Obamadan zorakı ekstremizmi qınayan mesajlar
ucgen

Obamadan zorakı ekstremizmi qınayan mesajlar

1507

Tarix boyunca məhv edən və qan tökən kimi qəbul edilən, lakin cəmiyyətlər və beynəlxalq əlaqələrin əvəzedilməz metodu kimi istifadə edilən müharibələr  21-ci əsrdə də dünyanı alt-üst etməyə davam edir. Dünyanın hər yerində müharibələr, soyqırımlar, qardaşın qardaşı öldürdüyü vətəndaş müharibələri, kütləvi qırğınlar, terror aktları kimi fitnə və qarışıqlıqlar baş verir. Terror hadisələrində hər il minlərlə insan həyatını itirir, qətliamların qurbanı olur, günahsız insanlar, yaşlılar, uşaqlar zülmə məruz qalır, minlərlə insan ölkəsini tərk etmək məcburiyyətində  qalır. Dünya əhalisinin təqribən dörddə biri yoxsulluq səviyyəsində yaşayır, bir milyarddan çox insan kifayət qədər sığınacaq tapa bilmir, 100 milyondan çox insan evsizdir. Qətl törətməkdən qəsbkarlığa, oğurluqdan narkotik ticarətinə qədər cinayətin bütün sahələrində ciddi bir artım var. Azyaşlı cinayətkarların və cinayətə məcbur edilən uşaqların sayı getdikcə artır. Buna mütənasib olaraq əxlaqi degenerasiyada da sürətli artım müşayiət olunur.

Dünya saysız-hesabsız problemlərlə qarşı-qarşıyadır. Ölkə və fərdlərin silahlanma nisbətindəki qarşısıalınmaz artım, dünyanı cənginə alan iqtisadi böhranın səbəb olduğu çöküşlər, işsizlik, xüsusilə, Qərbdə miqrant və əcnəbi düşmənçiliyinin artması, din, dil, məzhəb fərqlilikləri və etnik fərqlərdən qaynaqlanan irqçliyin qlobal səviyyədə yayılması buna daxildir.

Terror ilə yanaşı, irqçilik də dünyanın üzləşdiyi ən böyük təhlükələrdən biridir. Bəzi dövrlərdə geriləyən, lakin uyğun şərait olduqda yenidən alovlanan irqçilik dünyadakı bir çox münaqişə və qarşıdurmaların təməlində dayanan olduqca cılız bir fəlsəfədir. Hazırda bu, demokratiya və insan hüquqlarına verdiyi dəyərlə və bütün əqidələrə bərabər yanaşması ilə öyünən ABŞ da daxil olmaqla bir çox Qərb ölkələrində artmağa davam edir.

ABŞ son 50 ildən bəri vətəndaşları arasında bərabərliyi təmin etmək məqsədilə irqçilik  və ayrı-seçkiliyə qarşı cəza tətbiq edən bəzi qanunlar qəbul etsə də, hüquq mütəxəssisləri və xalq ölkədə irqçiliyin və ayrı-seçkiliyin davam etdiyini düşünür. Qara dərililər, Asiya və Cənubi Amerika mənşəli insanlar tez-tez irqçi hücumlara məruz qalmaqdan və əsas vətəndaşlıq hüquqlarından məhrum qalmaqdan şikayət edirlər. Digər əqidələrə sahib olanlarla müqayisədə daha çox  ayrı-seçkiliyə məruz qalan müsəlmanlar isə son zamanlarda ABŞ-da islamofobik düşüncənin artdığını, özlərini təhlükəsiz mühitdə hiss etmədiklərini bildirirlər.

Bir müddət əvvəl ABŞ-ın Şimali Karolina əyalətində üç müsəlman gəncin öldürülməsinin arxasında da irqçi zehniyyət dayanır. İfrat irqçi bir amerikalı tərəfindən törədilən cinayətlərin ardından ölkədə islamofobiyanı cinayət hesab edən qanunun əskikliyi yenidən gündəmə gəldi. Müsəlmanlar ABŞ-ın yəhudi düşmənçiliyini qanunən cinayət hesab etdiyi halda, İslam düşmənçiliyini hələ də cinayət olaraq tanımamasını ikili standart kimi dəyərləndirir. Bu mövzudakı ən son yenilik isə yaxın vaxtlarda ABŞ prezidenti Barak Obamanın dini və mədəni hüquqların qanuni yollarla qorunacağına dair vədidir.

Tətbiq etdiyi bir çox siyasi fikirlərin tənqid olunmasına baxmayaraq, “İslam” ilə “terror” sözünü birlikdə işlətməkdən imtina etməsi və hakimiyyətə gəldiyi vaxtdan Qərb dünyası ilə müsəlmanlar arasında pozitiv əlaqələr yaratmaq niyyətində olması prezident Obamanın müsbət tərəfidir. Üç müsəlman gəncin öldürülməsi ilə bağlı açıqlamasında Obama müsləlmanlara qarşı olan irqçi münasibəti pislədi və ABŞ-da dini mənsubiyyəti və əqidəsi səbəbindən heç kimin hədəf edilə bilməyəcəyini vurğulayaraq hücumu “vəhşi, şok edici və qəbul olunmaz” kimi xarakterizə etdi.

Prezident Obama Ağ Evdə təşkil olunan “zorakı ekstremizmlə mübarizə” sammitindəki çıxışında olduqca mühüm məsələlərə toxundu. Yaxın Şərq və Avropada terror əsdirən təşkilatların İslamı təmsil etmədiyini, əksinə öz pis məqsədləri fonunda dini təhrif etdiklərini deyən Obama "Terroristlər bir milyard müsəlmanın adından danışa bilməz " cümləsi ilə İslamla radikalizmin bir-birindən ayrılmasının lazımlılığını qeyd etdi.

Obamanın sammitdəki  çıxışı zamanı qeyd etdiyi digər məsələ isə gücünü ifrat fikirlərdən alan zorakılığa qarşı yalnız hərbi yolla mübarizə aparılmasının mümkünsüzlüyü və terrorizmə qarşı müharibədə müvəffəqiyyətin silahlarla yox, qəlbləri qazanaraq əldə edilə biləcəyi idi. Şiddətə şiddətlə cavab verməyin  heç bir problemi həll etmədiyini və zorakılığa qarşı həll yolunun qəlbləri qazanmaq, başqa sözlə desək, sevgi, tolerantlıq və əfvedicilik olduğunu ABŞ-ın görməsi, şübhəsiz ki, dünyada sülhün bərqərar olmasına kömək edəcək sevindirici haldır. Obamanın şiddəti və nifrəti pisləyən, fərqlilikləri yox, ortaq cəhətləri önə çıxarmağı hədəf alan konstruktiv və birləşdirici üslubunun davam etməsini və ABŞ-ın bundan sonra bu cür münaqişəni yox, sülhü gücləndirən qüvvə olaraq dünyada anarxiya və terrorun aradan qaldırılmasına vəsilə olmasını ümid edirik.

Obamanın çıxışının sonunda dünyanın gənclərə artıq yeni ümidlər və daha yaxşı gələcək verməsinin lazımlılığı yönündəki mesajı da son dərəcə mühüm idi. Belə ki, sosial quruluşların alt-üst olduğu, istər fərdi, istər ictimai, istərsə də cəmiyyətlərarası səviyyədə böyük bir çöküşün yaşandığı bu günlərdə ən çox zərər çəkənlər gələcək nəsillər olan gənclərdir. Nifrətin, sevgisizliyin, eqoistliyin, mənfəətpərəstliyin hakim olduğu mühitdə böyüyən gənclər əxlaqi yöndən qazanc əldə etməklə özünü inkişaf etdirməyin yox, maddi həyat standartlarının və mümkün qədər çox mənfəət əldə etməyin arxasınca gedirlər. Nəticədə, müsbət əxlaqi xüsusiyyətlərdən uzaqlaşmış, mənəvi dəyərlərini, üstəlik, həyatın mənasını da itirmiş və cinayət törətməyə hazır fərdlər olaraq cəmiyyətdə öz yerini tuturlar. Halbuki xarakterləri hələ yeni formalaşan gənclərin əsas ehtiyac duyduqları  mənəviyyatdır. Onlara daha yaxşı gələcək verməyin yolu dünya xalqlarının fərqlilikləri kənara qoyub dostluq və qardaşlıq ruhu ilə əl-ələ verərək birləşməsini təmin etməkdir. Burada məsuliyyət yalnız dövlətlərin və dövlət xadimlərinin yox, hamının üzərinə düşür. Unudulmamalıdır ki, hər kəsin edə biləcəyi bir çox yaxşılıq və xeyirli işlər var.

Adnan Oktarın New Straits Times & News Rescue'da yayımlanan məqaləsi:

http://newsrescue.com/messages-condemning-violent-extremism-obama/#axzz3TmCKOzAw

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo