Allah ayədə Quranı oxuyan, doğrunu-səhvi bilən və başqalarına yaxşılığı əmr edən, ancaq həmin xatırlatmaları özü etməyən qəflət içində olan insanları xəbərdar edir.
Allah Quranda möminlərə bir-birlərinə yaxşılığı əmr edib, pislikdən çəkindirmlərini nəsihət etmişdir. Bu Allah’ın bəyəndiyi xüsusiyyətdir. Lakin mühüm olan insanın başqasına xatırlatdığı mövzulara özünün də diqqət yetirməsi və onlara davranışları, əxlaqı ilə nümunə ola bilməsidir. Çünki əgər həmin şəxs davranışının səhv olduğunu bilir və bundan narahatlıq keçirirsə, bu vəziyyətdə özü də bu səhvdən xilas olmaq və doğru olanı etməklə məsuldur. Əks halda başqalarına etdiyi xəbərdarlıqlar axirətdə öz əleyhinə olaraq qarşısına çıxa bilər.
Bir səhvi başqasını xəbərdar edəcək qədər yaxşı təyin edə bilən insanın, eyni səhvi öz nəfsində təyin edə bilməməsi mümkün deyildir. Əlbəttə ki, insan öz səhv və günahının da fərqindədir. Bu səbəbdən insanın özündəki səhvi görməməzlikdən gəlməsi qəflət və səmimiyyətsizlik içində olduğunu göstərir. Məsələn, yalançı birinin insanları doğruluğa, riyakar birinin insanları səmimiyyətə, namaz qılmayan birinin insanları namaza dəvət etməsi böyük səmimiyyətsizlik və ikiüzlülük nümunəsidir. Ayənin sonunda bu cür insanlar, "yenə də ağıllanmayacaqsınızmı" şəklində xəbərdar edilərək, bu insanların etdikləri xatırlatmaları əvvəl özlərinin etmələri lazım olduğu aydın olur.
Özündə olan səhvi başqa mömin qardaşında da gördükdə edilə biləcək ən gözəl və səmimi hərəkət, ona əvvəl özündə də eyni səhvin olduğunu söyləmək və bu istiqamətdə davamlı olaraq bir-birlərinə xatırlatmalar etmək, ortaq səhvlərini düzəltmək üçün bir-birini təşviq etməkdir.