Lovğalanan birinə təvazökarlıq etmək, ona hörmət etmək, haqsız yerə qəzəblənən birini sakitləşdirmək və güzəştə getmək, mübahisə etmək istəyən birinə gözəl söz söyləmək…
Pisliyə yaxşılıqla cavab vermək iman gətirməyən insanların anlayışına zidd davranışdır. İslam əxlaqında isə sülh, tolerantlıq və təvazökarlığın əhəmiyyətini və möminlərin yüksək əxlaqını nümayiş etdirən mühüm əxlaqi xüsusiyyətlərdən biridir.
Cəmiyyətdə geniş yayılmış yaxşılıq anlayışı var, lakin bu anlayışın da içində bəzi çatışmazlıqlar və səhvlər var. Quran əxlaqına uyğun yaşamayan insanlar yaxşılığı bəzən kiçik yardım kimi qəbul edir və əsasən, bunu qarşı tərəfə lütf olaraq edirlər. Əsl yaxşılığın nə olduğunu isə Quran ayələrindən öyrənmək olar. Quranda bildirilən yaxşılıq möminin bütün həyatını əhatə edir və ömür boyu yerinə yetirdiyi ibadətdir. Möminlərin yaxşılıq anlayışını cəmiyyətdəki yaxşılıq anlayışından fərqləndirən ən əsas xüsusiyyət isə onların pis əxlaq və ya pis sözlə qarşılaşdıqda da yaxşılıqla cavab vermələridir. Allah əvəz gözləmədən gözəl davrananların mükafatını, şübhəsiz ki, verəcək.
Gözəl əxlaq və gözəl söz vicdana təsir edir
Pisliyə yaxşılıqla cavab verməyin hikməti var. Pisliyə yaxşılıqla cavab verəndə, düşmən də olsa, yumşalaraq dosta çevrilir. Uca Allah bu vəziyyəti Quranda belə bildirir:
Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)
Ayədə bildirildiyi kimi, Quran əxlaqında daima ən gözəl davranış hədəflənir. Məsələn, danışarkən Allah’ın “Qullarıma de ki, ən gözəl sözləri danışsınlar...” (İsra surəsi, 53) ayəsinə uyğun olaraq ən gözəl sözdən istifadə edilir. Uca Allah pisliyə yaxşlıqla cavab verməyi, gözəl şeyə isə daha gözəl tərzdə qarşılıq verməyi yaxşı əxlaqi xüsusiyyət kimi bildirmişdir. Quranda Allah salamı daha gözəl tərzdə və ya eynilə almağı belə buyurur:
Quran ayələrində bildirildiyi kimi, möminlər qarşılarındakı insanı həmişə gözəl əxlaqla və gözəl sözlə doğru yola dəvət edərlər. Tolerant və ədalətli davranar, kobud üslubdan çəkinərlər. Çünki ancaq Allah rizası üçün yaşayan möminlər gözəl əxlaqın, Allah’ın iznilə, qarşılarındakı insanın vicdanına təsir edəcəyini bilirlər.
Kobud üsluba Quran əxlaqında yer yoxdur
Kobud üslub Allah’ın möminlərə əmr etdiyi üsluba əsla uyğun deyil. Rəbbimiz Quranda mömin əxlaqını mülayim, dava-dalaşdan çəkinən, əleyhinə olan insanlara belə mülayim və dostcasına yanaşan, təvazökar, səbirli, mərhəmətli xarakter kimi tanıdır. Quran ayələrini təhlil edəndə mülayim, tolerant üslubun bütün peyğəmbərlərin ortaq xüsusiyyəti olduğunu görürük. Uca Allah hz. İbrahimin üstün əxlaqını “... Həqiqətən, İbrahim (Allah’a) çox yalvaran həlim bir kimsə idi.” (Tövbə surəsi, 114) ayəsi ilə bildirir. Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v) əxlaqı isə bir ayədə belə bildirilir:
Müsəlmanlar din əxlaqına uyğun yaşamaqla və dini təbliğ etməklə məsul olan, insanlara zorakılığı tətbiq etməyən, ən zalım insanlara belə pis davranışlarından çəkindirib ədaləti təmin etmək üçün mülayim söz söyləməyi vəzifə bilən insanlardır. Bu üstün əxlaqa malik möminlərin davakar, kobud və hadisələri qızışdıran siyasət işlətməsi əsla mümkün deyil.
Qəzəbli və anlayışsız üslub cəmiyyət üçün böyük təhlükədir
Dövrümüzdə hər hansı qrupa və ya inanca mənsub radikal cərəyanlar dünyəvi sülhü və təhlükəsizliyi təhdid edən başlıca ünsürlərdən biridir. Radikallar sərt, acı, hətta bəzən təcavüzkar üslubdan istifadə edən şəxslərdir. Cəmiyyət üçün böyük təhlükə olan radikalizmin əsas xüsusiyyəti qəzəbli üslubdur. Radikal insanların söhbətlərində, yazılarında və nümayişlərində açıq-aşkar bəlli olan bu üslub İslam əxlaqında yeri olmayan cahiliyyə təkəbbürü təəssübünün (Fəth surəsi, 26) ifadəsidir. Quranda müsəlmanlar qəzəblənəndə qəzəblərini cilovlayan, ağıllı, mülayim insanlar kimi tanıdılır. Onlar həmişə sülhün tərəfində durar, qarşıdurmaları tolerantlıq çərçivəsində həll edər və hadisələrin müsbət tərəflərini görərlər. Hər hadisədə sülhpərvər və sakitləşdirici davranarlar. Bir ayədə müsəlmanların bu xüsusiyyətləri belə bildirilir:
Qəzəbli üslubla düşüncələrini qəbul etdirməyə çalışan insanlardan fərqli olaraq, müsəlmanlar onlarla eyni fikir və inanca sahib olmayan insanlarla danışarkən və onlara İslam əxlaqını təbliğ edərkən çox nəzakətli və hörmətli üslubdan istifadə edərlər. Məqsədləri qarşılarındakı insana təzyiq göstərmək deyil. Bir Quran ayəsində bildirildiyi kimi, “Dində məcburiyyət yoxdur” (Bəqərə surəsi, 256). Müsəlmanlar Allah’ın Quranda bildirdiyi əxlaqı ən gözəl şəkildə insanlara təbliğ etmək və seçimi qarşılarındakı insanın vicdanına həvalə etməklə məsuldurlar. Uca Allah bir müsəlmanın digər insanlarla üslubunun necə olacağını bir ayədə açıq şəkildə bildirir:
Qurandan bir nümunə
Pisliyə yaxşılıqla cavab verməklə bağlı möminlərə yol göstərən nümunələrdən biri Qurandakı hz. Musa qissəsidir. Hökm və hikmət sahibi olan Allah hz. Musaya və hz. Haruna fironun yanına getməyi və onunla yumşaq danışmağı ayələrdə belə bildirmişdir:
Firon öz dövrünün ən zalım və Allah’ı inkar edən insanlarından biri idi. Özünü ilahlaşdıraraq (uca Allah’ı tənzih edirik) iman gətirənlərə (dövrünün İsrail oğullarına) qarşı qorxunc zülm və qırğın törətmiş müstəbiddir. Buna baxmayaraq, fironun yanına gedərkən Allah peyğəmbərlərinə onunla yumşaq danışmağı əmr edir. Diqqət etsək, görərik ki, Allah’ın bildirdiyi bu metod mülayim üslubla dialoqa girməkdir. İynəli sözlər, qəzəbli şüarlar, həyəcanlı etiraz aksiyaları ilə qarşıdurma halında olmaq Allah’ın bildirdiyi əxlaqa və təbliğ üslubuna uyğun deyil.
Möminlər heç vaxt yaxşılıqdan əl çəkməzlər
Hz. Musa qissəsindən də göründüyü kimi, iman gətirənlər həyatları boyu bir-birindən fərqli insanlarla qarşılaşa bilərlər. Lakin qarşılarındakı insanların davranışlarına görə əxlaq anlayışlarını dəyişdirməzlər. Çünki qarşı tərəfin pis davranması onun da pis davranmasına əsas vermir. Hər insan əməllərinə görə Allah qarşısında tək məsuliyyət daşıyır. Habelə, pis davranışa qarşı şəfqətli, mərhəmətli və gözəl əxlaqlı davranmaq Quran əxlaqına əsasən, üstün şəxsiyyətin göstəricisidir. Çünki möminin bu davranışı onun ancaq Allah’ı razı salmaq üçün səbirlə hərəkət etdiyini və uca Allah’a olan bağlılığını göstərir. Ona görə də, bütün müsəlmanlar Quran əxlaqına zidd olan hər cür sərt, qəzəbli, davakar üslubdan uzaq olmalı, sonsuz rəhmət sahibi Allah’ın Quranda bildirdiyi mülayim, tolerant, sakit, ağıllı üslubu mənimsəməlidirlər. Müsəlmanlar kamillik, tolerantlıq, insanpərvərlik, mülayimlik, təvazökarlıq və təmkinlik kimi xüsusiyyətləri ilə bütün dünyaya nümunə olmalı və Quran əxlaqının yayılmasına vəsilə olmalıdırlar. Allah bu cür davranan qullarını belə müjdələyir:
Səbir etdiklərinə görə, onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər. (Qəsəs surəsi, 54)
… Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır. Səbir et! Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz. (Hud surəsi, 114-115)
… Həqiqətən, Allah’ın mərhəməti yaxşılıq edənlərə yaxındır. (Əraf surəsi, 56)
Bütün insanları gözəl əxlaqa dəvət edərək dini təbliğ edən, yaxşılığı əmr edən və pis işlərdən çəkindirən möminlər ətraflarındakı insanları əsla təcrid etməz, təvazökarlıq və tolerantlıqdan əl çəkməzlər. Bu, onların Allah qorxularının və gözəl əxlaqlarının mühüm göstəricisidir.
Boş və faydasız söhbətlər etməmək
Allah’a inanmayan insanlar həyatlarının dünya ilə məhdudlaşdığını düşündükləri üçün axirət həyatı üçün heç bir hazırlıq görməzlər. Necə davrandıqlarını, yaşadıqları müddət ərzində nə qədər xeyirli işlər gördüklərini, sonlarının necə olacağını düşünməzlər. Ancaq hər davranış, hər söz, hər fikir hesab günündə insana göstərilmək üçün qorunur. Deyilən hər faydalı və hikmətli söz insana axirətdə xeyir verər, Allah’ın rizasını, cənnətini və rəhmətini qazanmasına səbəb olar.
Axirəti düşünməyən insanlar vaxtlarını boş söhbətlərlə, nə özlərinə, nə də başqalarına faydası olmayan sözlərlə keçirdikləri halda, möminlər hər anlarını xeyirli və hikmətli söhbətlərlə keçirirlər.
Axirət haqqında qəflətə düşüb, boş sözlərlə vaxtlarını keçirən insanlar barədə Quranın “Ənam” surəsinin 91-ci ayəsində belə deyilir: “…onları burax ki, öz boşboğazlıqları ilə əylənsinlər”. Möminlərin boş və yararsız sözlərdən qaçdıqları isə başqa bir ayədə belə bildirilir: “Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!”– deyirlər”. (Qəsas surəsi, 55)
Möminlər boş və yararsız sözü Qurana əsasən müəyyən edirlər. Dünyada keçirdikləri hər anın axirət həyatları üçün çox dəyərli olduğunu bildiklərinə görə, yaşadıqları hər anı vicdanları ilə dəyərləndirərək boş-boş danışmamaq üçün diqqətli davranırlar. Bir ayədə: “Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə (oradan) ləyaqətlə ötüb keçərlər.”(Furqan surəsi, 72) – deyilərək möminlərin boş sözlə qarşılaşdıqları zaman ləyaqətlə ötüb keçdikləri bildirilir.