Bundan əlavə, unutmaq olmaz ki, heç kim ölümlə nə vaxt qarşılaşacağını bilmir. Buna baxmayaraq, insanın öləcəyi vaxtı bilirmiş kimi ibadətləri yerinə yetirməyi müəyyən vaxta təxirə salması, şübhəsiz ki, böyük səhv olar. Çünki ölüm gəldikdən sonra insan nə qədər peşman olub geri qayıtmaq istəsə də, bir daha belə bir imkanı olmayacaq.
“Qəlbim təmizdir”, - deyib ibadət etməmək doğru deyil
Dünya bütün insanlar üçün imtahan yeridir. Allah “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur... (Mülk surəsi, 2)” ayəsi ilə bütün insanlara bunu bildirmişdir. Bu imtahanın tələbinə uyğun olaraq insanlar etdikləri hər davranışdan, yerinə yetirdikləri və ya etməyib təxirə saldıqları bütün ibadətlərdən məsuldurlar. Bu təqdirdə, qəlb təmizliyi ölçü olmaz. Çünki insanın xoşniyyətli, düzgün insan və qəlbinin təmiz olması Allah qatında bilinir. Ancaq qəlb təmizliyi və səmimiliyin ən əsas göstəricisi də insanın Allahın əmrlərini dəqiq yerinə yetirməsi ilə özünü göstərir. Yoxsa Quranda bildirilən ibadətləri yerinə yetirməyən, Allahdan qorxub-çəkinməyən, Allahın rizasına və Qurana tabe olmayan insan nə qədər yaxşı niyyətli olduğunu iddia etsə də, bu fikrinin ona axirətdə heç bir faydası olmayacaq. Bundan əlavə, qəlb təmizliyinin yeganə ölçüsü Qurandır. Yəni bir insan ancaq Quran əxlaqına uyğun olaraq səmimi niyyətli, ixlaslı insandırsa: “Qəlbim təmizdir”, - deyə bilər. Əks təqdirdə, insanın öz dəyər ölçüləri ilə qəlbinin təmizliyini iddia etməsinin mənası yoxdur.