Son dövr din alimlərindən olan Süleyman Hilmi Tunahanın atası dövrünün müdərrislərindən (ziyalı, müəllim) Hafiz Osman Əfəndidir. Soyu Fateh Sultan Mehmetin "Tuna xanı" olaraq təyin etdiyi və öz bacısı ilə evləndirdiyi İdris Bəyin soyundandır. Atası Osman Əfəndi təhsilini İstanbulda aldıqdan sonra Silistreyə gedərək məşhur Satırlı mədrəsəsində illərlə müəllimlik etmişdir. Süleyman Hilmi Tunahan 1888-ci (H. 1306) ildə Silistrenin Fərhadlar kəndində anadan olub. 1959-cu (H. 1379) ildə İstanbulda vəfat edib. Bu böyük İslam aliminin qəbri Karacaəhməd qəbirstanlığındadır.
Elm əhli və fəzilət sahibi olan bir ailədə dünyaya gələn Süleyman Hilmi Tunahan ilk təhsilini Silistre Rüştiyəsində və Silistre Satırlı mədrəsəsində almışdır. Sonrakı illərdə təhsilini tamamlamaq üçün İstanbula gələrək Sahnı Səman (Fateh) mədrəsəsinə daxil olmuşdur. O dövrün məşhur alimlərindən Bafralı Əhməd Həmdinin dərslərinə davam etmiş, uzun illər davam edən təhsildən sonra 1916-cı ildə Əhməd Həmdidən birinciliklə diploma layiq görülmüşdür. Daha sonra o zamankı təfsirləri ilə müəllim olaraq yetişmək üçün Süleymaniyə Məscidi mədrəsələrindən olan Mədrəsətül-Mütəhassısinin təfsir və hədis bölməsində davam etmişdir.
Son dərəcə parlaq bir zəkaya sahib olan Süleyman Hilmi Tunahan, 1919–cu ildə Mədrəsətül-Mütəhassısindən birinciliklə məzunu olmuşdur. Həmin illərdə Mədrəsətül-Kuzatı (Hüquq fakültəsini) də üstün bir dərəcə ilə bitirmişdir. Beləliklə, bir tərəfdən müəllim, digər tərəfdən də qazılıq rütbələrinə nail olmuşdur. Məzuniyyətinin ardından İstanbulda müəllim olaraq vəzifəyə başlayan Süleyman Hilmi Tunahan bir müddət vaizliyə (məsciddə nəsihət verən, dini söhbətlər aparan) davam etmiş, uzun müddət İstanbulun Sultanəhməd, Süleymaniyə, Yeni Məscid, Şəhzadəbaşı və Piyalə Paşa kimi böyük məscidlərdə xalqa öyüd-nəsihət verərək insanlara İslamiyyətin əmr və qadağalarını izah etmişdir.
Təsəvvüf yolunda Səlahüddin İbni Mövlana Siracüddin Əfəndinin dərslərinə davam edərək yetişmişdir. Süleyman Hilmi Tunahanın təsəvvüfü istiqaməti ilə əlaqədar olaraq, kürəkəni və tələbəsi Kamal Kaçar tərəfindən Nəcib Fazıl Kısakürəyə verilən qeydlərdən bir hissəsi belədir:
"Süleyman Əfəndinin qeyb elminə (üstüörtülü, məcazi mənada verilən ayələr), yəni təsəvvüfdəki mənəvi cəbhəsinə gəlincə, şübhəsiz ki, bu xüsus əhlinə məlumdur. Zahiri ağıl və zəka ilə idrakı mümkün ola bilməz. Belə ki, bir insan müsəlman ola bilər, təhsilli və ağıllı ola bilər. Hətta inkarçı olmaya da bilər, yenə təsəvvüf və irşada sahib bir şəxs ilə qarşılaşdığı halda, o şəxs İlahi iradə ilə özünü ona tanıtmazsa, dünyalar bir olsa belə onun elmindən xəbərdar ola bilməzlər. Bizim isə onun mənəvi zənginliyinə zərrə qədər də tərəddüdümüz yoxdur. Biz bu nöqtəni elməlyakin (bir şeyi həqiqi halı ilə idrak etmək) bilirik. Onun bu elmini, zənginliyini anlamayanların heç olmazsa əksini iddia etməmələrini və onda bir mürşid halı görmədiklərini söyləməkdən çəkinmələrini, dünya və axirətdə əzaba uğramamaları üçün tövsiyə edirik.
Zahiri və batıni (üstüörtülü, məcazi mənada) istiqamətdən yüksək dərəcəyə sahib olan Süleyman Hilmi Tunahan, etiqadda Əhli sünnəyə, əməldə Hənəfi məzhəbinə, təsəvvüfdə Nakşibəndi yoluna bağlı idi. Əhli sünnə vəl-camaata son dərəcə bağlı idi. Ondan feyz (elm, nəsihət) alan tələbələri ilə söhbətlərinə davam edən kəslərə ən böyük tövsiyəsi "Əhli sünnə vəl-camaat" əqidəsinə ixlas və səmimiyyətlə bağlı olmaları idi. Yetmiş iki illik ömrünü İslamiyyətin əmr və qadağalarını öyrənərək, öyrədərək və insanlara izah edərək onların dünya və axirət səadətinə qovuşmalarına həsr edən Süleyman Hilmi Tunahan, 16 sentyabr 1959-cu ildə İstanbuldakı evində vəfat etdi, Karacaəhməd qəbirstanlığında dəfn edildi.