İtirilən mənəvi dəyərlər və dövrümüzün gəncləri
ucgen

İtirilən mənəvi dəyərlər və dövrümüzün gəncləri

1440

Keçən əsrin xüsusilə son dörddəbirindən bu yana dünyanı qan və göz yaşına boğan, on milyonlarla insanın həyatını itirməsinə, milyonlarcasının yaralanmasına və şikəst qalmasına, evlərindən, yurdlarından çıxarılaraq köç etmələrinə məcbur edən müharibələr, soyqırım və qətliamlar bu gün də dünyanın demək olar ki, hər nöqtəsini yandırıb yaxmaqda davam edir.

Müasir dövrün inkişaf etməsinə baxmayaraq hələ də ən böyük problem olaraq mövcudluğunu qoruyan aclıq hər il təqribən 18 milyon insanın həyatını itirməsinə səbəb olur. Digər qlobal problem olan və böyük-kiçik demədən demək olar ki, bütün cəmiyyətləri əhatəsi altına alan əxlaqi degenerasiya da fərdlərin yaxşılıq, səmimilik, fədakarlıq, ədalət, şəfqət, mərhəmət, bağışlayıcılıq kimi keyfiyyətləri tərk etmələrinə və mənəviyyatdan uzaq həyat tərzini mənimsəmələrinə səbəb olur. Təbii ki, hər zaman olduğu kimi, dünyanı bürüyən bu pislik xalqasından ən çox zərər görənlər uşaqlar və gənclər olur. Ardı arası kəsilməyən münaqişələrin ortasında dünyaya gələn, İraqda, Əfqanıstanda, Suriyada, Fələstində və daha bir çox ölkədə müharibə bölgələrində böyüyən, Konqoda, Liberiyada, Syerra Leonede, Somalidə və daha onlarla ölkədə aclıqla mübarizə apararkən həyata tutunmağa çalışan, millətlərin və gələcəyin ümidi olan uşaqlar və gənclər…

Nifrətin, şiddətin, münaqişələrin, zülm və kədərin, sosial ədalətsizliklərin, haqsızlıqların, sevgisizliyin və qeyri-əxlaqi davranışların dünyanı əhatə etdiyi, mənəvi dəyərlərin alt-üst olduğu və istər fərdi, istər ictimai səviyyədə böyük tənəzzülün yaşandığı dövrümüzdə gənclər maddi və mənəvi mənada böyük risk altındadır. Keçən ildən bu yana 15 milyon uşaq və gənc bombardman altında yaşayır. Orta Afrika Respublikasında 2.3 milyon uşaq və gənc müharibədən zərər çəkdi, 10 min uşaq məcburi şəkildə əsgər kimi istifadə edildi.

Qəzzada evsiz qalan uşaqların sayı 54 mindir. Suriyadakı vətəndaş müharibəsindən zərər çəkən uşaq və gənclərin sayı 7.3 milyondur. İçki və narkotik vasitələrin istehlakı, əxlaqsızlıq və artan cinayətlərin mərkəzində yenə gənclər durur. Bütün bunların nəticəsində bir-birinə güvənməyən, bir-birini sevib saymayan, digər insanları düşmən olaraq görən, yalnız öz mənfəətini güdən, eqoist və mənfəətçi insanlar formalaşır. Halbuki onlar cəmiyyətlərin aparıcı qüvvəsi olma potensialına malik ən önəmli üzvləridir.

Dünyanı mövcud vəziyyətindən xilas edib sülhü, sevgini, qardaşlığı, gözəl əxlaqı hakim etmək və beləliklə gənclərə daha yaxşı həyat, təhlükəsiz, sağlam gələcək təmin etmək hamımızın borcudur. Şübhəsiz ki, bu əxlaqi keyfiyyətləri dünyaya hakim edərək cəmiyyətlər arasında sülhü təsis etmək, millətlərin bir-birilə həmrəy yaşamasını, dünyanın hər tərəfinə sevgi və tolerantlığın hakim olmasını və beləliklə mənəviyyatları güclü, əqli və mənəvi cəhətdən sağlam, şüurlu, müasir nəsillərin yetişməsini təmin etmək bütün vicdanlı insanların prioriteti olmalıdır.

Unudulmamalıdır ki, gənclərin əsas ehtiyac duyduğu gözəl əxlaq və mənəviyyat insanlar və cəmiyyətlər arasındakı birliyin, bütünlüyün, tolerantlığın, sevgi və hörmətin əsas qaynağıdır. Belə ki, insanı insan edən gözəl əxlaqın yaşanmadığı bir mühitdə həmin dəyərlərdən bəhs etmək mümkün deyil. Belə bir cəmiyyətdə özlərindən başqa heç kimə əhəmiyyət verməyən, ancaq maddiyata önəm verən, sevgisiz, psixologiyası pozulmuş və hər an cinayət törətməyə hazır fərdlərin meydana gəlməsi isə əlbəttə ki, qaçınılmazdır.

Biz gənclərə düzgün hədəflər müəyyən etmək və bu hədəflərə çatmaları üçün onlara yol göstərməli olduğumuz kimi, əslində onların da öhdəsinə vacib işlər düşür. Belə ki, gənclər təkcə gələcəyi əmanət edəcəyimiz fərdlər deyil, bu günün də ortağıdırlar. Daha gözəl dünya üçün müharibələrin, şiddətin, münaqişələrin, aclığın və hər cür pisliyinin dünyadan silinib atılması onların da üzərinə düşən məsuliyyətdir. Məzlum insanların qətl edilməsinə, işgəncəyə məruz qoyulmasına, sürgün həyatı yaşamağa məcbur olmalarına, amansızcasına soyqırıma məruz qalmalarına, məzlum insanların, qocaların, uşaqların aclıq və yoxluq içində əzab çəkmələrinə və bir-bir yox olmalarına izləyici qalmamalı, yardıma möhtac olan bu insanları xilas etmək üçün faydalı işlər görməlidirlər. Bunun ən təsirli yoli isə məlumat ötürməkdən əlavə, fərd və cəmiyyətlərin davranışlarının dəyişməsinə səbəb ola bilən kütləvi informasiya vasitələrindən istifadə etməkdir.

Hər gün milyonlarla gəncə xitab edən internet  kütləvi informasiya vasitələrinin ən təsirli platformasıdır. İstər fərdi, istərsə də cəmiyyət səviyyəsində getdikcə təsiri artan sosial şəbəkələrdən istifadə edərək beynəlxalq ictimai fikir yaratmaq dövrümüzdə kütlələrə çatmağın ən asan yoludur. Dünya səviyyəsində internetdən istifadə edən bütün vicdanlı gənclər haqsızlıqlara, ədalətsizliklərə və zülmə qarşı fikirlərini dilə gətirərək dünyada pisliyin qarşısının alınmasında, ədalət, səmimilik kimi keyfiyyətlərin yayılmasında böyük rolu ola bilər. Öz sosial şəbəkə hesablarından bütün dünya gənclərini sevgisiz, eqoist, qəddar, mənfəətpərəst, materialist modeldən onları çəkindirə bilər, onlara yaxşılığı, gözəlliyi tövsiyə edə bilərlər. Ruhlarında fərahlıq meydana gətirəcək birlik və bərabərlik, qardaşlıq və dostluq ruhuna, mərhəmətli və tolerant olmağa onları dəvət edə bilərlər. Allahın bütün insanlara tövsiyə etdiyi və istər gənclərin, istərsə də insanlığın həsrətini çəkdiyi bu ülvi duyğuların qəlblərə yerləşməsini təmin etmək bu gün ən böyük xidmətlərdən biridir.

Şübhəsiz ki, yaşadığımız dövr hər yeri əhatə edən zülmə qarşı səssiz qalacaq bir dövr deyil. Dünyaya sevginin, qardaşlığın hakim olmasını istəyən bütün insanlar və ən başda da bütün dünya gəncləri birlik olub milyonlarla məzlumun haqqını müdafiə etməli, dünyada sülhün təminatı üçün əl-ələ verməli və rahat və təhlükəsiz gələcəyin qurulması naminə xeyirli və təsirli işlər həyata keçirməlidirlər. Güclü və işıqlı sabahlar üçün bütün dünyanın onlara ehtiyacı var.

 

Adnan Oktarın «Arabian Gazette»də dərc olunan məqaləsi:

http://www.arabiangazette.com/lost-spiritual-values-youth-today-20150729/

 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr