Hyustonda Beylor Universiteti Tibb fakültəsindən iki elm adamı göyərçinlərin beynində dünyadakı maqnit sahələrini qavrayan
neyronlar olduğunu kəşf edib. Quşların dünyadakı maqnit sahələrinin yerini qavradıqları 1960-cı ildən etibarən məlumdur. “Magnetoreception” adlandırılan bu xüsusiyyətin necə işlədiyi isə hələ açıqlanmamışdır. “Discover” jurnalında dərc edilən xəbərə görə, ABŞ-dakı Beylor Universiteti Tibb fakültəsində Le-Qinq Vu və Devid Dikman adlı elm adamları göyərçinlər üzərində apardıqları tədqiqat nəticəsində bu heyvanların beyinlərində yer üzündəki maqnit sahələrini şifrələyən 53 neyron kəşf ediblər. “Maqnetik qavrama” mənasını verən “magnetoreception” mexanizminin araşdırılması üçün mühüm addım hesab edilən elmi fəaliyyət nəticəsində beyinin hansı hissələrinin bu mexanizmin işləməsində rol oynadığı üzə çıxarılıb. Ancaq Vu və Dikman əldə etdikləri məlumatların “magnetoreception” tapmacasının cavabını tapmağa kifayət etmədiyini, hətta vəziyyəti daha da mürəkkəbləşdirdiyini bildiriblər. İndiyə qədər quşların maqnit sahələrini qavramasını təmin edən detektorların gözlərində və dimdiklərində olduğu güman edilirdi. Ancaq son tədqiqat sözügedən neyronlarla bu iki üzv arasında heç bir əlaqə olmadığını göstərir.
Genlər beyin və hafizənin yaşlanmasına da təsir edir.
Beyin və hafizənin yaşlanmasına yol açan genlər ilk dəfə müəyyən edilib. Beynəlxalq tədqiqat qrupunun apardığı iki tədqiqat beyinin hafizə və istiqaməti müəyyən etmədə rol oynayan hipokampus bölgəsindəki gen mutasiyalarının beyinin yaşlanmasının sürətlənməsi ilə əlaqədar olduğunu göstərib.
“Nature Genetics” jurnalında da dərc edilən tədqiqatlarda bu mutasiyaların beyinin təqribən 4 il tez yaşlanmasına səbəb olduğu bildirilib.
Tədqiqatlarda 56-84 yaşlı 9000-dən çox insanın genləri tədqiq olunub və 4 gendəki bəzi mutasiyaların hipokampusun yaşlanmasını sürətləndirdiyi məlum olub. Kaliforniya Universitetindən Çarlz DeKarli hipokampusun yaşlandıqca kiçildiyini, ancaq bu kiçilmə sürətləndikcə Alçheimer xəstəliyinə tutulma riskinin artdığını vurğulayıb. DeKarli “bu genlərin hipokampusun inkişafına və yaşlanmasına necə təsir etdiyini aşkar etdikdə bunun yaşlılıqla əlaqədar hafizə itkisini gecikdirmə və bəlkə də Alçheimer kimi xəstəliklərin təsirini azaltmaqda faydalı olacağını” bildirib.