Tarix boyu müharibələrə təkan verən bir çox amil olub. Bu səbəbdən tarix bizə böyük faciələrin yaşandığı müharibə sahəsinin görüntüsünü təqdim edir. Belə ki, 1819-1949-cu illər arasında dövlətlərarası müharibələrin sayı 289 olaraq hesablanıb. Dünya müharibələrinin baş vermədiyi dövrlərdə belə lokal müharibələrdə ölənlərin ümumi sayının 100 milyondan çox olduğu məlumdur.
XX əsr keçmiş müharibələrdən dərs almamış millətlərin bir-birilə kor-koranə mübarizə apardığı dünya müharibələrinə səhnə oldu. I Dünya Müharibəsinin böyük dağıntıları azmış kimi, böyük dövlətlər II Dünya Müharibəsini başladılar. II Dünya Müharibəsində 53 milyon insan həyatını itirdi. Bunların 60%-i mülki şəxslər idi. 40 milyon insan yaşadığı yerləri tərk edərək qaçqın vəziyyətinə düşdü. Müharibələrin ümumi xərcinin 1996-cı ilin rəqəmlərinə əsasən, səkkiz trilyon dollar olduğu bildirilir.
Dövlətlər bu böyük kabusdan sonra dünyanın eyni vəziyyətə düşməsinin qarşısını almaq üçün həll yolları axtardılar. BMT bu anlayışın məntiqsizliyini dərk etmiş dövlətlərin təşəbbüsü idi, əslində. Yeni dünya müharibəsinin baş verməməsi üçün bu müsbət addım idi. Yeni dünya müharibələrinin qarşısı alınmağına alındı, lakin dövlətlər yenə də müharibələri dayandıra bilmədilər. İsveç araşdırma mərkəzi SIPRI 1989-1997-ci illər arasında 103 silahlı toqquşma olduğunu bildirir. Bunlardan altısı dövlətlərarası müharibələrdir. 2000-ci illərin gətirdiyi fəlakətlər isə daha böyükdür.
Dövlətlər çox böyük təcrübələrə baxmayaraq, münaqişələrin həlli üçün başqa bir yol tətbiq etmədilər. Keçmiş illər siyasi çıxışlara, rəsmi görüşlərə, sonra sərt ritorika və işğallarla başlayan müharibələrə səhnə oldu.
Dünya müharibələrinin çirkin üzünü tanımamış yeni nəsillər yenə münaqişələrin həllini münaqişə və müharibələrdə axtardılar. Demokratiya gözəl idi və həqiqətən də müharibə məntiqinə mane olan azadlıq anlayışını təqdim edirdi. Amma demokratiyanı tanımayan dövlətlər və xalqlar üçün elə də çox şey dəyişmədi. Azadlıq və uzlaşma anlayışını onlara anlatmaq üçün bundan daha çoxuna ehtiyac vardı. Dünyada münaqişəni mümkün edən məntiqi, yəni "nifrəti" ortadan qaldıracaq bir fikir sistemi lazım idi.
Hər kəs müharibələrin ardındakı ideoloji və siyasi səbəblərə diqqət yetirirdi. Müharibələrin məhz nifrət hissinin nəticəsi olduğunun üzərində heç durmadılar. Keçmişdə bir-birindən nifrət edən dövlətlər müharibə etmişdi. İndi isə bir-birindən nifrət edən xalqlar dövrəyə girdi. Yaranan nifrət o qədər güclü idi ki, mənəvi duyğulardan, milli duyğulardan da irəli gedirdi. İnsanlar qardaşını, dostunu, birlikdə yaşadığı qonşusunu öldürməkdən çəkinmirdi artıq.
Məhz bu zəiflik, yəni nifrət dünyanı əsarəti altında saxlamaq istəyən, dövlətlər içində formalaşmış gizli güclərin daima ən böyük silahı oldu. Onlar xaos mühitini qəsdən qızışdırmış, təbliğat və mətbuatdan istifadə edərək narıncı inqilabların bazasını formalaşdırmışdılar. Məqsəd insanlar arasında nifrəti yayaraq çevrilişlərə, üsyanlara əlverişli hala gətirməkdi. Cəmiyyət içində bir dəfə nifrət toxumları əkildisə, o cəmiyyət içində ortalığı qarışdırmaq hər zaman asan olub. Fikir ayrılıqları həmişə bu məqsədlə istifadə edilmişdir. Şiələrlə sünnilər qarşı-qarşıya gətirilmiş, nifrətə çox açıq olan fanatiklər qızışdırılmış, xalqlar mövcud hakimiyyətlərdən heç vaxt razı olmamışdır. Sözügedən dərin güclər nifrəti benzin kimi ortaya tökmüş, sonra onu alışdıraraq bütün ölkənin yanmasına səbəb olmuşlar. Təbliğat yolu ilə asanlıqla sürüklənən cəmiyyətlər meydana gətirmiş, təbliğat materialı kimi də ən çox sevgisizlikdən istifadə etmişlər. Dərin dövlətlər bir ölkəni dağıtmağa qərar verdikdə əvvəlcə o ölkənin insanlarını sevgisiz və nifrətə meyilli hala gətirirlər. Sonrası artıq corab söküyü kimidir.
XXI əsrin müharibələrini yaşayan Yaxın Şərq ölkələri məhz buna görə diqqətli olmalıdırlar. Çünkü Yaxın Şərq ölkələri narahatlıqları və münaqişələri təzyiq yolu ilə dayandıra biləcəklərinə inanan cəmiyyətlərdir. Tarixdə buna dair bir çox nümunə var. Lakin tarixdəki bu yanlışlıq Yaxın Şərqin hazırda hərc-mərclik halında olmasının səbəbidir. Zorakılıq və təzyiq bu cəmiyyətlər içində nifrət toxumlarını əkmiş və xoşbəxt olmayan cəmiyyətlər meydana gətirmişdir.
Yaxın Şərqin bu qaynar nöqtələrindəki ölkələr əgər içlərindəki və ya ətraflarındakı münaqişələrə həll yolu gətirmək istəyirlərsə, müharibə məntiqini tamamilə tərk etməlidirlər. Unutmamalıdırlar ki, müharibələr siyasi və ya ideoloji münaqişələrdən deyil, insanların, xalqların, irqlərin, cəmiyyətlərin, dövlətlərin bir-birinə qarşı bəslədiyi nifrətdən irəli gəlir. Əgər arada sevgi bağı olmuş olsa, heç bir siyasi problem çözümsüz qalmaz, heç bir ideoloji fərq müharibəyə səbəb olmaz. Cəmiyyətlərə sevgi təlqin edilmiş olsa, çevrilişlərin, küçə toqquşmalarının, üsyanlar mənasını itirər. Yaşadığımız dövrdə sevginin unudulmuş olması hər kəsə normal gəlir, sevgi dedikdə insanların çoxu utopik bir xəyaldan bəhs edildiyini, imkansızın tələb olunduğunu düşünür. Sosial mediada bir söz belə insanlarda nifrət yaratmağa kifayət edir. Bunu etmək çətin deyil, ancaq bir sevgi sözü dedirtmək çox çətin olur. İnsanların qəlbində nifrətə meyillilik yaratmaq asandır, sevgi yaratmaq isə əmək tələb edir. Dövlətlər əgər münaqişələrdən xilas olmaq, böyümək, inkişaf etdirmək, inkişaf etmək və rahat olmaq istəyirlərsə, əvvəlcə buna əmək sərf etməlidirlər.
Sevginin yaranması üçün ilk növbədə bəzi nifrət mərkəzlərinin təsir gücünü zəiflətmək lazımdır. Yaxın Şərq mövzusunda fanatik təfəkkürün böyük nifrət yayma gücünə malik olduğunu görürük. Bunun çarəsi isə Quranın nəzərdə tutduğu kimi, müasirliyi ölkə daxilində hakim etməkdir. Bundan fanatiklər əlbəttə ki, məmnun olmayacaqlar. Ancaq güclü iradə və qətiyyətlə tətbiq edilən müasirlik strategiyası zaman keçdikcə onların da baxışını dəyişəcək və səhv yolda olduqlarını dərk edəcəklər.
Bu olduqda məkrli planları 100 ildən artıq davam edən dərin dövlətlərin azğın hədəfləri də reallaşmayacaq. Çünki artıq qarşılarında asanlıqla provokasiya edəcəkləri bir xalq olmayacaq. Bunu təmin etmək üçün dövlətlər problemlərin həll yolunun sevgidə olduğuna inanmalıdırlar.
Adnan Oktarın «Arab News»də dərc edilən məqaləsi:
http://www.arabnews.com/columns/news/869101