İstehlak mədəniyyəti və israf
ucgen

İstehlak mədəniyyəti və israf

1559

Bu gün üzümüzü hansı tərəfə çeviririksə, milyonlarla insanın həyatını itirdiyi, yaralandığı, şikəst qaldığı müharibə, soyqırım və qətliamlarla, əsrimizin inkişaf etməsinə baxmayaraq, hələ də acından ölən, mənəviyyatın tərk edildiyi bir cəmiyyət və əxlaqi degenerasiyanın səbəb olduğu fitnələrlə qarşılaşırıq. Digər tərəfdən də «istehlak mədəniyyəti» olaraq adlandırılan ortaq dünya mədəniyyətinin demək olar ki, hər cəmiyyəti təsiri altına aldığının şahidi oluruq.

Dövrümüzdə marka və məhsulların kifayət qədər artması və bu məhsulların kütləvi daşıma vasitələri ilə insanlara əvvəlkindən daha tez və asan çatması dünya səviyyəsində ifrat istehlak mədəniyyətinin ortaya çıxmasına səbəb olur. Sosial media, kütləvi informasiya vasitələri, reklamlar, alış-veriş mərkəzləri ilə hər tərəfdən canlı tutulan və kütlələri arxasınca aparan bu mədəniyyət bu gün təkcə gəncləri yox, hər yaş qrupundan insanı özünə çəkməyə nail olur. İnsanlar istehlak mədəniyyəti tərəfindən onlara dürtülən və bütün dünyaya eyni zamanda təqdim edilən məhsulları aldıqda özlərini dünya ilə bütünləşmiş zənn edirlər.

Belə ki, bir çox sosioloq istər media və internet yolu ilə, istərsə də bəzi həvəsləndirmə tədbirləri ilə inkişaf etdirilən istehlak mədəniyyətinin və meydana gətirdiyi həyat tərzinin bir çox baxımdan zərərli olduğu qənaətindədir. Tənqidlərə görə, dövrümüzün insanları təkcə isteklak mədəniyyətinin təqdim etdiyi məhsullara sahib olduqda xoşbəxt olur və bu xoşbəxtlik çox qısa müddətli olduğu kimi, bütün dünyada görüntü və davranış baxımından bir-birinə bənzəyən insanlar ortaya çıxır. Bu insanlar sonradan bu mədəniyyətə aludə olur və «onda var, məndə niyə yoxdur» məntiqi ilə yaranan psixolji problemlərə düçar olurlar. Mobil telefon, iPad kimi texnoloji vasitələrin reklamlarla həvəsləndirilməsi və bu yolla satışların artırılması da bu mədəniyyətin yayılmasına səbəb olan əsas amillərdən biri olaraq qəbul edilib tənqid olunur.

Haqlı tənqidlər arasında müəyyən bir mədəniyyətə aludə olub o mədəniyyətin əsiri halına gəlməyin insanları mənəvi olaraq inkişafdan saxladığı, ruhlarını öldürdüyü və nəticədə geridə qalmış fərd və cəmiyyətlərin ortaya çıxdığı həqiqəti var. İstehlak mədəniyyətinin ortaya çıxardığı məhsulları almaq istəmək, dünya səviyyəsində məşhurlaşan modanı izləmək və tətbiq etmək çox normal olsa da, həmin məhsulları ala bilmədikdə insanların kədərlənməsi və psixoloji olaraq çökməsi şübhəsiz ki, ciddi şəxsiyyət pozuntusunun əlamətləridir. Ancaq yüksək mənəviyyat və təmiz vicdanla yarana bilən həqiqi xoşbəxtliyin maddiyatla əmələ gələcəyini düşünmək də yanlış düşüncə tərzinin əlamətidir.

Bura qədər sadalanan səbəblərlə tənqidlərə məruz qalan istehlak mədəniyyətinin həyat səviyyəsini artıran və insanlara daha rahat həyat təqdim edən texnoloji inkişafa yol açdığı və bu sayədə bütün dünyada sürətli dəyişiklik və inkişafın olduğu da reallıqdır. İlk öncə bunu qəbul etmək lazımdır ki, dünya və düşüncə tərzləri dəyişir. Dövrümüz insanları istehlak mədəniyyətinin meydana gətirdiyi müasir dünyanı - texnologiyanı, modanı, idmanı, sənət, film və ya əyləncə həyatını izləməkdən böyük zövq alır. Maneələrlə qarşılaşmadan istədiklərini etmək, arzuladıqları kimi təzyiqdən uzaq, rahat və müstəqil şəkildə yaşamaq istəyirlər. Sərt intizam istəmirlər. Bu gün dünyada şəxsi hüquq və azadlıqlara əvvəlkinə nisbətən daha həssas yanaşma mövcuddur. Həmçinin internet, qəzet, televizor, radio və müxtəlif kütləvi informasiya vasitələri ilə bütün məsafələr aradan qalxır, məlumat və fikirlər texnoloji imkanlarla çox qısa müddət ərzində geniş insan kütlələrinə çatdırıla bilir. Asanlaşan nəqliyyat vasitələri ilə dünyanın bir yerindən digər yerinə çox qısa müddətdə getmək olur. Çox uzaqdakı insan və qurumlarla əlaqə yaratmaq asanlaşır.  İnsanlar eyni hissləri, eyni hobbiləri paylaşan insanlarla bir araya gələ bilir. Şübhəsiz ki, bunlar dövrümüzün ortaq dünya mədəniyyətinin səbəb olduğu müsbət cəhətlərdir.

Ancaq bütün bunlardan əlavə istehlak mədəniyyəti ilə birlikdə inkişaf edən əsas başqa vacib risk var ki, o da israfdır. İstehlak anlayışının tarixin heç bir dövründə olmadığı qədər artdığı dövrümüzdə qlobal israf da eyni zamanda artıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına görə, dünyada istehlak üçün istehsal edilən hər 3 qidadan biri yeyilmədən zibilliyə atılır. Dünya səviyyəsində israf edilən qida miqdarı isə ildə 1.3 milyard tondur. Halbuki dünyada hər il 18 milyon insan acından həyatını itirir, təqribən bir milyard insan isə kifayət qədər qidalanmır. İldə təqribən 2 milyon uşaq aclıq, yetərsiz qidalanma və bu kimi səbəblərdən həyatını itirir. İnkişaf etmiş ölkələrin zibilliyə atdığı qidalar dünyada acından ölən insanların 15 qatını qidalandıracaq səviyyədədir. Yaxşı planlama ilə israfın qarşısı alına bilər. Dünyadakı zənginliklər balanslı şəkildə bölüşdürülərək aclıq probleminin üstəsindən gəlmək mümkün olduğu halda, bu gün aclıq «dünyanın ən böyük 10 sağlamlıq riski» siyahısında hələ də birinci yerdədir.

Keçən aylarda Fransanın qida israfı və aclıqla mübarizədə bütün dünyaya nümunə olacaq bir qanunun qüvvəyə minməsi gündəmə damğa vuran çox önəmli hadisə idi. Fransanın keçmiş qida naziri Guillaime Garotun irəli sürdüyü təklifin parlamentdə qəbul edilməsi ilə qüvvəyə minən qanuna əsasən, ölkədəki bütün supermarketlər son istifadə tarixi keçmək üzrə olan əldə qalmış məhsulları bağışlamaq məcburiyyətindədir.  2025-ci ilə qədər ölkədəki qida israfının tamamilə həll ediləcəyi düşünülən qanuna görə, artıq qalmış qidalar xeyriyyə qurumlarına göndəriləcək və ya heyvanlara veriləcək.

Bu cür nəzarət mexanizlərinin dünya miqyasında tətbiq edildiyi təqdirdə israfın qarşısının alınmasında çox böyük  nailiyyətlər əldə ediləcəyi açıqdır. Ancaq israfın dünyadan tamamilə silinməsinin bir yolu var ki, o da insanların dünyanın hər yerində baş verən faciələrə daha həssas hala gəlməsidir. Müharibənin ortasında qalmış uşaqların əynində cırılmış paltarlarla ayaqyalın dilənməsi, zibillikdən yemək yığıb yeməsi, milyonlarla insanın acından ölməsi, yenə milyonlarla insanın bombaların altında həyat mübarizəsi aparması məqbul qarşılanmamalı, hamımız bundan məsul olmalıyıq. O zaman hər yerə sevgi, sülh, təhlükəsizlik hakim olacaq, dünya daha da yaşanılacaq hala gələcək. 

 

Adnan Oktarın «MBC Times»da dərc edilən məqaləsi:

http://www.mbctimes.com/english/consumer-culture-waste-and-profligacy 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr