Qədim qövmlər… Hz.Adəmdən etibarən hz. Musanın, hz.İsanın, hz.İbrahimin, hz.Lutun, hz.Yunisin, hz.Yusifin və Peyğəmbərimiz hz.Muhəmmədin (səv) dövründən bu yana milyonlarla insan yaşadı bu dünyada. Hamısının içində dərin imanlı olan, Allah’a qəlbən bağlı olan, ixlasla peyğəmbərlərin yolundan gedən insanlar vardı. Qürurla baş qaldıran, nəfsinə tabe olan və inad edərək peyğəmbərlərin yolundan getməyən insanlar da… Hamısı möhtəşəm gözəllikdə sivilizasiyalar qurdular, gözəl evlər inşa etdilər, göz qamaşdıran bağlarda gəzdilər, ən gözəl saraylarda, taxtlarda oturdular. Lakin şübhəsiz, hər insanın ölümlə qarşılaşma zamanı var. Onlar da özləri üçün qədərlərində müəyyən edilən ölüm anı ilə qarşılaşdılar və bir daha dönməmək üzrə bu dünyadan köçüb getdilər…
Allah hər dövrdə bütlərə sitayiş edən, üsyan edən, təkəbbürlənən insanlara peyğəmbərlər göndərdi, müqəddəs kitablarla və minlərlə ayə ilə onları doğru yola çağırdı. Lakin bu qövmlərdə təkəbbür o qədər güclü idi ki, içlərindən çox az insan iman gətirdi. Ona görə də Rəbbimizin həlakına məruz qaldılar.
Lakin orada bir evdən (Lutun ailəsindən) başqa müsəlman (tövhid dinində olan) tapmadıq. (Zəriyət surəsi, 36)
Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. İndi heç onlardan birini görür, yaxud onlardan bir səs-səmir eşidirsənmi? (Məryəm surəsi, 98)
... özlərinə (Allah'ın əzabı ilə) qorxudan bir peyğəmbər gələcəyi təqdirdə hər hansı ümmətdən daha artıq doğru yolda olacaqları barədə Allah'a çox möhkəm and içmişdilər. Amma onlara belə bir peyğəmbər gəldikdə bu ancaq onların nifrətini artırdı. (Bu isə onların) yer üzündə təkəbbür göstərmələri və pis əməlləri ucbatından idi. Pis əməl, ancaq onun öz sahibinin başında çatlayar. Məgər onlar Allah'ın adəti üzrə (özlərindən) əvvəlkilərin düçar olduqları müsibətlərimi gözləyirlər? Sən Allah'ın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan! (Fatir surəsi, 42-43)
Hər dövrdə özünü əvəzedilməz hesab edən, kiçik dağları mən yaratdım havasında olan, şeytana qulaq asdıqca daha da təkəbbürlənən, özünü üstün görən, qürurlandıqca qürurlanan insanlar yaşadı. Aralarında neçə-neçə elm adamları, sənətkarlar, dövlət adamları, dünyanı idarə edən hökmdarlar, bir sözü ilə minlərlə ordunu idarə edən komandirlər vardı. Aralarında gözəllikləri, ehtişamları, heybətləri ilə hər kəsi heyran qoyan insanlar vardı. Aralarında zəkaları ilə insanların həyatını tamamilə dəyişdirən kəşflərə imza atan ixtiraçılar vardı. Ama nəticə heç bir zaman dəyişmədi. Hazırda qəbirlər bu insanlarla doludur. Heç biri ölümdən qaça bilmədi, heç biri qədərlərində müəyyən edilən ölüm anını bir an belə irəli çəkə bilmədi. Heç biri dünyadakı ömrünü bir gün belə uzada bilmədi. Hamısı çox dəyər verdikləri bədənlərini, mallarını, mülklərini, ailələrini, kariyeralarını, torpaqlarını, saraylarını tərk edib təkbaşına Allah'ın hüzuruna çıxdı.
Hər bir kəs ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzzdən (əyləncədən) başqa bir şey deyildir. (Ali İmran surəsi, 185)
Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimiz (var-dövləti, əhli-əyalı) arxanızda (dünyada) qoyub gəlmisiniz. Artıq sizin (vaxtı ilə) öz aranızda Allah'ın şərikləri iddia etdiyiniz şəfaətçilərinizi görmürük. Artıq aranızdakı (rabitə) qırılmış və (Allah'a şərik) iddia etdikləriniz (bütlər) də sizdən (uzaqlaşıb) qeyb olmuşdur.(Ənam surəsi, 94)
Bu dünyada mərhəmət, şəfqət, ağıl, düzgünlük, təvazökarlıq, iman daim qalib gəlir. Amma zülm, qəddarlıq, eqoizm, qürur və təkəbbür həmişə məğlub şəkildə yaradılır. Yaşadığımız dövrdə də keçmiş dövrlərdə olduğu kimi, hər ölkədə görkəmli insanlar var. Dünya Allah'ı unudub pula, gücə, iqtidara sitayiş edən insanlarla doludur. Amma bu insanların da keçmiş dövrlərdə yaşayan insanlarla çox vacib bir ortaq cəhəti var. Bunlar da eynilə digərləri kimi əsas gücün, qüdrətin, əzəmətin Allah'a aid olduğunu heç düşünmürlər.
Özlərində yalnız Allah'ın sonsuz ağlından, sonsuz gözəlliyindən, sonsuz elmindən kiçik bir parça olduğunun fərqində belə deyillər. Allah'ın özlərinə verdiyi bir parça ağılla, zənginliklə, gözəlliklə lovlağanırlar. Amma necə gülünc vəziyyətə düşdüklərinin şüurunda deyillər.
Bütün kainatı qüsursuz yaradan Rəbbimizin əbədi qalacağını, amma özlərinin hər şeylərini tərk edib bir gün mütləq torpağın altına girəcəklərini unudurlar. Çox dəyər verib təkəbbürləndikləri bədənlərinin torpaqda çürüyəcəyini bilmirlər.
Onlar üçün də vəziyyət heç dəyişməyəcək. Onlar da eynilə digərləri kimi bu dünyadan sanki heç yaşamamışcasına köçüb gedəcək. Onlar da milyardlarla insan kimi çox sadə, aciz şəkildə Allah'ın hüzuruna çıxacaq. Digər insanlar onların inşa etdikləri sarayların, yolların, körpülərin üzərindən keçib gedəcək. Heç kim onların adını xatırlamayacaq, heç kim onların bu dünyadan köçüb getdiyini anlamayacaq. Onlar da bu dünyadan gəlib keçən milyardlarla insanın arasına qarışacaq.
Bu dünyanın sonu təkəbbürlənənlər üçün sonsuz əzab yurdudur. Cəhənnəm isə dəlicəsinə susamış şəkildə lovğalananları, Allah'a qarşı təkəbbür göstərənləri gözləyir. İnsanın ən böyük ağılsızlığı bu qədər aciz olduğu, bütün güc və qüdrətin Allah'a aid olduğu halda, şeytana aldanıb təkəbbürlənməsidir. Şübhəsiz ki, öldükdən sonra hər kəs kimi içinə düşdüyü bataqlığın fərqinə varacaq, amma artıq geriyə dönüş əsla mümkün olmayacaq.
Allah'dan başqa heç bir ilah yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allah'ın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allah'ın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə surəsi, 255)
De: “Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən! (Ali İmran surəsi, 26)
Unutmayın ki, təkəbbürlənən, lovğalanan və günlərini ziyanla keçirən milyonlarla insanın yanında çox təvazökar, Rəbblərinə boyun əymiş, ixlasla Allah’a yönəlmiş səmimi qullar da var. Onlar bu dünyanın bir göz qırpımında gəlib keçdiyini çox yaxşı dərk edirlər. Gecə-gündüz Allah'ın rizası üçün ixlasla cəhd edir, Adn cənnətlərinə girmək üçün yarışırlar. Harada olsanız da, dünyanın hansı şəhərində yaşasanız da, siz də bu saleh möminlərin arasına daxil olun. Çünkü onlar cənnətin mirasçılarıdır. Onlar bu dünyada cəhd edərkən cənnətin ən gözəl köşkləri onlar üçün hazırlanır.
Siz də bu saleh möminlər kimi dünya həyatının keçiciliyini anlayın və axirət üçün çalışın. Rəbbimizin çox əsirgəyən və bağışlayan olduğunu, bütün qullarına qarşı çox şəfqətli olduğunu və tövbə qapısının hər zaman açıq olduğunu unutmayın. Nə yaxşı ki, bizi əsirgəyən və bağışlayan bir Rəbbimiz var. Nə yaxşı ki, bütün qullarına sevgi və mərhəmətlə davranan, şükürün, ixlasla edilən saleh əməlin qarşılığını əskiksiz olaraq verən bir Rəbbimiz var.
Adnan Oktarın Arab News & Muslims Today & Islam.ru-da nəşr olunan məqaləsi: