Bundan 4 il əvvəl bəlkə də bəziləri həkim, bəziləri müəllim, bəziləri mühəndis idi. Özlərinə məxsus evləri, avtomobilləri vardı. Uşaqlarını yaxşı məktəblərdə oxutdururdular. Hamısının gələcəyə dair planları vardı. Ancaq müharibənin baş verməsi ilə bütün planları alt-üst oldu. Bu insanlar həyatda qala bilmək üçün vətənlərini tərk etdilər. Həm də hər şeylərini arxada qoyaraq. Bombalardan, silah səslərindən qaçdılar. Tək istədikləri yaşamaq, həyatda qalmaq, övladlarını o zülumdən xilas etmək idi.
Düz 4 ildir ki, Suriyada vəhşilik davam edir. Yenə bir Ramazan gəldi. Bütün bərəkəti və gözəlliyi ilə.
Müsəlman aləmi sevinc içindədir, amma hüzünlü sevinc var qəlblərdə. Müharibəni tərk edənlərin qəlblərində evlərindən uzaqda olmağın kədəri var, onlara qapılarını açanların qəlbində isə lazımınca baxa bilirsinizmi, evlərindəki kimi hiss etdirə bilirsinizmi sualı...
Bəs Suriyada qalanlar? Onlar müharibənin soyuq tərəfi ilə daim üz-üzədirlər. Bomba səslərinin, güllə səslərinin yaratdığı psixoloji gərginliklə yanaşı, ölkədə olan yoxsulluq və səfalət bu Ramazan ayında da bütün gücü ilə davam edir. İnsanlar humanitar təşkilatların göndərəcəyi yardımlara möhtac şəkildə həyatlarını davam etdirirlər.
Ramazanın sanki bir simvolu halına gələn yemək növbələri Suriyada yoxdur. İftar vaxtına yaxın Suriyadakı sobalardan dadlı yemək qoxuları gəlmir. Çünki Suriya dağıntılar altındadır. Hər yer viran, hər yer bərbad, hər yer qaranlıq, hər tərəf toz-duman içindədir. Yemək bişirəcək nə soba var, nə də ərzaq. İnsanlar içməli su tapmaqda belə çətinlik çəkir. Balaca suriyalı uşaqlar əllərində öz boyları boyda su kanistrları ilə su almaq üçün saatlarla növbədə gözləyirlər. Öz yaşıdları başqa ölkələrdə əllərində avtomatik su aparatlarının qarşısında istədikləri suyu özləri seçərkən...
Ramazanın ən böyük gözəlliklərindən biridir. İftar olduğu zaman məscid minarələrinin işıqları yanır. Sadəcə Ramazan ayına xas bir ənənədir bu. Amma Suriyada iftar vaxtını anlamaq üçün məscid işıqlarının yanıb-yanmadığına nəzarət etmir insanlar. Çünki Suriyada məscidlərdə nə işıq yanır iftar vaxtı, nə azan oxunur, nə də ibadət edilə bilir. Suriyada zalım qüvvələr əsasən elə ibadət yerlərini bombalayır... Bombardmanlar nəticəsində yüzlərlə məscid istifadəyə yararsız hala gəlib...
Sahur vaxtı yatanları oyatmaq üçün məhəllə-məhəllə gəzən Ramazan davulcuları yoxdur Suriyada... Sonra qapı-qapı gəzib bəxşişini istəyən davulcular... Ramazan boyu insanlar yataqlarından davul səsi ilə deyil, bomba səsləri ilə oyanırlar. Sahur vaxtı Ramazan davulunun insan ruhunda yaratdığı sevinc, həyacan, coşğu əvəzinə, bombaların yaratdığı qorxu, narahatlıq, gərginlik hakimdir Suriyada.
İftar vaxtında atılan toplar Ramazanın bəzəyidir. O səs iftar olduğunu xəbər verir insanlara. Top atılma səsi sevincli bir səsdir və Ramazana xasdır. Suriyada eşidilən tək səs isə göydən başlarına yağan bomba səsləridir. Can alan, qan axıdan bombaların səsləri.
Suriyada qalanlar on bir ayın sultanı Ramazanı məhz bu şəkildə keçirirlər. Ancaq imkansızlığa baxmayaraq, eşqlə, şövqlə ibadətlərini yerinə yetirməyin əzmi var insanların qəlbində.