"...Allah göydən dağlar kimi (çox və böyük) dolu yağdırar, sonra da onunla istədiyini bəlaya düçar edər, istədiyindən də onu sovuşdurar. Buludların şimşəyinin parıltısı az qala gözləri kor edər".("Nur" surəsi, 30/43)
Yuxarıdakı ayədə şimşəyin dolu ilə əlaqəsinə diqqət çəkilir. Dolunun şimşəyin əmələ gəlməsinə təsirinin olub-olmaması araşdırılsa, aydın görünər ki, ayədə mühüm bir meteorologiya hadisəsinə işarə edilib. "Meterology Today" ("Meteorologiya bu gün") adlı kitabda dolunun və şimşəyin meydana gəlməsi ilə bağlı belə bir izah verilir:
"Həddindən artıq çox soyumuş damcılardan və buz kristallarından meydana gələn bir bulud zonasından dolu düşəndə buludlar elektriklə yüklənir. Maye halındakı damcılar isə dolu dənələri ilə toqquşanda donur və öz potensial hərarətini itirirlər. Bu da dolunun səthinin buz kristallarının kənarından daha isti qalmasını təmin edir. Dolu buz kristalı ilə birlikdə hərəkət etməyə başlayanda isə əhəmiyyətli bir hadisə baş verir. Elektronlar daha soyuq olandan daha isti olana tərəf hərəkət edirlər. Bunun nəticəsində dolu neqativ yüklü olur.
Eyni hadisə çox soyumuş su damcıları bir dolu dənəsi ilə birgə hərəkətə keçəndə və pozitiv yüklü çox kiçik buz hissələri qırılanda da baş verir. Daha yüngül və pozitiv yüklü hissələr hava cərəyanı ilə buludların yuxarı tərəfinə doğru yığılır. Neqativ yüklə qalan dolu buludun aşağısına tərəf düşür, bununla da buludun aşağı tərəfi neqativ yüklənir. Bu neqativ yüklər ildırım şəklində Yer üzünə tərəf istiqamətlənməklə boşalır. Buna görə də dolu ildırımın əmələ gəlməsində əsas amildir".
Aşağıdakı ayədə isə əsas diqqət yağış buludlarının şimşəklərlə əlaqəsinə və bunların meydana gəlməsi ardıcıllığının qeyd edilməsinə yönəldilib ki, bunlar da elmi kəşflərlə tam şəkildə üst-üstə düşür:
"Yaxud qaranlıqlarda göy gurultusu və şimşəklə səmadan şiddətlə yağan yağışa düşmüş kimsələrə bənzərlər ki, ildırımın səsindən ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxarlar..."("Bəqərə" surəsi, 2/19)
Yağış buludları 25,6 km2-256 km2 ölçülərdə, 9000-12000 metr yüksəkliyində olan çox böyük kütlələr halındadır. Bu buludların tavanı onların belə fövqəltəbii dərəcədə qalın olması səbəbi ilə qaranlıqdır. Buludu təşkil edən su və buz hissəciklərinin miqdarı çox olduğu üçün günəş şüaları onu dəlib keçmək imkanı tapa bilmir. Bu qalınlıq səbəbi ilə də buludlar arasından Yer üzünə çox az miqdarda günəş şüası çatır və buna görə də Yerdən baxan adam buludun qaranlıq olduğunu zənn edir. Buludun üst hissələrində isə qaranlıq daha azdır və Yer üzünə yaxınlaşdıqca qaranlıq daha da çoxalır.
Qaranlıq hadisəsindən sonra ayədə diqqət çəkilən göy gurultusu və şimşəyin meydana gəlməsi mərhələləri isə belədir. Yağış buludlarının içində elektrik yükü yığılır. Buludlardakı bu cür elektrik yüklənmə, donma, damcıların bölünməsi kimi proseslər təmas zamanı elektrik yüklənməsinin baş verməsi mərhələlər nəticəsində meydana gəlir. Bu cür elektrik yükünün yığılması araya girən havanın onları təcrid edə bilməyəcək səviyyəyə gəlməsi ilə böyük bir qığılcım şəklində pozitiv və neqativ sahələr arasında boşalır. Əks yüklərlə yüklənmiş iki zona arasındakı gərginlik bir milyard volta çata bilir. Qığılcım buludda da meydana gələ, pozitiv yüklü bir sahədən neqativ yüklü bir sahəyə tərəf iki bulud arasında axa və ya bir buluddan Yer üzünə doğru boşala bilər. Bu qığılcımlar gözqamaşdırıcı şimşək çaxmalarını doğurur. Şimşək xətti boyunca meydana gələn elektrik yükündəki bu qəfil çoxalma çox yüksək hərarətə (10 0000 C) səbəb olur. Bunun nəticəsində havada ani bir genişlənmə baş verir və çox böyük bir partlayış səsi şəklində üzə çıxan göy gurultusu yaranır.
Göründüyü kimi, bir yağış buludunda ardıcıllıqla qaranlıq təbəqələr, şimşək kimi tanıdığımız elektrik yüklü qığılcımlar və göy gurultusu kimi qəbul etdiyimiz partlayış səsi meydana gəlir. Müasir elmin buludların meydana gəlməsi, göy gurultusunun və şimşəyin səbəbləri ilə bağlı söylədiklərinin hamısı Quranın müvafiq ayələrinin bütün mahiyyəti ilə tam uyğunluq təşkil edir.