2011-ci ilin mart ayında başlayan Suriya vətəndaş müharibəsi artıq dörd ildir ki, davam edir. Böhran dövründə 190 mindən çox insan həyatını itirdi. 11 milyondan çox insan isə illər boyu yaşadığı evini, torpağını tərk etmək məcburiyyətində qaldı. 7.6 milyona yaxın insan Suriyada sürgün həyatı yaşayır. 4 milyon insan isə özünün və ailəsinin canını qurtarmaq üçün ölkədən qaçmağa məcbur qalıb. Beş il bundan əvvələ qədər indi bu sətirləri oxuyanların həyatından heç də fərqli olmayan bu insanların həyatları başlarına gələn bu qorxunc fəlakət nəticəsində məhv oldu. Bu dəhşətdən xilas ola bilənlər isə bu gün hər şeyə yenidən başlamalıdırlar.
Dörd il davam edən əziyyət və qeyri-müəyyənlik şəraiti
Təxminən 4 il sürgündə yaşayan milyonlarla suriyalı dondurucu dərəcədə soyuq olan qışı aclıq və yoxsulluq içində keçirməyə çalışır. Bu biçarə insanlar həyatlarını yalnız BMT və humanitar yardım təşkilatlarının köməyi ilə xilas edə bilərlər.
Getdikcə çətinləşən qış şəraitində aclıqla yanaşı sığınacaq tapmaq məsələsində də qaçqınlar müxtəlif çətinliklərlə üzləşirlər. Əksəriyyəti uşaq və körpə olan qaçqınların mühüm bir qismi kifayət qədər qida, geyim və yanacaq tapa bilmədiyi üçün çətin keçən qış şəraitinə dözə bilməyərək həyatını itirir.
Bugün suriyalı qaçqınların təxminən 95 %-i , yəni 3.8 milyon insan bölgədəki beş qonşu ölkədə: Türkiyə, Livan, İordaniya, İraq və Misirdə həyatını davam etdirməyə çalışır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bu ölkələrdəki 380 min insanın yenidən bölgələrdə məskunlaşdırılmalı olduğuna ehtiyac duyduğunu açıqladı.
Aİ-nin, qaçqınları bölgədə məskunlaşdırma zamanı etdiyi rüsvayedici davranışı
Yuxarıda sadaladığımız ölkələrdən başqa digər ölkələrin qəbul etdiyi suriyalıların sayı ümumi qaçqınların 2%-dən daha azdır. Avropa İttifaqı ölkələrinin indiyə qədər qəbul etdiyi suriyalı qaçqınların sayı isə olduqca dəhşətli bir rəqəmdir- Yalnız 5000 qaçqın.
Bəşəriyyətə qarşı edilmiş bu rüsvayçılıq qarşısında ötən ilin dekabr ayı 30 qabaqcıl humanitar yardım təşkilatı birgə bəyanat verərək zəngin Qərb ölkələrinin 2015-ci ilin sonuna qədər suriyalı qaçqınların ən azı 5 %-ni, yəni təxminən 160 min insanı qəbul etmələrini istədi. Qaçqınların yenidən məskunlaşdırılmasını öhdəsinə götürən Almaniya humanitar proqramlar, yaxud fərdi dəstək proqramları vasitəsi ilə 28.500 qaçqını qəbul etməyə söz verdi.
2014-cü ildə Birləşmiş Millətlərin qaçqınlar üçün bölgəyə yardım çağırışı çərçivəsində tələb etdiyi 3.74 milyon dolların 2014-cü ilin 18 noyabrında yalnız 53 %-i çatdırıldı.
Beynəlxalq ictimaiyyətin Suriya böhranına göstərdiyi diqqət olduqca zəifdir
Bugün Suriyada, yaxud Suriyadan kənar bölgələrdə sürgün həyatı yaşayan 10.8 milyon insanın təcili humanitar yardıma ehtiyacı var. Amma Suriya böhranına göstərilən beynəlxalq dəstək və diqqət olduqca zəifdir. Zəngin ölkələrin buradakı zərər çəkmiş insanlara göstərdiyi yardım da olduqca az, hətta demək olar ki, yox dərəcəsindədir. Yüksək inkişaf etmiş ölkələr bugünə kimi 79 min 180 insanın məskunlaşdırılması ilə bağlı söz verib.
Bölgədə baş verən insanlıq dramını gündəmə gətirmək üçün Beynəlxalq Amnistiya Təşkilatı #OpenToSyria adlı yeni bir kampaniya başlatdı. Kampaniyanın başladılmasında məqsəd daha çox suriyalı qaçqının qəbul edilməsi üçün yenidən məskunlaşdırma və digər humanitar proqramlar vasitəsi ilə dünya ictimaiyyətini ayağa qaldıraraq yüksək inkişaf etmiş ölkələrə təzyiq göstərməkdir.
Yenə də bu kampaniya çərçivəsində Suriyadakı qarşıdurmalardan qaçan və qonşu ölkələrdə sağ qalmaq üçün mübarizə aparan qaçqınlarla bağlı "Çətinlik, ümid və yenidən məskunlaşdırma: Suriyadan gələn qaçqınlar hekayələri haqqında danışır" adlı yeni məruzə hazırlandı.
Məruzədə biçarə qalmış səkkiz ailənin həyatından bəhs edilərək böhranın insanlığa vurduğu zərər təsvir edilir. Məruzə bütün ictimaiyyətin diqqətini Suriya böhranının insanlığa vurduğu zərərə çəkdi.
Qaçqın və məcburi köçkünlərin hüquqları üzrə Beynəlxalq Amnistiya Təşkilatının rəhbəri Şərif əl Seyid-Əli "Məruzədə qeyd olunan bu rəqəmlər insanların gerçək hekayələrini təsvir edir" deyərək böhranın yaratdığı bu mənzərənin dəhşətinə diqqət çəkir.
Türkiyənin qaçqınlara dəstək zamanı tarixi və aparıcı rolu
Ölkələrin yerli əhaliləri ilə müqayisə etdikdə Suriyadan gələn qaçqınların ən çoxunu Türkiyənin öz bölgəsində yerləşdirdiyi açıq-aşkar görünür. Ölkədəki qaçqın sayının 1.6 milyondan çox olduğu təxmin edilir.
220 min qaçqın Türkiyədə tikilmiş 22 düşərgədə yerləşdirilib. Düşərgələrin olduqca yaxşı vəziyyətdə olmasına baxmayaraq, Suriyadan gələn qaçqınların 85 %-i hələ də bu düşərgələrdə yerləşdirilməyib. Təkcə İstanbulda Suriyadan gələn 330 minə yaxın qaçqın var.
Digər ölkələrdəki düşərgələrlə müqayisə etdikdə buradakı düşərgələrin şəraiti olduqca yaxşıdır. BMT-nin 2014-cü ildə Suriyadan gələn qaçqınlar üçün bölgənin maliyyələşdirilməsi ilə bağlı çağırışı çərçivəsində Türkiyə üçün ayrılan 497 milyon dollarlıq yardımın 2014-cü ilin 5 noyabrında təkcə 28%-i, yəni təxminən 140 milyon dollar Türkiyəyə çatdırıldı. Amma Türkiyə suriyalı qaçqınlar üçün öz büdcəsindən bunun təxminən 30 qatını, yəni 4 milyon dollar xərclədi.
2014-cü ilin oktyabrında suriyalı qaçqınların hüquqi statuslarının zəmanət altına alınması ilə bağlı Türkiyə müvəqqəti qoruma haqda qanun elan etdi. Amma qanun hələ tətbiq olunmayıb.
Bəhs edilən bu tarixi faciə zamanı Türkiyənin öhdəsinə götürdüyü bu ağır yük və mühüm rol göz önündədir. Amma bu gerçəyi bütün dünyanın görməsi və bu insanlıq dramı qarşısında isti evlərində, qarınları tox halda, sağlam, rahat, xoşbəxt və təhlükəsiz bir şəkildə oturan bütün insanların bir gün bəlkə də buna bənzər bir faciənin öz başlarına gələ biləcəyi ehtimalını bir anlıq da olsa düşünərək eyni diqqəti göstərməsi də bir o qədər vacibdir.
Adnan Oktarın Arabian Gazettedə yayımlanan məqaləsi:
http://www.arabiangazette.com/syrian-refugees-in-the-fourth-year-of-the-crisis/