Tarix kitabları I Dünya Müharibəsinin başlanğıcı olaraq Avstriya-Macarıstan vəliəhdi hersoq Frans Ferdinandın Sarayevoda qətlə yetirilməsini göstərir. Həqiqətən də, Serbiya anarxisti Qavrilo Prinsipin bu hərəkətindən təkcə bir neçə həftə sonra bütün qitəni əhatə edən müharibə başladı. Əlbəttə, bu miqyasda bir müharibə üçün sui-qəsd ancaq bəhanə idi. Əsrin əvvəlindən etibarən istər Antanta dövlətləri, istərsə də İttifaq dövlətləri müharibəyə hazırlaşırdı. İki tərəf də silahlanma yarışına girmiş, dünya sürətlə qütbləşməyə başlamışdı. Qəzəbli komandirlər, gənc dövlət xadimləri ölkələri qütbləşdirir, tərəflərin müəyyən olunmasını təhrik edirdilər. Sui-qəsd ancaq Avropanı dağıdıb tökəcək müharibə alovunun fitili oldu.
Bu gün tarixçilər "müharibənin olacağı əsrin əvvəlindən məlum idi" deyə şərh verirlər. Lakin müharibənin sürətlə yaxınlaşdığı başa düşülməsinə baxmayaraq, heç kim müharibəni dayandıracaq bir addım atmadı. Nəticədə milyonlarla məsum avropalı can verdi və qitənin ən mühüm şəhərləri dağıdıldı. Dünya 30 il davam edən müharibə girdabına düşdü.
Bu gün keçmişi dəyərləndirərkən vaxtında alınacaq tədbirlərlə mümkün müharibənin asanlıqla qarşısının alına biləcəyi daha yaxşı görünür. Daha da əhəmiyyətlisi müharibələrin pərdəarxası güclər və axan qanlardan istifadə edənlər müəyyən edilə bilər. Lakin I Dünya Müharibəsindən sonra 100 il keçməsinə baxmayaraq, bəşəriyyətin baş verənlərdən dərs çıxardığını söyləmək o qədər də mümkün deyil. Oxşar hadisələr gözümüzün qabağında baş verməsinə baxmayaraq, insanlar hələ də özlərini hadisələrin axışına verir və bu istiqamətdə gedirlər.
I Dünya Müharibəsindən 100 il sonra bu gün, xüsusilə, bəzi müsəlman ölkələri qaynar müharibənin içinə düşüb. Liviya, Suriya, Yəmən, Əfqanıstan, İraqda vətəndaş müharibəsi gedir. Misir və Pakistan çevrilişlərlə boğuşur. Türkiyədəki çevriliş cəhdinin qarşısı xalqın müqaviməti ilə alındı. İran illərlə embarqo altında qaldı. Regiona geosiyasi olaraq yaxın olan ölkələrdə də oxşar vəziyyət hakimdir. Rusiya ağır sanksiyalar altındadır. Ukraynada vətəndaş müharibəsi davam edir. Gürcüstan və Qırğızıstan narıncı inqilablarla sarsıldı. Ərəb yarımadası isə Qətər böhranı ilə iki hissəyə bölündü.
Bütün bu qarışıqlıqdan sonra İŞİD-lə mübarizə adı altında koalisiya təyyarələri müsəlman şəhərlərini dağıdırlar. Aralıq dənizi hərbi gəmi və təyyarələrlə dolub. Orta Şərqi parçalayan xəritələr ard-arda yayımlanır. I Dünya Müharibəsi ərəfəsindəki qütbləşmə, silahlanma yarışı, ölkələri ələ keçirmək səyləri sanki qorxulu filmin təkrarı kimi bir-bir baş verir. ABŞ-ın son dövrdə Şimali Suriyada PYD-yə etdiyi silah yardımı 1000 tırı keçib. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bir-birinin ardınca yeni silah alma müqavilələri imzalayıblar. Bölgə sanki bütün dünyanı içinə çəkəcək bir müharibəyə doğru sürüklənir.
2016-cı ilin baharından başlayaraq bölgədə müharibənin qarşısını ala biləcək hadisələr baş verdi. İlk əvvəl təkləmək istənilən Türkiyə və Rusiya arasındakı gərginlik sona çatdı. Rusiya-Türkiyə İttifaqı İranın da daxil olması ilə Suriya məsələsində rasional çözüm addımları atmağa başladı. Astana danışıqları sayəsində Suriyada 5 ildir davam edən vətəndaş müharibəsi az da olsa, səngidi. Qətər böhranında də bu İttifaq münaqişənin böyüməsini əngəllədi.
Bu gün regionda iki yeni müharibə fitili yandırmaq istəyirlər. ABŞ İŞİD-ə qarşı müharibə aparmaq üçün müttəfiqi olaraq gördüyü YPG/PYD-yə böyük silah yardımı edir. Şübhəsiz ki, Suriyada kürd dövləti qurmaq planı bölgədə böyük qarışıqlığa səbəb olacaq, yeni münaqişə və anlaşmaları özü ilə gətirəcək. Hazırda YPG Afrin bölgəsində və şimali Suriyada hakimiyyət boşluğundan istifadə edərək kantonlar elan edir. Şübhəsiz ki, Türkiyənin belə təhlükəli quruluşu qəbul etməsi qeyri-mümkündür. Qaldı ki, Suriyadakı türkmənlər, kürdlər və ərəblər kommunist PYD-nin zülmlərindən əziyyət çəkirlər. Terrorçu qrup silah gücünə hakimiyyəti ələ keçirdikdən sonra bölgə xalqına qarşı saysız-hesabsız qanunsuzluqlar edir. ABŞ terror təşkilatı ilə mübarizə adı altında başqa terror təşkilatını dəstəkləyir. Bu, Suriyanın parçalanmasına səbəb olacaq və bölgəni oda ata biləcək yanlış strategiyadır.
İraqın ərazi bütövlüyünü pozacaq yeni plan da fəaliyyətdədir. Şimali İraq Regional Rəhbərliyi müstəqillik referendumu üçün israr edir. Rusiya, ABŞ və İran daxil olmaqla bir çox dövlətin qarşı çıxmasına baxmayaraq, referendum prosesi sürətlə gedir. Şimali İraqda müstəqil kürd dövlətinin qurulması bölgədə narahatlıqlara səbəb ola bilər. İraq rəhbərliyi buna etiraz edib reaksiya verəcək, parçalanmalar yeni parçalanmalara yol açacaq və üstəlik PKK-nın planını qurduğu Kürdüstan dövlətinə də yaşıl işıq yandıracaqdır.
Dolayısilə Yaxın Şərqdə daha çox parçalanma və qarşıdurmaya yol açacaq hücumların təhlükəli ola biləcəyi görülməli və bu planlardan indiki şərait üçün imtina edilməlidir.
Regionda quruluan ittifaqlar həmişə lehdə olmuşdur və olmağa davam edir. Məsələn, Türkiyə və İranın PYD-nin silahlandırılmasına qarşılıq olaraq PKK və PJAK-a qarşı birgə mübarizə aparmaq qərarına gəldiklərini açıqlaması mühüm hadisədir. Bu ittifaq nəticəsində iki ölkə İraq və Suriyanın şimalını əhatə edəcək, Qəndildən Aralıq dənizinə qədər uzanan kommunist kürd dövlətinə icazə verməyəcəklərini göstərdilər. Bu məsələdə son bir neçə həftədə mühüm hərbi və diplomatik aktivlik oldu. 1979-cu il İran İnqilabından sonra ilk dəfə İran Baş Qərargah rəisi Ankaraya gəldi. Rusiya Baş Qərargah rəisi də bir neçə gün ərzində Türkiyəyə səfər edəcəyini açıqladı. Həmçinin keçən həftə Rusiya S-400 raket əleyhinə müdafiə sistemlərinin Türkiyə ilə satış müqaviləsinin imzalandığı da xəbərlərə əks olundu. Qətərin iştirakı ilə bu ittifaq daha da gücləndi. Bunlar regionda planlaşdırılan müharibə ssenarilərinin qarşısını alacaq mühüm addımlar kimi dəyərləndirilə bilər.
Unudulmamalıdır ki, regionda milyonlarla müsəlman ədaləti və bölgə xalqlarının hüquqlarını qoruyacaq ittifaqı gözləyirlər. Xaricdən gələn qüvvələr, əsasən, prioriteti öz maraqlarına verirlər. Bu eqoist yanaşma Yaxın Şərqə 150 ildir ancaq qan və göz yaşı gətirib. Yaxın Şərq üçün sülhü axtarmayan hər plan dünyanı alova bir addım daha yaxınlaşdırır. Regiona sülh gətirmək naminə atılan addımların sürətlənməsi üçün regionda təsirli olan ölkələrin bölgə xalqını və müharibədən sonra bərpa olunacaq nizamı düşünərək hərəkət etməsi şərtdir. Bunun üçün sülh naminə ağıllı, fədakar, çevik siyasət yürütmək lazımdır. Yaxın Şərqdə əmin-amanlığın qalıcı hala gəlməsi isə fərqli etnik mənşəyə, fərqli məzhəblərə və fərqli dini inanclara mənsub icmaların ortaq məxrəcdə bir araya gəlməsi ilə baş verəcəkdir.
Adnan Oktarın “Eurasia Review”da (Amerika) yayımlanan məqaləsi:
http://www.eurasiareview.com/07092017-alliances-in-the-middle-east-will-end-divisive-policies-oped/