«Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın! Bunu aranızda bir nəfər katib ədalətlə yazsın! Katib gərək Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın! Borclu olan şəxs borcunu söyləyərək (deyə-deyə) yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan (borcdan) bir şey əskiltməsin. Əgər borclu ağılsız və zəifdirsə, yaxud söyləməyə qadir deyilsə, o zaman gərək onun əvəzinə vəkili ədalətlə deyib yazdırsın. Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər biri unudarsa, o birisi onun yadına salsın. Şahidlər dəvət olunduqları zaman boyun qaçırmasınlar. Az və ya çox olmasına baxmayaraq, borcu öz vaxtına qədər yazmağa ərinməyin! Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün haqqa daha yaxındır. Lakin aranızda həmişə dövr edən aşkar ticarət zamanı onu yazmamağınız sizin üçün günah deyildir. Alış-veriş etdiyiniz vaxt şahid tutun! Ancaq katibə və şahidə zərər yetirilməsin. Əgər zərər yetirsəniz, əlbəttə, bu sizin üçün pis işdir. Allahdan qorxun! Allah sizə öyrədir. Allah bütün işləri biləndir!» («Bəqərə» surəsi, 282)
Borc verən zaman onu yazmağın gərəkli olması bu ayədə olduqca açıq və müfəssəl şəkildə izah edilir. Buradakı ən mühüm məqam isə yaxınlıq, qohumluq, səmimiyyət, dostluq kimi anlayışları əsas götürərək, ayənin əmrini qulaqardına vurmamaqdır. Kimlər arasında olmasından və miqdarından asılı olmayaraq, ayə həmin hökmü tətbiq etməmək üçün heç bir istisna göstərməmişdir. Buna görə də əgər insan həqiqətən mömindirsə, bu ayənin hökmünə qeyd-şərtsiz boyun əyməlidir.
Həqiqətən də ayədə bildirildiyi kimi ədalətdən kənara çıxmamaq, irəlidə hər hansı bir şübhəyə, yanlış gümana və haqsızlığa yol verməmək üçün, bu, ən mühüm tədbirdir. Nəfslə bağlı olan tənbəllik kimi hallar da ayənin hökmünün yerinə yetirilməməsinə səbəb ola bilməz.