimyəvi elementin mənbəyidir. Lakin planetimiz digər göy cisimlərindən fərqli olaraq bu cansız molekulların canlı orqanizmlər içində həyat tapdığı xüsusi yerdir.
Meteoritdə aminturşularının olması nə deməkdir?
Murchison meteoru maraqlı digər bir təsbitə də imkan yaratdı. Bu meteoritin tərkibində müxtəlif aminturşularlarına da rast gəlindi. Amma bu heç də təəccüblü gəlməməlidir. Çünki meteoritin tərkibindəki aminturşuları laboratoriya şəraitindəki molekulların reaksiya girməsi ilə əldə edilə bilən amin turşularının eynisidir. Xüsusi qapalı vakum şəraitində metan, azot, su və amonyak molekullarına elektrik verildikdə əmələ gələn bütün kimyəvi maddələr eyni şəkildə bu meteorda da mövcuddur. Belə ki, həm meteorda, həm də laboratoriyada əldə edilən turşu qarışığı rasemat qarışıq olub, eyni miqdarda sağ və sol əlli aminturşularından ibarətdir.4 Canlıların quruluşu məhz sol əlli aminturşularının varlığına söykəndiyindən sözügedən amin turşularının canlı orqanizmlər tərəfindən istifadə edilməsi qeyri-mümkündür.
Bundan başqa və vacib bir məqam var ki, təkcə aminturşularının varlığı canlı həyat mənasına gəlmir. Aminturşular nano-maşınlar olan zülalların təməl maddəsi olan kimyəvi maddələrdir. Canlı orqanizmlərdə bu aminturşuları da öz aralarında seçilməyə məruz qalmalıdırlar. Zülalların sintezində istifadə edilən aminturşuları hər zaman sol əlli olmaq məcburiyyətindədirlər. Canlı orqanizmlər içində sağ əlli aminturşularına qətiyyən yer yoxdur. Zülalların sintezi bu baxımdan səhv qəbul etməyən bir prosesdir. Zülallarda istifadə edilən aminturşularının yalnız sol əlli olması bu gün hələ də tam olaraq aydın olmayan çox həssas atomar incəlikdir. Bununla yanaşı, bir zülalın istehsalı yüz ədəd başqa zülalların varlığına bağlıdır. Bu zülalların köməyi olmadan aminturşuların birləşib zülalları meydana gətirməsi mümkün deyil. Zülal istehsalı üçün DNT-dəki şifrə və bir zavod olaraq ribosom lazımdır. Ribosom onsuz da zülal və RNT-dən ibarətdir. Bu minvalla zülalları təşkil edən zavodun da zülallardan əmələ gəldiyi həqiqəti darvinistlərin meteor nəzəriyyəsini tamamilə alt-üst edir. Ribosomdakı zülal istehsalı zamanı aminturşuları genetik kodlarla müəyyən olunmuş sıraya görə mühitdən seçilib bir-birilərinə bağlanırlar. Nəticə etibarilə DNT-si, zülalları və bütün orqanoidləri ilə bütöv və qüsursuz hüceyrə olmadan həyatdan danışmaq mümkün deyil.
Meteorla bir aminturşusu molekulunun dünyaya gəldiyi fərz edilsə belə, bu molekul mühitdəki karbohidratlar və olduqca dağıdıcı xüsusiyyətdəki sərbəst radikallara bağlanaraq yox olub gedəcək.
Hüceyrədən əvvəl "proto-hüceyrə" iddiası
Təkamülçülər də fərqindədirlər ki, aminturşularını bir-biri ilə birləşdirən peptid rabitələri Günəşdən gələn ultrabənövşəyi şüalara məruz qalmamalıdır. Bunun üçün darvinistlər xəyali ilk hüceyrənin Günəşdən uzaq, qorunaqlı, amma kifayət qədər də enerji ehtiva edən şəraitdə yarandığını uydururlar. Bu səbəbdən okeanların dərinliklərindəki geotermal isti su resurslarının əlverişli mühit olduğuna inanırlar. Digər bir izahda isə hüceyrələr üçün sığınacaq kimi səthdə olan, Günəşdən uzaq olub kölgədə qala bilmiş geotermal süxur və hovuz formasiyaları təsvir edilir. Bu uydurmaya görə "sərbəst yağ molekulları" birləşərək qabarcıqlar meydana gətirmş, beləliklə ilk "proto-hüceyrələr" yaranmışdır.
Ancaq burada unudulan -ya da qəsdən ehmal edilən- fundamental bir həqiqət var. Yağ molekullarının mənbəyi hər zaman ancaq və ancaq canlı hüceyrədir. Yağ təbiətdə öz başına meydana gəlmir, yalnız canlı hüceyrədəki zülallar tərəfindən istehsal oluna bilər. Hüceyrə qılafını təşkil edən fosfolipidlər, hüceyrədə endoplazmatik şəbəkəyə bitişik sitozolda istehsal olunur. İstehsalı üçün isə onlarla xüsusi zülala ehtiyac var. Bunlardan bəziləri GPAT və LPAAT atil-transferazaları, fosfataza, kolin fosfotransferaza, flippaza və floppazadır. Yerdəki yağ molekullarının mənbəyi ilk olaraq dəniz yosunları, daha sonra quru bitkiləri olmuşdur. Yağ molekullarını qeyri-üzvi, sadə kimyəvi maddələr kimi qiymətləndirmək çox yanlış olar. Göründüyü kimi, yağ molekulları üçün də əvvəlcə zülallara və zülalların fəaliyyət göstərə biləcəyi canlı hüceyrəsinə ehtiyac var.
“Həyat kosmosdan gəlib” iddiası
Xəyali təkamül mexanizmlərinin əsassız olduğu bir-bir ortaya çıxdıqca təkamülçülər çarəni çox uzaqlarda, kosmosda axtarırlar. "Həyat ilk dəfə kosmosda başladı" ritorikası "həyatın öz-özünə başladığı" yalanının elmi olaraq məhv edilməsindən sonra ortaya atılan başqa yalandır. Dəlillərə və ya tapıntılara əsaslanan açıqlama deyil. Darvinistlərin "panspermiya" adlandırdıqları bu iddia ilk hüceyrələrin kosmosdan gəldiyini, "kosmoslu avtostopçular" adlandırılan meteoritlərin yer səthini bu orqanizmlərlə bombardman etdiyini izah edir. Yenə bu nağıla görə, həyat əvvəlcə Marsda başlamış, Mars səthinə enən şiddətli zərbə içi bakteriya ilə dolu qayaları kosmosa atmış, o qayalar da meteorlar şəklində həyatı Yerə daşımışdır!
Meteorlarla həyatın dünyaya daşındığı nağılının heç bir elmi dəyər daşımadığını əvvəlki başlıq altında izah etmişdik. Bundan başqa, biz darvinistlərdən başqa elmi cavab və izahlar gözləyirik. Biz təkamülçü alimlərdən cansız kimyəvi maddələrin kainatın harasında olursa olsun, hansı mexanizmlə canlandığını dəlilləri ilə ortaya qoymalarını gözləyirik. Ancaq buna dair hər hansı bir elmi açıqlama verilmir. Onsuz da verilməsi mümkün deyil. Bu cür bəyanatlar yalnız təkamülçülərin xəyal gücünü göstərir. Müşahidə və eksperimentə əsaslanmalı olduğu halda, elmdən uzaq olan bu iddialar ancaq vaxt qazanma məqsədi daşıyıb, süquta gedən təkamül nəzəriyyəsini ayaqüstə saxlamaq cəhdidir. Bunlar əyləncəli nağıllardan başqa bir sey deyil.
Sənədli filmin son hissəsində isə belə etirafa yer verilmişdir:
"Həyatın Marsda da ilk dəfə necə ortaya çıxdığını bilmirik, yəni ilk sual yenə də cavabsız qalır. Həyat necə başladı? Hazırda həyatın kosmosdan gəldiyini, yoxsa dünya okeanlarının dərinliklərində başladığını bilmirik".
NƏTİCƏ
Həyat ancaq həyatdan gəlir. Cansız maddələr milyonlarla il də keçsə öz-özlərinə bir araya gəlib canlı hüceyrə meydana gətirə bilməzlər. Dünya isə bu kimyəvi birləşmələrə can verilmiş planetdir. Həyat o atomları və molekulları hərəkət etdirib idarə edən, sonsuz güc sahibi uca Allahın yaratması ilə meydana gəlir. Bu həqiqəti görməyi rədd edən darvinistləri öz gülünc açıqlamaları daim alçaltmağa davam edəcək.
Rəbbimiz ayələrdə bu şəkildə bildirir:
Göyləri və yeri yaradan, zülmətləri və nuru var edən Allaha həmd olsun! (Bu dəlillərdən) sonra kafir olanlar hələ də (bütləri) öz Rəbbinə tay tuturlar. Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun dərgahında bəlli bir əcəl vardır. (Bunu bildikdən) sonra siz yenə də şübhə edirsiniz.
(Ənam surəsi, 1-2)
Mənbə:
1. https://science.nasa.gov/science-news/science-at-nasa/2001/ast20dec_1
2. A. Boutlerow, "Formation synthétique d'une substance sucrée" Comptes rendus 53: 145-147. Reprinted in German as: Butlerow, A., 1861
3. Breslow, R. (1959). "On the Mechanism of the Formose Reaction". Tetrahedron Letters. 1 (21): 22–26
4. Miller SL. et al, Nonprotein amino acids from spark discharges and their comparison with the murchison meteorite amino acids, Proc Natl Acad Sci U S A. 1972 Apr;69(4):809-11