Böyümə hormonu
ucgen

Böyümə hormonu

2304

Təxminən 3 kq ağırlığında və 50 sm boyunda yeni doğulan bir körpənin 20-25 il ərzində 80 kq ağırlığında 1.80 m hündürlüyündə yetkin bir insan olmasını təmin edən nədir?

Bu sualın cavabı hipofiz vəzindən ifraz olunan möcüzəvi bir molekulda – böyümə hormonunda gizlidir.

Böyümə əməliyyatı iki şəkildə reallaşır. Bəzi hüceyrələr həcmlərini artırırlar. Bəzi hüceyrələr də bölünərək çoxalırlar. Bu iki əməliyyatı da təmin edən və idarə edən böyümə hormonudur.

Böyümə hormonu hipofiz vəzindən ifraz olunur və bütün bədən hüceyrələrinə təsir edir. Hər hüceyrə hipofiz vəzindən özünə gələn mesajın mənasını bilir. Əgər böyüməsi lazımdırsa, böyüyür, bölünərək çoxalması lazımdırsa, çoxalır.

Məsələn, yeni doğulmuş bir körpənin ürəyi yetkin insanın ürəyinin təxminən 1/16-i qədərdir. Böyümə hormonu inkişaf dövründə ürək hüceyrələrinə bir-bir təsir edir. Hər hüceyrə böyümə hormonunun əmr etdiyi qədər inkişaf edir. Beləliklə, ürək də böyüyərək yetkin insan ürəyi halına gəlir.

Sinir hüceyrələrinin çoxalması da körpə hələ ana bətnində olarkən, VI ayın sonunda bitir. Bu mərhələdən doğuşa və doğuşdan yetkinliyə qədər olan dövrdə sinir hüceyrələrinin sayı sabit qalır. Böyümə hormonu sinir hüceyrələrinə də böyümələrini əmr edir. Beləliklə, sinir sistemi böyümə çağının bitməsi ilə birlikdə son halını alır.

Bədəndə olan digər hüceyrələr (məsələn, əzələ və sümük hüceyrələri) inkişaf dövrü boyu bölünərək çoxalırlar. Bu hüceyrələrə nə qədər bölünmələrinin lazım olduğunu bildirən də yenə böyümə hormonudur.

Bu vəziyyətdə belə sual meydana çıxır:

Hipofiz vəzi hüceyrələrin bölünməsi və ya böyüməsi üçün lazım olan düsturu bilirmi? Bu, çox möcüzəvi hadisədir. Çünki noxud böyüklüyündə bir ət parçası bədəndə olan bütün hüceyrələrə hökm verir və bu hüceyrələrin həcmini böyüdərək və ya bölünərək böyümələrini təmin edir.

Meydana çıxan başqa bir sual isə belədir: Bu ət parçası belə bir vəzifəni niyə yerinə yetirir? Bu hüceyrələr nə üçün digər hüceyrələrə bölünmələrini əmr edən mesaj göndərir?

Məhz bu məqamda Allahın yaratmasındakı mükəmməllik bir daha ortaya çıxır. Kiçik bir nayihədə olan hüceyrələr trilyonlarla hüceyrənin müəyyən nizam içində bölünmələrini və böyümələrini təmin edirlər. Halbuki, bu hüceyrələrin insan bədənini xaricdən görmələrinə, bədənin nə qədər böyüməsi və hansı mərhələyə gəldiyində dayanacağını bilmələrinə imkan yoxdur. Bu şüursuz hüceyrələr qaranlıq bədəndə böyümə hormonu istehsal edir və istehsalı nə zaman dayandıracaqlarını da bilirlər. Elə qüsursuz bir sistem yaradılmışdır ki, böyümənin və bu hormonun ifraz olunmasının hər mərhələsi nəzarət altındadır.

Böyümə hormonunun bəzi hüceyrələrə həcmlərini böyütmələrini, bəzi hüceyrələrə də bölünərək çoxalmalarını əmr etməsi ayrı bir möcüzədir. Çünki hər iki hüceyrəyə çatan hormon bir-birinin nüsxəsidir. Ancaq əmri alan hüceyrənin genetik şifrəsində onun necə hərəkət edəcəyi yazılmışdır. Böyümə hormonu böyümə əmrini verir. Bunun necə ediləcəyi isə o hüceyrənin içində yazılmışdır. Bu da insan bədəninin hər nöqtəsinin yaradılışındakı qüdrət və ehtişamı bir daha isbat edir.

Burada əhəmiyyətli bir məqam daha var: böyümə hormonunun bütün bədən hüceyrələrinə təsir etməsi də çox böyük möcüzədir. Bəzi hüceyrələr böyümə hormonuna itaət edərkən, bəzi hüceyrələrin bu hormona üsyan etmələri xoşagəlməz nəticələlərə səbəb olardı. Məsələn, ürək hüceyrələri böyümə hormonunun əmr etdiyi şəkildə böyüyərkən, döş qəfəsi hüceyrələri çoxalmağı və böyüməyi inkar etsəydilər, böyüyən ürək kiçik qalan döş qəfəsi içində sıxılar, bu da insanın ölümü ilə nəticələnərdi.

Ya da burun sümüyü böyüyərkən burun dərisi böyüməsini dayandırsa, burun sümüyü burun dərisini yararaq çölə çıxardı. Əzələlərin, sümüklərin, dərinin və orqanların bir-birlərinə uyğun şəkildə böyümələri hər hüceyrənin bir-bir böyümə hormonuna itaət etməsi sayəsində qüsursuz şəkildə təmin edilir.

Böyümə hormonu sümüklərin ucundakı qığırdaq toxumasının inkişafı üçün də əmr verir. Bu qığırdaq yeni doğulan körpə kimidir. O, böyüməsə, körpə də böyüyə bilməz. Burada olan hüceyrələr sümüyü uzununa böyüdürlər. Bəs bu hüceyrələr sümüyün uzununa böyüməsinin lazım olduğunu haradan bilirlər? Əgər bu sümük yana doğru böyüsə, qıç uzana bilməz, hətta qıç sümüyü bu nayihədə dərini yararaq çölə çıxar. Ancaq uca Rəbbimiz insan bədənindəki hər detalı və məlumatı hər hüceyrənin nüvəsində yerləşdirmişdir. Beləliklə, sümüklər uzununa böyüyürlər.

Böyümə hormonunda nəzərə çarpan başqa bir möcüzə də bu hormonun ifraz olunduğu dövr və miqdarla əlaqədardır. Böyümə hormonu tam lazım olan miqdarda və ən çox da böyümə mərhələsində ifraz olunur. Bu, çox əhəmiyyətli bir möcüzədir. Çünki ehtiyac duyulandan az və ya çox hormon ifraz olunması olduqca təhlükəli nəticələr ortaya çıxara bilər. Əgər böyümə hormonu az ifraz olunsa, liliputluğa, çox ifraz olunsa, nəhəngliyə gətirib çıxarar.

Buna görə, bədəndə böyümə hormonunun ifraz olunma miqdarını təşkil edən xüsusi bir sistem yaradılmışdır. Bu hormonun ifraz olunma miqdarına hipofiz vəzisinin idarəçisi sayılan hipotalamus qərar verir. Böyümə hormonunun ifraz olunmasına ehtiyac olanda hipofizə böyümə hormonu ifraz etdirici hormon (GHRH) göndərir. Qanda lazım olandan çox böyümə hormonu olduqda hipotalamus hipofizə bir mesaj (somatostatin hormonu) göndərərək, böyümə hormonunun ifraz olunmasını yavaşladır.

Hipotalamusu meydana gətirən hüceyrələr qanda nə qədər böyümə hormonunun olmasını haradan bilirlər? Necə olur ki, qanda olan böyümə hormonunun miqdarı ölçülür və vəziyyətə görə qərar verilir? Bu vəziyyətin nə qədər böyük bir möcüzə olduğunu anlamaq üçün bu nümunə üzərində düşünək:

Bir insanı xüsusi bir cihazın köməyi ilə milyardlarla dəfə (insan bir hüceyrə ölçüsünə enənə qədər) kiçiltdiyimizi fərz edək. Bu insan xüsusi kapsulaya yerləşdirilib hipotalamus nayihəsində olan hüceyrələrdən birinin yanında yerləşdirilsin. Onun vəzifəsi qarşısından keçən kapilyarın içində olan böyümə hormonu molekullarını saymaqdır. Bu molekulun sayında azalma və ya artım olsa, bunu da təsbit etsin. Məlumdur ki, qan mayesinin içində minlərlə müxtəlif maddə var. Bir insanın önünə qoyulan şəklin böyümə hormonuna, yoxsa başqa bir maddəyə aid olduğunu bilməsi (əgər bu sahədə mütəxəssis deyilsə) qeyri-mümkündür. Ancaq hipotalamusa yerləşdirdiyimiz insan milyonlarla molekulun içindən böyümə hormonlarını mütləq tanımalıdır. Bu hormonun miqdarına da hər an nəzarət etmək məcburiyyətindədir.

Bir insan üçün olduqca çətin görünən bu vəzifəni şüursuz hipotalamus hüceyrələri necə yerinə yetirirlər? Hər an qanda olan böyümə hormonunun miqdarını necə ölçürlər? Böyümə hormonunu digər molekullardan necə ayırd edirlər? Bu hüceyrələrin molekulları tanımalarını təmin edən gözləri, vəziyyəti qiymətləndirən beyinləri yoxdur. Onlar ancaq Allahın qurduğu sistem içində özlərinə əmr edilən vəzifəni qüsursuz yerinə yetirirlər. Bu qüsursuz sistem sayəsində insan çox mütənasib, estetik bir bədənə və orqanlara sahib olur. Allah yaratdığı hər şey kimi, insanı da mükəmməl xüsusiyyətlərlə birlikdə var etmişdir:

 O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Hakimdir. (Həşr surəsi, 24)
PAYLAŞIN
logo
logo
logo
logo
logo