HZ. YƏQUB
ucgen

HZ. YƏQUB

1996

"Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yəqubu da yad et! Biz yurdu anmaq xislətini onlara məxsus elədik. Şübhəsiz ki, onlar dərgahımızda seçilmiş ən yaxşı kimsələrdəndirlər!" ("Sad" surəsi, 45-47).

Hz. Yəqub Hz. İbrahimin soyundandır. Allah Hz. İbrahimi və oğullarını qövmlərini xeyirə çağıran və hidayətə yönəldən bir başçı etmişdir. Və bunu Quranda belə bildirmişdir:

"Biz onları əmrimizlə doğru yola gətirən imamlar etdik. Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər" ("Ənbiya" surəsi, 73).

Hz. Yəqub oğullarına haqq dinə itaət etməyi və salehlərdən olmağı vəsiyyət etmişdir

Quranda Hz. Yəqubun apardığı təbliğatdan bəhs edən ayələr "Bəqərə" surəsində yer alır. Allah Hz. Yəqubun oğullarına vəsiyyətini belə bildirir:

"İbrahim və Yəqub bunu öz oğlanlarına vəsiyyət edib: "Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün din seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!"" ("Bəqərə" surəsi, 132).

Müsəlman kimi can vermək Allahdan qorxan insanların ən mühüm dualarından biridir. Çünki bir insan həyatı boyu saleh əməllər etdiyi halda sonradan niyyətini pozub imanından dönərsə, bütün əməlləri boşa gedəcək və cəhənnəm əzabına layiq olacaqdır. Hz. Yəqub oğullarına "müsəlman kimi can verin" deyərkən onlara bu mövzuda xəbərdarlıq etmiş və səmimi niyyətlərini və qərarlarını əsla pozmadan imanlarını qorumalarını tövsiyə etmişdir. Atalarının vəsiyyətinə uyan oğullar Allaha ibadət edəcəklərini və Ona təslim olduqlarını belə dilə gətirmişlər:

"Yoxsa Yəqubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: "Məndən sonra nəyə ibadət edəcəksiniz?" - deyə oğlanlarından soruşduğu zaman, onlar: "Sənin Allahına və ataların - İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olacağıq" - dedilər" ("Bəqərə" surəsi, 133).

Hz. Yəqub oğullarına təvəkkül etməyi nəsihət etmişdir

"Dedi: "Oğullarım! Eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!" Onlar ataları əmr etdiyi kimi daxil olduqda Allahın qəza-qədərini əsla onlardan dəf edə bilmədi, ancaq Yəqubun ürəyindəki bir diləyi yerinə yetirmiş oldu. Şübhəsiz ki, Yəqub onu öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların əksəriyyəti bilməz!" ("Yusif" surəsi, 67-68).

Hz. Yəqub oğullarına şəhərə girərkən tədbirli olmağı nəsihət edərkən çox mühüm bir həqiqəti də xatırladaraq tədbirə deyil, Allaha güvənməyin vacibliyini vurğulamışdır. Çünki Allah istəməsə, insan özünə zərər və ya fayda vermək gücünə sahib deyil. Başına gələn heç bir şeyin qarşısını ala bilməz, heç bir xeyirə də qovuşa bilməz. Mömin Allah rizasını axtardığı üçün lazım olan bütün tədbirləri görər. Amma nəticənin Allahın izni ilə olduğunu qəti olaraq bilir, yalnız Ona güvənib durur.

 


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr