"15 iyul" gecəsi türk millətinin demokratiya və qəhrəmanlıq dastanı yazdığı gecə oldu. Hakimiyyəti ələ keçirməyi hədəf alan hərbi çevriliş cəhdi millətin cəsarəti və igidliyi sayəsində əngəlləndi.
Türkiyədə 1960, 1971, 1980-ci illərdə də hərbi çevriliş olmuşdu. Bundan başqa, Türkiyədə bir sıra memorandumlar hazırlandı və postmodern çevrilişlər də oldu. Bu səbəbdən türk milləti çevrilişlərin necə böyük bəlalar gətirdiyini çox yaxşı bilir. Çevrilişlər təkcə xalqı deyil, çevrilişi edənləri və ailələrini də çətin vəziyyətdə yaşadırdı. Demokratiyanın aradan qaldırılması hər kəsin əleyhinə bir mühit yaradırdı. Heç kim 2016-cı ildə, texnologiyanın bu qədər inkişaf etdiyi və mədəniyyətin hakim olduğu bir dövrdə yeni bir dövlət çevrilişi cəhdinin ola biləcəyinə ehtimal vermirdi.
Əvvəlki Türkiyə də yox idi artıq. Demokratiyası inkişaf etmiş, hüquq və azadlıqlarda Avropa standartlarına çatmış, iqtisadiyyatı və sənayesi qibtə ediləcək hala gəlmiş, təhsili gün keçdikcə güclənən, keyfiyyəti ilbəil artan, milli və mənəvi dəyərlərə getdikcə daha çox əhəmiyyət verən bir Türkiyə var idi. Problemlərin çözüm ünvanı olan və millətin iradəsini əks etdirən parlament ara-sıra baş verən fikir ayrılıqlarına baxmayaraq, vəzifəsini yerinə yetirirdi. Hər şeydən əlavə türk xalqı İslam aləminə yardım edən, dünya məzlumlarına dəstək olan, bütün dünyaya sevgini aşılayan demokratik Türkiyənin varlığına çox əhəmiyyət verirdi. Demokratiyanı iflas etdirərək, seçki ilə gələn rəhbərlərin çevrilişlə göndərilməsini Türkiyədə heç kim qəbul edə bilməzdi. Böyük bir bədəl ödənəcək olsa da, bu heç vaxt qəbul edilə bilməzdi və edilmədi də...
15 iyul gecəsi məna verilə bilməyən hadisələrlə başladı. Böyük meqapolislərdə tanklar mərkəzi küçələrdə gəzir, əsgərlər meydanlara daxil olur, heç kim hər hansı bir açıqlama vermirdi. İstanbulda Asiya və Avropanı birləşdirən iki körpü tanklarla bağlandıqda saat 22:00-ı göstərirdi. Eyni saatlarda Ankaradan da qeyri-adi canlanma xəbərləri gəlir, türk döyüş təyyarələrinin şəhərdə alçaqdan uçuşlar edərək narahatçılıq yaratdığı xəbərləri yayılırdı.
Saatlar 23:00-ı göstərdikdə isə Baş nazir Binəli Yıldırım tərəfindən bütün bunların dövlət çevrilişinə cəhddən irəli gəldiyi xalqa çatdırıldı. Xunta silah yolu ilə 23:25-də ələ keçirdiyi dövlət kanalı TRT-dən bəyanatlarını oxudur və komendant saatının elan edildiyini açıqlayırdı.
Prezident Rəcəb Tayyib Ərdoğan televiziya kanalına bağlanıb xalqı meydan və küçələrdə çevrilişə cəhd edənlərə qarşı mübarizəyə çağırdıqda isə saatlar 00:20-ni göstərirdi. Bu əsnada parlamentdə mandatı olan müxalifət partiya liderləri və bəzi komandirlərin nə bahasına olursa-olsun, çevriliş əleyhinə olduqlarını bildirən açıqlamaları qəlblərə rahatlıq gətirmişdi. Hökumətə ən müxalif televiziya kanalları belə çevrilişə qarşı çıxan yayımlar edirdi. Hər kəs, 80 milyonun hamısı sanki bir ürək olmuşdu.
Ölkə miqyasında bütün məscidlərdən oxunmağa başlayan dua və təkbirlər də millətin küçələrə çıxmasına səbəb olan ən böyük amillərdən biri idi. Ekranlarda Qəzzada, Sarayevoda, Avropanın hər nöqtəsində insanların Türkiyə üçün küçələrə töküldüyü xəbərləri gəlirdi. Bolqarıstandakı məscidlərdə də toplu dua edilir, Qətərdəki Torç qülləsi türk bayrağının rənginə bürünürdü. Livandan Somaliyə, Azərbaycandan ABŞ-a qədər bir çox ölkədə Türkiyə üçün dualar oxunurdu. Bunların hamısı birləşdikdə insanların şövqü, əzm və qətiyyəti daha da artırdı.
Məhz o andan etibarən 7-dən 70-ə qəhrəman türk milləti dualar, təkbirlər və türk bayraqları ilə tankların, hərbi vertolyotların və xuntanın önünə bədənlərini sipər etməyə başladı. Silahlı çevriliş etməyə cəhd edənlərə qarşı insanların əlində təkcə bayraqlar, ürəklərində də inanc vardı. Millətə baxmayaraq, millətə qarşı bir hərəkat heç vaxt uğurlu ola bilməzdi.
O gecə dövlətin hər qurumu, xüsusilə, polislər və vətənpərvər əsgərlər böyük igidliklə mübarizə apardı. Xalqın meydanlarda olması dövlətə böyük mənəvi güc verdi. Parlament bütün təhdidlərə baxmayaraq, gecə saatlarında növbədənkənar toplandı. Millət vəkillərinin çevrilişi qınaması əsnasında parlamentin dəfələrlə bombalanması da heç kimi qorxutmadı, siyasətçilər tək vücud oldu və çevriliş cəhdinə meydan oxudu.
Türkiyə o gecə yatmadı. Məsələ partiya məsələsi deyildi. Hər kəsin bunu dövlətin mənafeyi olaraq, demokratiyaya sahib çıxma kimi görməsi birlik və bərabərliyi artırdı. Heç kim qorxmadı, çəkinmədi, sabahını düşünərək geri addım atmadı və çevrilişə qarşı çıxdı. Bir neçə arzuolunmaz davranışdan başqa, təmkin, sevgi və şəfqət çərçivəsində hərəkət edildi. Nəticədə, 173-ü mülki, 62-si polis, 5-i çevrilişə qarşı çıxan əsgər olmaqla 246 nəfər şəhid oldu və çevrilişin qarşısı alındı. Allahın rəhməti demokratiya şəhidlərinin üzərinə olsun.
Hərbi çevrilişin ardındakı əsl səbəblər
Türkiyə eynilə digər Yaxın Şərq ölkələri kimi, demək olar ki, 150 ildir müəyyən planlar çərçivəsində xaricdən və daxildən müdaxilələrə səhnə olur.
Güclü və sabit Türkiyənin Yaxın Şərqdəki müsəlman qardaşları ilə qucaqlaşması arzu olunmur. Qardaşlarımızla sevgi bağlarının yaradılması bu qaranlıq qüvvələri narahat edir. İslam aləmindəki müharibələri dayandırmaq üçün müsəlmanların müttəfiq olmasına qarşı çıxılır. Bu tip çevriliş, işğal və vətəndaş müharibəsi kimi planlarla Türkiyə zəiflədilmək istənilir, Suriya və İraqa bənzədilməsi məqsədi güdülür.
Son illərdə, xüsusilə, ingilis və amerikan mətbuatında Türkiyədə çevriliş olmasını dəstəkləyən mahiyyətdə çıxan yazılar, Türkiyənin terror təşkilatı PKK tərəfindən parçalandığını göstərən xəritələr, min ildir Anadoluda sülh içində yaşayan ələvi və sünnilərin toqquşacağını irəli sürən iddialar da bu planların ən bariz dəlillərindəndir. "American Enterprise Institute"un mart ayında prezident Ərdoğanın hərbi çevrilişlə hakimiyyətdən devrilməsi və sonra baş verəcək hadisələrdən bəhs edən "Türkiyədə çevriliş ola bilərmi" başlıqlı yazısı bunlardan ancaq biridir.
Çevrilişi təşkil edən dairələrə önəmli mesajlar verildi
Türkiyəni bölmək üçün planlanmış oyunlara qətiyyən imkan verilməyəcəyi, Türkiyənin hərbi çevriliş cəhdlərinə bütünlüklə qarşı çıxacağı, ortaya qoyulan son dastanla bir daha nümayiş etdirildi.
Türk millətinin hər şeydən əvvəl vətənin mənafeyini güddüyü, Allah eşqilə qorxusuz hərəkət etdiyi, çevriliş və ya işğal qarşısında nə qədər cəsur olduğu bir daha ortaya qoyuldu.
Çevrilişin uğursuz olmasının ardından bir-birinə müxalif partiyalar birgə mitinqlər, yürüşlər təşkil etdi. Bir araya gələ bilməz deyilən müxaliflər əl-ələ, demokratiya, vətən üçün bir arada idilər.
Nəticə etibarilə, bu hadisə türk milləti üçün bir növ sınaq oldu. Bütün dünyaya cəsarət və gözəl əxlaq dərsi verildi. Gözəl, imanlı, şüurlu və cəsur gəncliyin yetişmiş olduğu ortaya qoyuldu.
Türk milləti Allahın izni ilə bundan sonra da önəmli mesajlar verməyə davam edəcək. Türkiyə qiyamətə qədər qardaşlıqda və fədakarlıqda nümunə olmağı davam etdirərkən, humanitar yardımlarla bağlı əldə etdiyi dünya birinciliyini da qoruyacaq. Keyfiyyətli, müasir, estetika və sənətə böyük əhəmiyyət verən, fərqliliklərə ən gözəl şəkildə sahib çıxan ölkə olaraq dünyaya sevgidə öndərlik edəcək.
Adnan Oktarın «News Rescue & Muslim Mirror & Gulf Times»da dərc edilən məqaləsi:
http://arenatv.az/arasdirma/2554-csur-trk-xalq-evrilii-nec-df-etdi.html
http://xeberinfo.com/25625-cesur-turk-xalqi-chevrilishi-nece-def-etdi.html
http://assanews.com/2016/07/31/c%C9%99sur-turk-xalqi-cevrilisi-nec%C9%99-d%C9%99f-etdi/
http://newsbaku.info/post/2555-cesur-turk-xalqi-cevrilisi-nece-def-etdi.html
http://finetv.info/zias/1216-csur-turk-xalqi-cevrilisi-nec-df-etdi.htm
http://www.gulf-times.com/story/504498/How-the-valiant-Turkish-nation-thwarted-a-coup