Quranı yaxşı bilən zəkalı və təcrübəli bir insan başqalarının dinlə bağlı səhv və nöqsanlarını ən kiçik incəliyinə qədər düzəldə, bu məsələdə onlara nəsihət verə, xəbərdarlıq edə bilər. Bu, müsbət bir haldır, lakin bu, insana həmin səhv və günahları özünün də etməsinə haqq qazandıra bilməz. Əksinə, insan başqalarına verdiyi nəsihətdən özü də ibrət almalı və həmin səhvləri etməməyə diqqət yetirməlidir. Yoxsa başqalarına verdiyi nəsihət əcr deyil, axirətdə onun əleyhinə bir dəlil kimi çıxar.
Başqasının səhvini üzə çıxara bilən bir insanın eyni səhvi öz nəfsində üzə çıxara bilməməsi kimi bir hal mümkün deyil. Əlbəttə, o, öz səhvlərini və günahlarını da bilir. Bu isə onun qeyri-səmimi olduğunu göstərir. Məsələn, yalançı birinin insanları doğruluğa, riyakar birisinin insanları səmimiyyətə, namaz qılmayan birisinin isə insanları namaz qılmağa çağırması çox böyük qeyri-səmimilik və ikiüzlülükdür. Yuxarıdakı ayənin sonunda belə insanların « məgər başa düşmürsünüz?» sözləri ilə xəbərdar edilmələri də, dediklərinin ən əvvəl özlərinin yerinə yetirmələrinin lazım olduğunu bildirir.
Belə ikiüzlü hərəkətlərin əsasını insanlar üzərində mənəvi üstünlük əldə etmək, hörmət edilən, çəkinilən, sözü dinlənilən, sözükeçən bir insan olmaq kimi Qurandan kənar azğın düşüncələr təşkil edir. Əlbəttə, belə davranan insanın əsas məqsədi Allahın hökmlərinin, dinin maraqlarının qorunması, batilin yox olması, möminlərin səhv və günahlarının düzəlməsi deyil. Onun bu xəbərdarlıqları həmin səhvlərin işlənməsi məsələsindəki həssasiyyətindən və Allah qorxusundan irəli gəlsəydi, şübhəsiz ki, eyni səhvləri etməkdən ən çox özü çəkinərdi. Belə insanlar möminlərin səhv və günahlarını özlərinin məqam, vəzifə və etibar qazanmaları üçün böyük bir fürsət sayırlar. Halbuki dini mövzulardan, Quranda bildirilən hökmlərdən bu cür nəfsi hörmət və etibar qazanmaq üçün istifadə etmək həmin insanı axirətdə böyük bir fəlakətə apara bilər.
Özündə olan bir səhvi başqa mömin qardaşında da gördüyü zaman mömin insanın edəcəyi ən doğru və səmimi hərəkət ona ən əvvəl eyni səhvin özündə də olduğunu demək, bununla bağlı daim bir-birinə xəbərdarlıq edərək, ortaq səhvlərini düzəltməkdə bir-birini dəstəkləmək və təşviq etməkdir.