BAİS - Göndərən (peyğəmbər), oyandıran, dirildən
ucgen

BAİS - Göndərən (peyğəmbər), oyandıran, dirildən

756
Allah`ı necə inkar edirsiniz ki, siz ölü idiniz, O, sizi diriltdi. O, sizi yenə öldürəcək, sonra yenə də dirildəcək və daha sonra siz Ona tərəf qaytarılacaqsınız. (Bəqərə surəsi, 28)
 
Şübhəsiz, yer üzündə indiyədək yaşayan və bundan sonra da yaşayacaq bütün insanlar ölümlüdür. Hər kəs bir gün öləcək və məzara qoyulacaq. Ancaq bu açıq-aşkar gerçəyə baxmayaraq, insanların böyük əksəriyyəti ölümü düşünmür və məzara qoyulduqdan sonra təkrar dirildiləcəklərini də görməzlikdən gəlirlər. Quranda bu şəxslərin vəziyyəti belə xəbər verilir:
 
Deyirlər: “Doğrudanmı, biz əvvəlki vəziyyətimizə qaytarılacağıq?! Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!” (Naziat surəsi, 10-11)
 
Quranda insanların qəflətlə soruşduqları bu suala ən açıq şəkildə cavab verilir:
 

Öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” – deyə, hələ Bizə bir məsəl də çəkdi. De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır! (Yasin surəsi, 78-79)

 
Yuxarıdakı ayələrdə də bildirildiyi kimi,  Allah bütün insanları ilk dəfə yaradandır. Gəlmiş-keçmiş bütün insanları bir-birlərindən fərqli xüsusiyyətlərlə yaratmışdır. Belə ki, bu gün bilindiyi kimi, hər insanın barmaq ucuna qədər bir çox xüsusiyyəti digər insanlardan fərqlidir. Şübhəsiz, onları ilk dəfə yaradan Allah ikinci dəfə və hətta sonsuz sayda eyni şəkildə yaratmağa qadirdir. Necə ki, Allah bunun dəlillərini bizlərə yer üzünün dirilməsində göstərir.
 
Ətrafımıza baxdığımız zaman hər payız bütün təbiətin “öldüyünə” şahid oluruq. Bu “ölüm” bütün qış mövsümü ərzində davam edir. Ancaq yaz gəldiyi zaman ağacların qupquru olmuş budaqlarında yenidən rəngarəng çiçəklərin, yamyaşıl yarpaqların çıxdığını, bütün təbiətin canlanaraq yaşıllandığını görürük. Üstəlik, bu “ölümdən sonra diriliş” minlərlə ildir heç dayanmadan davam edir. Belə ki, insanın ölümündən sonra dirilişi də Allah üçün bu dərəcə asandır. İnsanın dirildilməsi ilə təbiətin dirildilməsi arasındakı bu bənzərliyə Allah ayələrində belə diqqət çəkmişdir:
 

(Allah) ölüdən diri, diridən də ölü çıxardır, öləndən sonra torpağı dirildir. Siz də belə çıxardılacaqsınız. (Rum surəsi, 19)

 

Sən Allah`ın rəhmətinin əsər-əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Doğrudan da O, ölüləri dirildəndir. O, hər şeyə qadirdir! (Rum surəsi, 50)

 
Allah`ın Bais sifətinin bir başqa mənası da peyğəmbər göndərəndir. Allah insanlara xəbərdarlıq edən, qorxudan, müjdə verən elçilər göndərmiş və onları doğru yola dəvət etmişdir. Elçilərindən bəzisinə insanları qaranlıqdan işığa çıxaracaq kitablar vəhy etmişdir. Şübhəsiz, bu, Allah`ın insanlara böyük bir lütfüdür. Quranda belə buyurulur:
 

İnsanlar tək bir ümmət idi. Allah müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki, (kitab) verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları (məsələlərdə) haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər. (Bəqərə surəsi, 213)

 

Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allah`ın) ayələrini oxuyan, onları təmizləyən, onlara kitabı və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki, bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər. (Ali-İmran surəsi, 164)

PAYLAŞIN
logo
logo
logo
logo
logo