DÖLÜN İNKİŞAFINDAKI HƏR MƏRHƏLƏ QÜSURSUZ PLANA UYĞUN OLARAQ REALLAŞIR
Ana bətnindəki körpə inkişaf edərkən ana da normal həyatına davam edir. Bədənindəki bütün dəyişikliklər onun idarəsi xaricindədir. Körpənin inkişafı və həyata normal insan kimi gəlməsi üçün lazım olan hər şeyi Allah mükəmməl şəkildə yaratmışdır. Beləliklə, həm döl halındakı körpənin yaşaması üçün hər cür ehtiyacı ödənilmiş olur, həm də ana körpəsini yaşatmaq üçün nə etməli olduğunu düşünməkdən xilas olur. Düşünsə belə edə biləcəyi heç bir şey yoxdur. Məsələn, dölün bədənindəki artıq maddələri öz böyrəklərinə götürüb təmizləmək və bədəndən xaric etmək heç bir ananın özbaşına edə biləcəyi iş deyil. Yəni insanın dünyaya gəlməsi üçün bütün ehtiyacları və sistemləri ən gözəl şəkildə yaradan Allahdır. İndi körpənin dünyaya gəlməmişdən əvvəl son dövrlərindəki hazırlıqlara nəzər salaq.
İlk nəfəs
Körpə üçün ən əhəmiyyətli şey nəfəs almaqdır. O vaxta qədər hələ hava ilə tanış olmayan ciyərlərin hava ilə doldurulub nəfəsin geri verilməsi lazımdır. Doğulduqdan sonrakı ilk ana qədər heç nəfəs almayan ciyərlər ilk nəfəsi normal bir şəkildə alıb-verməyə başlayırlar. Çünki körpə o ana qədər ananın bətnindən aldığı oksigeni artıq öz ciyərləri vasitəsilə havadan almaq məcburiyyətindədir. Körpəni doğulduğu an hər şeyi ilə hazır olaraq yaradan Allah ağciyərlərin meydana gəlməsində də lazımi hazırlıqların tamamlanmasını təmin etmişdir. Ağciyərlərin hazırlanması üçün sinə qəfəsi ilə qarını birləşdirən diafraqmanın üzərinə vəzifə düşür. Diafraqma altıncı aya doğru işə başlayır. İlk əvvəllər çox qısa zamanlarda - saatda bir neçə dəfə genişlənir və büzülür, amma bunu doğulduqdan sonra həmişə edəcək. Hazırlıqlar tamamlanır, döl gedərək xarici dünyaya hazırlanarkən, orqanlar arasında fövqəladə bir iş bölgüsü aparılır. Görüləcək işlər və inkişaflar dünyanın şərtlərinə görə təyin olunur.
Ana bətnində istifadə edilməyən gözlər dünyadakı işığa, qulaqlar da dünyadakı səslərin xüsusiyyətlərinə əsasən yaradılır. Eynilə mədə və digər həzm orqanları dünyadakı qida maddələrinə uyğun şəkildə bir fizioloji sistemlə təchiz edilir. Həzm sistemində vəzifədə olan hüceyrələr heç tanımadıqları yeməkləri analiz etməyə nizamlı bir şəkildə proqramlanmışlar. Karbohidratları, zülalları, yağları analizetmə qabiliyyəti ilə yanaşı, hansının hansı orqan üçün lazım olduğunu bilən və bu qidaların bədənin digər hüceyrələrinə göndərilməsini təmin edən bir proqrama sahibdirlər. Döl bu istiqaməti ilə planlı və proqramlı bir şəkildə xarici dünyaya hazırlanır. Burada son dərəcə heyrətamiz olan məqam isə yeni bir insanın bədənini meydana gətirən bu orqanların və hüceyrələrin heç görmədikləri, heç eşitmədikləri, heç şahid olmadıqları bir mühit üçün hazırlıq görmələridir. Bu orqanlar və hüceyrələr ananın bədənindən ayrıldıqdan sonra özlərini hansı mühitin gözlədiyini bilirmiş kimi hərəkət edirlər.
Əlbəttə, bunu hüceyrələrin öz fikirləri ilə bacardıqlarını iddia etmək mümkün deyil. Körpəni meydana gətirən hüceyrələrin bu şüurlu hazırlıqları əhəmiyyətli bir yaradılış sübutudur. Ana bətnində, son aylarında döl əhəmiyyətli dərəcədə böyüməyə başlayır. Bunun səbəbi yağ toxumasının meydana gəlməsidır. Qəhvəyi rəngli xüsusi quruluşa malik olan bu yağ təbəqəsini hazırlayan hüceyrələr dölün müəyyən nahiyələrində - peysərində, böyrəklərin ətrafında və sinə sümüyünün arxasında bu təbəqənin meydana gəlməsini təmin edirlər. Bu xüsusi yağ təbəqələrinin vəzifəsi doğulduqdan sonrakı ilk aylarda körpənin bədən hərarətini yüksək tutmaqdır. Üstəlik bu yağlar ehtiyat qida vəzifəsini də icra edirlər. Bu da həmin yağ təbəqələrini hazırlayan hüceyrələrə ilham edilən vəzifələri qüsursuzca yerinə yetirdiklərinin bir başqa dəlilidir. Bu vaxt ağ yağlar da incə bir təbəqə halında meydana gəlməyə başlayırlar. Beləliklə, yağ dölün dərisinin altını bir təbəqə halında bürüyür. Dərialtı yağ təbəqələrinin yanında bir də dərinin içində olan mayedən qoruyan bir başqa yağın istehsalı da yenə dəri hüceyrələri tərəfindən edilir. Bu yağların meydana gəlməsi də son dərəcə əhəmiyyətlidir, çünki dəri ilə su arasına yağ təbəqəsi girəcək və suyun dölə mənfi təsirini ortadan qaldıracaq.
Dölün daha əvvəlki dövrlərində ananın bətnindəki müdafiə sistemi işçilərinin körpənin qanına keçməsinə icazə verilməz. Çünki bu işçilər körpəni xarici toxuma kimi görüb onu yox edə bilərlər. Ancaq doqquzuncu aya gəldikdə bu vəziyyət bir anda dəyişir və ananın bətnindəki müdafiə hüceyrələri olan anticisimlər cift vasitəsilə dölə keçirlər. Bunun səbəbi araşdırıldıqda son dərəcə təəccüblü bir həqiqətlə qarşılaşırıq. Doğumdan sonrakı ilk altı ay ərzində körpənin immunitet hüceyrələri meydana gəlməyəcək. Amma körpə özünü dünyadakı mikroblardan qoruyan anticisimlərə ehtiyac duyacaq.
Beləliklə, son ay dölün qanına keçməsinə icazə verilən anaya aid anticisimlər körpənin dünyaya gələndə yoluxucu xəstəliklərə tutulmasının qarşısını almaq üçün hazır olacaq. Sonrakı aylarda körpənin müdafiə sistemi öz anticisimlərini meydana gətirməyə başlayınca, bu anticisimlər funksiyalarını dayandıracaqlar. Göründüyü kimi, bir insanın meydana gəlməsi üçün hər ay, hər gün, hər dəqiqə lazım olan əsaslar incəliyinə qədər hesablanmışdır. Dölün inkişafındakı hər mərhələ idarə altında və çoxmərhələli, qüsursuz bir plana uyğun olaraq reallaşır. Üstəlik hər insan döl halında ikən bu idarədən keçərək inkişaf etmiş və bu günkü halına gəlmişdir. İnsanın inkişafında yaradılmış bu xüsusi plan və qüsursuz dizayn düşünən vicdan sahibi insanlar üçün Allahın sonsuz ağlının və elminin bir təcəllisidir.
"Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, (Allahın əmrlərini eşidib, qüdrətini və əzəmətini görüb, vəhdaniyyətini duyub) şükür edəsiniz!." (Nəhl surəsi, 78)