Hz. Adəmdən bəri insanın dünya üzərindəki ən böyük düşməni şeytandır. Şeytan hz. Adəm yaradıldığında Allaha itaət etməmiş və bütün insanları Allahın yolundan azdırmağa söz vermişdir. Allah Quranda şeytanın insanları doğru yoldan ayırmaq üçün müxtəlif yollar sınadığını, onlara tələlər qurduğunu, dünya həyatını bəzəkli və cazibədar göstərməyə çalışdığını bildirər. Allahın şeytan haqqında bildirdiyi bir başqa məlumat isə onun hiyləsinin zəif olduğu və insanlar üzərində heç bir təşviqedici təsirinin olmadığıdır:
İman edənlər Allah yolunda döyüşərlər; inkar edənlər isə tağut yolunda döyüşərlər, elə isə şeytanın dostlarıyla döyüşün. Heç şübhəsiz, şeytanın hiyləli-nizamı çox zəifdir. (Nisa surəsi, 76)
İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mömindən başqa, qalanları onun toruna düşdülər.
Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün şeytana belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir. (Səba surəsi, 20-21)
Əslində şeytanın hiyləsinin zəif olması və təhrikedici bir gücünün olmaması, Allahın insanlar üçün yaratdığı bir asanlıqdır. Çünki din əxlaqını yaşayan bir insanın qarşısında dinə qarşı mənfi bir güc olaraq şeytan vardır. Onun zəif və gücsüz olması isə möminlərin Quran əxlaqını yaşamaq mövzusunda bir çətinlik yaşamayacaqlarının bir göstəricisidir. Ancaq bunun üçün səmimi bir iman lazımdır. Quranda da saleh olanların şeytanın hiylələrindən təsirlənməyəcəyi bildirilir:
İblis dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara pis işləri gözəl göstərib onların hamısını azdıracağam. Yalnız Sənin seçilmiş, ixlaslı qullarından başqa”.. (Hicr surəsi, 39-40)
Allah başqa ayələrdə isə, şeytanın iman edənlərin və təvəkkül edənlərin üzərində heç bir təsirinin olmayacağını belə bildirmişdir:
Gerçək budur ki, iman edənlər və Rəblərinə təvəkkül edənlər üzərində onun (şeytanın) heç bir təsiredici-gücü yoxdur. Onun təsiredici-gücü ancaq onu vəli edənlərlə, onunla Ona (Allaha) ortaq qoşanlar üzərindədir. (Nəhl surəsi, 99-100)
Şübhələrdən və vəsvəsədən xilas ola bilməyin sirri
İman edən qulların üzərində şeytanın bir təsiri olmamaqla birlikdə, bəzən şeytan iman edənlərə də etdikləri bir işdə, işlədikləri bir əməldə vəsvəsə verməyə çalışa bilər.
Allahın Quranda bildirdiyi əhəmiyyətli bir sirr də insanın özünə gələn vəsvəsədən necə xilas olacağıdır. Bu, Allahdan qorxan və cənnəti ümid edən möminlər üçün çox əhəmiyyətli bir mövzudur. Çünki vəsvəsə şeytanın insanları Allahın yolundan uzaqlaşdırmaq, onları boş və məqsədsiz işlərlə məşğul edərək vaxtlarını almaq məqsədiylə pıçıldadığı yanıldıcı sözlərdir. Şeytan bu yolla insanlara hüzn, qorxu çətinlik verməyə, aralarını açmağa, Allah, Quran, ya da din haqqında şübhəyə salmağa çalışar. Haqq olmayan mövzularda insanları uzun və səbəbsiz vəsvəsələrə salar. Quranda şeytanın vəsvəsə vermə xüsusiyyətini izah edən ayələrdən bəziləri belədir:
"Onları -nə olursa olsun- çaşdırıb-azdıracağam, ən səbəbsiz vəsvəsələrə salacağam və onlara qəti olaraq davarların qulaqlarını kəsmələrini əmr edəcəyəm və Allahın yaratdıqlarını dəyişdirmələrini əmr edəcəyəm". Kim Allahı buraxıb da şeytanı dost (vəli) tutsa, şübhəsiz, o, açıq-aşkar bir hüsrana məruz qalmışdır".
(Şeytan) Onlara vədlər verir, onları ən səbəbsiz vəsvəsələrə salır. Halbuki şeytan, onlara bir aldanışdan başqa bir şey vəd etməz. (Nisa surəsi, 119-120)
Ki o, insanların ürəklərinə vəsvəsə verər. (İçlərinə şübhə, vəsvəsə salar) (Nas surəsi, 5)
Şeytanın möminlərə pıçıldadığı vəsvəsələr nə olursa olsun, Allahın göstərdiyi yola iman gətirdiklərində, şeytan onların başını qata bilməyəcəkdir. Allah şeytana qarşı möminlərə bunu xatırladır:
Əgər sənə şeytandan yana bir qışqırtma (vəsvəsə və ya iğva) gəlirsə, dərhal Allaha sığın. Çünki O eşidəndir, biləndir. (Allahdan) Çəkinənlərə şeytandan bir vəsvəsə çatdığında (əvvəl) yaxşıca düşünərlər (Allahı zikr edib-xatırlayarlar), sonra dərhal baxarsan ki, görüb bilmişlər. (Əraf surəsi, 200-201)
Ayədə göründüyü kimi möminlər şeytandan gələn vəsvəsələrə qarşı çox diqqətlidir. Uzun-uzun oturub ondan gələn vəsvəsələri düşünərək vaxt itirməz, sözü gedən vəsvəsələrlə Allahın razı olmayacağı, bir möminə yaraşmayacaq çətin, hüznlü, qorxulu bir ruh halına girməzlər. Bir çətinlik, Qurana uyğun ola bilməyən bir düşüncə hiss etdiklərində dərhal düşünərlər. Bunun Allahın məmnun olmayacağı şeytandan gələn bir vəsvəsə olduğunu anlayarlar. Dərhal Allahı və Quran ayələrini düşünərək şeytanın pıçıldamalarından xilas olarlar.